Məhkəmə qərarları › İş №3(5-103)-1076/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1076/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1076/2026 13.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Qax rayonu, Ağçay kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qax rayonu Oncallı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi , ev 107B, mənzil 21 (Fövqəladə Hallar Nazirliyinin binası) ünvanında yaşayan Şəxs barəsində Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 13 fevral 2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini qərəzli şəkildə icra etməmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 protokolda göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs və digər cavabdehlər Fövqəladə Hallar Nazirliyinin balansında olan ünvan 2 ünvanında yerləşən 21 nömrəl 2 otaqlı xidməti mənzildən çıxarılması və həmin mənzilinin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuşdur, borclular şöbəyə dəvət edilərək icra sənədi barədə tanış olmuşlar, bu barədə bildiriş verilmişdir. Onlar qeyd edir ki, başqa yaşayış yerləri yoxdur. Hazırda qətnamə icra edilməmişdir. Həmçinin, qətnamə icra edilmədiyi üçün heç bir şikayət də daxil olmamışdır. Qətnamənin icra edilməsi ilə bağlı protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs bildirdi ki, onun oğlu 3-cü qrup əlildir, gəlini isə 1 ay işləmiş, sonradan hamiləlik səbəbi ilə işdən çıxarılmışdır. Onların başqa yaşayış yerləri yoxdur. Evi onlara verəndə “ev sizindir” deyilmişdir. Hazırda həmin binada yaşayan hər kəs onlar kimidir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar mənzildən çıxmaması öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2858/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs və digər cavabdehlər Fövqəladə Hallar Nazirliyinin balansında olan ünvan 2 ünvanında yerləşən 21 nömrəl 2 otaqlı xidməti mənzildən çıxarılması və həmin mənzilinin Fövqəladə Hallar Nazirliyinə təhvil verilməsi qət edilmişdir. Həmin icra sənədi əsasında icra məmuru xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək tələbin könüllü icrası üçün borclulara, o cümlədən Şəxs bildiriş göndərmişdir. Lakin bugünə qədər icra sənədinin icra edilməsi mümkün olmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 43.1-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar