Məhkəmə qərarları › İş №3(5-103)-1535/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-1535/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-1535/2026 05.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəmənin icraatına 04 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Materialdan görünür ki, Şəxs DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin 18 oktyabr 2025-ci il tarixli EQ seriyalı 31382095 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçməsinə baxmayaraq həmin cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 05 fevral 2026-cı il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin 18 oktyabr 2025-ci il tarixli EQ seriyalı 31382095 nömrəli qərarına əsasən tərtib edilmiş xx.xx.2026-cı il tarixli protokol üzrə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı qəbul edilmiş cərimə qərarlarının icra edilməməsinə görə tərtib edilir. İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 469.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aid olmadığından həmin maddənin tələblərinin pozulması ilə bağlı cərimə qərarının qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaratmır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materialında olan 18 oktyabr 2025-ci il tarixli EQ seriyalı 31382095 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə olunmuş, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə qeyd olunmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb Şəxs ilə əlaqədar olan sübutları nəzərdən keçirib bu nəticəyə gəlirəm ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə əməlində inzibati xətanın tərkibi olmadığından inzibati məsuliyyətdən azad olunmalı və həmin iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati məsuliyyətdən azad edilsin və onun barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar