Məhkəmə qərarları › İş №3(5-103)-1121/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1121/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1121/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X7 qızının katibliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-nin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində narkotik vasitə istifadəsi ilə məşğul olduğuna görə saxlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PŞ-nin sahə inspektoru, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün xx.xx.2026-cı il tarixdə saxlanılaraq, qan analizi götürülmüşdür, protokol tərtib olunmuşdur və məhkəməyə təqdim edilmişdir. Şəxs arvadı ağır xəsdədir, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı var, anası xadimədir. Arvadının xəstəliyini unutmaq üçün “nəyşə” (marixuana) istifadə edir. Başqa heçnə istifadə etmir. O, göstərilənləri nəzərə alaraq Şəxs barəsində yüngül növ inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 9 aydır arvadının ağır xəstəliyi aşkar olunub, müalicəsi üçün maşınını satıb. 1-2 dəfə narkotik vasitəni çəkəndən sonra rahatçılığ tapıb və hər şeyi unudub. Özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: inzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli AZA 001244 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi; Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, həmçinin ərazi narkolojı dispanserdə qeydiyyata alınması üçün qəbul edilmiş qərarın surəti icra edilməsindən ötrü Suraxanı RPİ-nin 32-ci PŞ-nin aidiyyatı əməkdaşa həvalə edilməsi qərara alınmışdır; xx.xx.2026-cı il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 514 nömrəli aktda görünür ki, Şəxs sidiyində MOP(+), MET(+), TML(+), PGB(+), MTD(+) və THC(+) aşkar olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilən ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair xx.xx.2026-cı il tarixli, 1291 nömrəli rəydən görünür ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar