Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1497/2026 03.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ermənistan Respublikası, Böyük Qarakilsə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə həmin protokol üzrə sənədlər natamam olduğundan və aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmışdır. Daha sonra, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs DİN-in 102 xidmətinə zəng vuraraq əməkdaşı təhqir etmiş, həmçinin polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, ilk əvvəl protokolu Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərtib edərək Xəzər Rayon Məhkəməsinə göndərmiş, məhkəmə şəxsin yaşayış yeri Suraxanı olduğundan protokolu geri qaytarmış, həmin material Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsinə göndərilmişdir. Buna görə də o, Şəxs barəsində protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, başqa bir hadisədə o, zərərçəkmiş şəxsdir, lakin barəsində şikayət etdiyi şəxs ondan əvvəl polis bölməsindən çıxıb getmişdir. Buna görə də o, 102 xidmətinə zəng etmiş, əsəbi olduğundan həmin formada danışmışdır. Polis əməkdaşları onu polis bölməsinə həmin hadisə ilə bağlı çağırmış, lakin onda polisə inamsızlıq yarandığından polis bölməsinə getməmişdir. O, barəsində cərimə tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşı tərəfindən tərtib olunan raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin məktubu icraata daxil olmuşdur. Məktubda xx.xx.2026-cı il tarixdə saat 20:00 radələrində X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə DİN-nin 102 “Xidməti-Zəng” mərkəzinə zəng edərək operatora nalayiq sözlər deməsi qeyd edilmişdir. Daxil olmuş məktub ilə əlaqədar Xəzər RPİ 3-cü PŞ-nin əməkdaşları Şəxs yaşadığı ünvana getmiş, ünvanda olarkən Şəxs onlarla uca səslə danışaraq, nalayiq sözlər işlədərək ictimai asayişi kobud surətdə pozmuş, ona yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsi nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz qanunsuz əməllərinə davam etmişdir. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinə gəlməkdən imtina etmişdir. Onlar həmin şəxsi polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1983-cü ildə Ermənistanda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, yeni sahədə yaşayan Şəxsdur; inzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli, AZA 028624 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:30-da inzibati qaydada tutulmuşdur; iş materiallarına Şəxs DİN-nin 102 “Xidməti-Zəng” mərkəzinə zəng edərək operatora nalayiq sözlər deməsinə dair səs yazısının olduğu bir ədəd disk əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Göstərilən Qanunun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyrimüəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda göstərilən qanunvericiliyin və plenum qərarının tələbindən aşkar görünür ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində aşağıdakı qaydada göstərilmişdir: 510.1. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 510.2. İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 510.3. Bu Məcəllənin 510.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə işin faktiki hallarını iş üzrə mövcud sübutlarla müqayisəli tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs DİN-in 102 qaynar xəttinə zəng edərək, xidməti vəzifəsini icra edən, yəni vətəndaşlardan daxil olan müraciətlərin qəbulunu və rəsmiləşdirilməsini həyata keçirməklə, ictimai faydalı xidməti yerinə yetirən operatora təhqiredici ifadələr işlətməklə, həmin dövlət orqanının normal fəaliyyətini pozmuş və nəhayət ictimai qaydanın təmin edilməsinə xələl gətirmişdir. Şəxs ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətləri kütləvi nümayiş etdirilməmiş, qaynar xəttdə qeydə alınan danışıqlar, xidməti vəzifəsini icra edən şəxslə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin arasında mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati protokolu tərtib edən şəxs Şəxs əməlini əvvəlcə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə, daha sonra həmin Məcəllənin 510-cu vı 535.1-ci maddələri ilə təqsirli hesab etsə də, onun əməli İXM-nin 510.1-ci maddəsinə tövsif edilməli və Şəxs həmin maddə ilə və İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Şəxs əməlini səmimi etiraf edərək peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Rəhimov X3 Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli 28 fevral 2026-cı il tarixdən saat 14:30-dan hesablanmalıdır. Eyni zamanda Şəxs 48 saatdan artıq inzibati qaydada tutulması ilə bağlı Suraxanı rayon prokurorluğuna məlumat verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhəkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 28 fevral 2026-cı il tarixdən saat 14:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs 48 saatdan artıq inzibati qaydada tutulması ilə bağlı Suraxanı rayon prokurorluğuna məlumat verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(5-103)-1497/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1497/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver