Məhkəmə qərarları › İş №3(5-103)-2/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(5-103)-2/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-103)-2/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 25 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “X5" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolun məzmunu və tərtib edilmə qaydası ilə tanış olduqda müəyyən edilir ki, Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin tələblərinin, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının kobud şəkildə pozulması ilə aparılmışdır və bu hal protokolun huquqı qüvvəsim istisna edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə" fərmanına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankı adından inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti yalnız fərmanda birbaşa göstərilən vəzifəli şəxslərə məxsusdur. Məhz bu fərman İXM-nin 430.4-cü maddəsinin tətbiq mexanizmini müəyyən edən normativ hüquqi aktdır və məcburi xarakter daşıyır. Lakin mübahisəli protokol X6 və təşkilati işlər departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi tərəfindən tərtib edilmiş və imzalanmışdır. Qeyd olunan vəzifə Prezident fərmanında inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olan şəxslərin siyahısına daxil deyildir. Həmin fərmanda Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, departament direktorları, şöbə rəisləri, X2 Muxtar Respublikası İdarəsinin rəhbəri, onun müavini siyahıda qeyd edilmişdir. Bu səbəbdən protokol səlahiyyətsiz şəxs tərəfindən tərtib edilmiş hesab olunur və İXM-nin 430.4-cü maddəsinə əsasən belə protokol inzibati məsuliyyət üçün hüquqi əsas yarada bilməz. Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Həmin maddəyə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində icraat aparılan şəxs və ya onun qanuni nümayəndəsi iştirak etməli, ona hüquq və vəzifələri izah edilməli və izahat vermək imkanı yaradılmalıdır. Lakin 25 dekabr 2025-ci il tarixli protokolda “X5" MMC- nin nümayəndəsinə dair hissə tamamilə boş saxlanılmış, nümayəndənin protokolun tərtibində iştirakı, çağırılması və ya iştirakdan imtinası barədə heç bir qeyd aparılmamışdır. Bu hal şirkətin müdafiə hüququnun təmin edilmədiyini və inzibati icraatın prosessual normalara zidd şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir. Bundan əlavə, protokolda barəsində icraat aparılan şəxsin izahatının məzmunu üçün nəzərdə tutulmuş hissə də boş buraxılmışdır, izahatın alınmaması və ya bu imkanın yaradılmaması inzibati icraatın əsas prinsiplərindən olan müdafiə hüququnun pozulması deməkdir. Məhkəmə təcrübəsinə görə, izahat verilmədən və ya bu hüquq təmin edilmədən tərtib edilmiş protokol etibarsız hesab edilir və belə protokola əsasən inzibati məsuliyyətə cəlb etmə yolverilməzdir. Beləliklə, mübahisəli protokolun səlahiyyətsiz şəxs tərəfindən tərtib edilməsi, "X5” MMC-nin nümayəndəsinin iştirakı təmin edilmədən icraatın aparılması və izahat bölməsinin boş saxlanılması inzibati icraat zamanı aradan qaldırıla bilməyən əsaslı prosessual pozuntulardır. Bu pozuntular Azərbaycan Respublikasının İnzibati Xotalar Məcəlləsinin 100.1 vo 430.4-cü maddələrinin tələblərinə zidd olmaqla yanaşı, protokolun hüquqi qüvvəsini tamamilə istisna edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı məhkəmə müəyyən etdi ki, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 106.0.2 – 106.0.6-cı maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: «işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı». Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı"nın 15.0.-cı bəndində qeyd edilmişdir ki: "15.0. Məcəllənin 414 - 427,428.8, 430.3, 430.4, 432.4 (banklara münasibətdə), 433, 435, 436, 438.1, 439, 439-1, 439-2, 440.1, 440.2, 457 (bank fəaliyyəti sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi qaydalarının pozulması ilə əlaqədar inzibati xətalar haqqında işlərə), 462 (bank olmayan kredit təşkilatlarına, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə, investisiya fondlarına və onların idarəçilərinə, həmçinin sığorta, təkrarsığorta və sığorta vasitəçiliyinə münasibətdə), 463, 468, 470, 472 - 476, 478 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Mərkəzi Bankın sədri, onun müavinləri, baş direktorları, departament direktorları, şöbə rəisləri, X2 Muxtar Respublikası idarəsinin rəhbəri, onun müavini Azərbaycan Respublikasının Mərkəzi Bankı adından İnzibati xətalar haqqında işlərə baxa bilər. Lakin, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 25 dekabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Hüquq və təşkilatı işlər departamentinin İnzibati icaat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X1 tərəfindən imzalanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında qeyd etmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməli, süründürməçiliyə yol vermədən, həmin işlərə qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət etməklə baxmalıdırlar. Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankına geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair 25 dekabr 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar