Məhkəmə qərarları › İş №3(5-103)-1180/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1180/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1180/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili və nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 31 avqust 1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, X6 prospekti, ev 90, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, təxminən 10 gün əvvəl Zərərçəkmiş şəxs təhqir olunması ilə bağlı “102” qaynar xəttinə zəng edərək şikayət etmişdir. Zərərçəkmiş şəxs və Şəxs izahatları alınmışdır. Şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, teleaparıcıdır. Onun bir televiziya verilişində verdiyi müsahibəni kəsib “Tiktok” və digər sosial şəbəkələrdə paylaşmışlar. Həmin paylaşımın rəy bölümündə Şəxs tərəfindən ona qarşı təhqiramiz ifadə yazılmışdır. O, bu barədə hüquq mühafizə orqanına müraciət etmişdir. O, Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etdi ki, o, Zərərçəkmiş şəxs tanımır. Zərərçəkmiş şəxs müsahibəsi sosial şəbəkədə paylaşılmışdır. O həmin paylaşımın rəy bölməsində öz fikrini ümumi olaraq bildirmiş, təhqiramiz ifadə işlətməmişdir. “Tamada” və “Manıs” sözləri qadına aid sözlər deyildir. Əgər Zərərçəkmiş şəxs onun sözlərini təhqir olaraq qəbul edirsə, üzr istəməyə hazırdır. O, inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili və nümayəndəsi Vəkil qeyd etdi ki, burda heç bir təhqirdən söhbət gedə bilməz. Şəxs tərəfindən Azərbaycan leksikonunda istifadə olunmuş və qadağan olunmamış sözlərdən istifadə olunaraq münasibət bildirilmişdir. Həmin fikir lovğalanmaq, özünü yüksək tutmaq mənasını daşıyır. Göstərilənlərə əsasən inzibati icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nə ünvanlanmış izahatından görünür ki, izahatda aşağıdakılar qeyd edilmişdir: “xx.xx.2026-cı il tarixdə Tiktok sosial şəbəkəsində “100 maqazin” səhifəsində onun müsahibəsi ilə bağlı video paylaşılmışdır. xx.xx.2026-cı il tarixdə o, bu videonun rəylərinə baxarkən “nomorecoment” adlı istifadəçinin onun barəsində yazdığı rəyi görmüşdür. Həmin istifadəçi belə qeyd etmişdir: “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də bunlar da daha çox qudururlar.” Yazılan rəylərdə mənfi kəlimələr ona və ailə üzvlərinə pis təsir etmişdir. Ailəsində yaşanan narahatlıq ona da mənfi təsir etdiyinə görə, həmçinin izləyicilərində yaranan ikrah hissi bu rəyə diqqəti daha da artırmışdır”; Şəxs tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nə ünvanlanmış izahatından görünür ki, izahatda aşağıdakılar qeyd edilmişdir: “Tiktok sosial şəbəkəsində yazdığı rəydə, yəni “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir. Ona görə də onlar da daha çox qudururlar” o, Könül xanıma təhqiredici bir ifadə yazmamışdır. Sadəcə öz fikrini bildirmişdir. Rəydən göründüyü kimi orada ad çəkilməyib, ümumi fikir bildirmişdir. Bu rəy səhv başa düşüldüyü üçün və o da öz fikrini, ola bilsin ki, düzgün ifadə edə bilmədiyi üçün Tiktok sosial şəbəkəsindən silmişdir. Əgər onun sözləri təhqir kimi başa düşülübsə üzrxahlığını bildirir. Onun əsla kimisə təhqir etmək fikri olmamışdır”; çıxarışdan görünür ki, sosial şəbəkədə “nomorecoment” adlı istifadəçi “Tamada və manıslara dəyərindən çox pul vermək qudurmuşların əməlidir, ona görə də bunlar da daha çox qudururlar” ifadəsini yazmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə Şəxs əməli sübuta yetirilmişdir. Bununla da, Şəxs fiziki şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanunun 13-2.3.9-cu maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yerləşdirilməsinə yol verilməyən məlumatlardan biri də təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlardır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Göyüşov X3 Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar