Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1249/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Məmməd Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamvedi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X6 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, Fin: 7EKH667 işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 33-cü polis şöbəsindən daxil olmuş 20 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə ünvan 3 ünvanında yerləşən “Məhlə” marketdən 87 manat dəyərində olan müxtəlif növ tütün məmulatlarını və ərzaq məhsullarını oğurlamışdır. Zərərçəkmiş şəxs X3 xx.xx.2026-cı il tarixdə Suraxanı RPİ-nin 33-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən “Məhlə” marketi icarəyə götürüb işlədir. O, xx.xx.2026-cı il tarixdə saat 07:15 radələrində mağazaya gələrkən giriş qapısının sındırılmış vəziyyətdə açıq olduğunu aşkar etmiş, mağazaya daxil olduqda ordan tütün məhsullarının və müxtəlif ərzaq məhsullarının oğurlanmasını aşkar etmişdir. Ümumilikdə mağazadan təxminən 87 manat dəyərində oğurluq edilmişdir. Bu barədə qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis şöbəsinin təhqiqatçısı, Valeh Əliyevin 09 fevral 2026-cı il tarixli qərarı ilə zərərçəkmiş şəxs X2 şikayəti əsasında cinayət təqibinin başlanması rədd edilmiş, oğurluq etmiş naməlum şəxsin gələcəkdə yeri müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti 33-cü polis şöbəsinin müvafiq əməkdaşına göndərilmişdir. Buna görə də 20 fevral 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X7 verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə X1 Rayon Polis İdarəsinin 33-cü Polis şöbəsinə ərizə ilə müraciət etmiş, xx.xx.2026-cı il tarixdə saat 07:15 radələrində ünvan 4 ünvanında yerləşən “Məhlə” marketinə gələrkən giriş qapısının sındırılmış vəziyyətdə açıq olduğunu aşkar etmiş, mağazaya daxil olduqda ordan tütün məhsullarının və müxtəlif ərzaq məhsullarının oğurlanmasını görmüş, nəticədə ona 87 manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis şöbəsinin əməkdaşlarının keçirdikləri ƏAT nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəxs saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis şöbəsinə gətirilmiş, Şəxs izahatında törətdiyi əməli səmimi etiraf etmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması xx.xx.2026-cı il tarixdə rədd edilmişdir. Buna görə də 20 fevral 2025-ci il tarixdə tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, səhər saat 07 radələrində “Məhəllə” marketin qarşısından keçərkən, marketin qapısını dartıb açmış içəri daxil olaraq iki blok və bir-iki paçka siqaret götürüb evə qayıtmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tam ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, X3 həmin tarixdə Suraxanı RPİ-nin 33-cü PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən “Məhlə” marketindən tütün məhsulları və müxtəlif ərzaq məhsulları oğurlanmış nəticədə ona təxminən 87 manat məbləğində maddi ziyan dəymişdir. Daxil olan müraciət Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis şöbəsinin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 179 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis şöbəsinin təhqiqatçısı, Valeh Əliyevin 09 fevral 2026-cı il tarixli qərarından görünür ki, vurulmuş ziyanın məbləği 100 manatdan az olduğu üçün CPM-nin 39.1.2-ci maddəsinə əsasən CM-nin 177-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs X2 işlədiyi mağazadan oğurluq etmiş naməlum şəxsin gələcəkdə yerinin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti 33-cü polis şöbəsinin müvafiq əməkdaşına göndərilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli izahatdan görünür ki, Şəxs törətmiş olduğu əməli səmimi olaraq etiraf etmiş və əməlindən peşmandır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, X3 Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis şöbəsinə müraciət edərək xx.xx.2026-cı il tarixdə baş vermiş oğurluq hadisəsi zamanı ona dəymiş ziyanın Şəxs tərəfindən tam olaraq ona ödənildiyi və heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun etirafedici izahatı, zərərçəkmiş şəxsin ərizəsi, həmçinin inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla kifayət qədər təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını, zərərçəkmiş şəxsin ərizəsini, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 6-cı fəslində inzibati məsuliyyətdən azad etmə hissəsində 39.2-ci maddəsinə əsasən “bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığına görə inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №3(5-103)-1249/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1249/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver