Məhkəmə qərarları › İş №3(5-103)-1250/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1250/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1250/2026 20.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Məmməd Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Beynəlxalq hava limanında operator vəzifəsində işləyən, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə tiktok sosial şəbəkəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi məktəb ləvazimatları satılan dükanın qarşısının şəklini çəkərək “bu yol Günəşli yoludur bu hissədə maşın saxlamayın, burada maşın saxlayanların hamısını 40 manat 2 bal cərimələyirlər” məzmununda paylaşım etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 388-1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərdi ki, 20 fevral 2026-cı il tarixində Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 33-cü polis şöbəsinin əməliyyat müvəkkili Emin Quliyev tərəfindən tərtib edilmiş raport onun icraatına daxil olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə tiktok sosial şəbəkəsində Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi məktəb ləvazimatları satılan dükanın qarşısının şəklini çəkərək “bu yol Günəşli yoludur bu hissədə maşın saxlamayın, burada maşın saxlayanların hamısını 40 manat 2 bal cərimələyirlər” məzmununda paylaşım etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtb edərək baxılması üçün Suraxanı Rayon Məhkəməsinə təqdim etmişdir. Şəxsin əməli bundan ibarətdir. İnzibati xəta haqqında protokola xitam verilməsini istəyir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, iki gün əvvəl yaşadığı ünvandan 200 m qarşıda Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində avtomobilini saxlayarkən 40 manat cərimə olunmuşdur. Maarifləndirmək məqsədi ilə həmin yerin şəklini çəkərək paylaşmış, şərh yerinə isə “bu yol Günəşli yoludur bu hissədə maşın saxlamayın, burada maşın saxlayanların hamısını 40 manat 2 bal cərimələyirlər” yazmışdır. Paylaşım edərkən təhqir və ya təxribat məqsədi güdməmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 388- 1.1-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 388-1.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: 388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə, 388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Şəxs tik-tok sosial şəbəkəsində Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində məktəb ləvazimatları satılan dükanın qarşısının şəklini çəkərək “bu yol Günəşli yoludur bu hissədə maşın saxlamayın, burada maşın saxlayanların hamısını 40 manat 2 bal cərimələyirlər” məzmununda paylaşım etmişdir. İş materiallarına əlavə edilmiş şəkildən görünür ki, 77.752 adlı tik-tok istifadəçisi bir neçə nəqliyyat vasitəsinin dayandığı küçənin şəklini çəkərək paylaşım etmişdir. Çıxarışda “Çıxış edən şəxs: bu yol Günəşli yoludur bu hissədə maşın saxlamayın, burada maşın saxlayanların hamısını 40 manat 2 bal cərimələyirlər” yazısı qeyd edilmişdir. İnzibati xəta haqqında işin materiallarını ətraflı tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəxs tik-tok sosial şəbəkəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsində yerləşən məktəb ləvazimatları satılan mağazanın qarşı hissəsinin fotoşəklini paylaşmış və şərh bölməsində “bu yol Günəşli yoludur, bu hissədə maşın saxlamayın, burada maşın saxlayanların hamısını 40 manat 2 bal cərimələyirlər” məzmunlu məlumat yerləşdirmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən edilmiş paylaşımın “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3-cü maddəsi ilə qadağan olunmuş informasiya kateqoriyasına aid olub-olmamasını müəyyən etməklə əmələ düzgün hüquqi qiymət vermək olar. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; 13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; 13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar; 13-2.3.3-1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatlar (dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna olmaqla); 13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; 13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; 13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; 13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar; 13-2.3.7. qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla); 13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; 13-2.3.8-1. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); 13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; 13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; 13-2.3.10-1. insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; 13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş paylaşım məzmun etibarilə yuxarıda qeyd edilən kateqoriyaların heç birinə uyğun gəlmir. Paylaşım həmin ərazidə nəqliyyat vasitələrinin dayanmasına görə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı olub məlumatlandırma xarakteri daşıyır. Paylaşılmış məlumatın həqiqətə uyğun olub-olmaması məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, araşdırma zamanı məlumatın yalan olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən paylaşılmış məlumat özlüyündə yalan olsa belə Qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş yayılması qadağan edilən informasiya kateqoriyasına aid edilə bilməz. Belə ki, yalan məlumatlar o zaman Qanunun 13-2.3-cü maddəsinin təsir dairəsinə düşə və inzibati məsuliyyətin yaranmasına səbəb ola bilər ki, belə məlumatlar insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi üçün real təhdid yaratsın. (“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.10-1-ci maddəsi). Məhkəmə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Şəxs əməlində İXM-nin 388- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə işin hallarını və iş üzrə toplanmış sübutları nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində başlanmış icraata onun əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati məsuliyyətdən azad edilsin və onun barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar