Məhkəmə qərarları › İş №3(5-103)-263/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-263/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-263/2026 05.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi ilə, xx.xx.1992-ci il tarixdə Neftçala Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:50 radələrində sahildən 13.2 mil-də təyin olunmuş üzmə millini (2 mil) keçərək inzibati xəta törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsi və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin səlahiyyətli nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 302 nömrəli gəmi xx.xx.2025-ci il tarixdə saat 09:50 radələrində xidmətdə olduğu zaman taxta tipli, üzərində 2 (iki) ədəd “Yamaha-60” markalı asma mühərrikli “HÖ-1707” bort nömrəli qayıqla Neftçala rayonunda anadan olan və Neftçala rayonu, Mikayıllı kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü X2 və Neftçala rayonunda anadan olan və Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Şəxs sahildən 13.2 mil məsafədə dənizdə balıq ovu ilə məşğul olmuşdur. Gəmi tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa yoxlama keçirilmişdir. "Nazirlər kabinetinin” xx.xx.1992-ci il tarixli 560 saylı qərarının 2 nömrəli əlavəsinə və xx.xx.2015-ci il tarixli 296 saylı qərarına əsasən qayığa sahildən 2.0 mil məsafədə balıq ovu ilə məşğul olmağa icazə verilməsinə baxmayaraq sahildən 13.2 mil məsafədə dənizdə balıqçılıq fəaliyyəti ilə məşğul olmaları aşkar olunmuş və yuxarıda adları göstərilən şəxslər su sərhəd rejim pozucusu qismində saxlanılmışdır. Sahil Mühafizəsinin işçisi X1 və X3 oğlunun izahatlarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:50 radələrində xidmətdə olduğu zaman taxta tipli, üzərində 1 (bir) ədəd “Yamaha-60” markalı asma mühərrikli “HÖ-1707” bort nömrəli qayıqla Neftçala rayonunda anadan olan və Neftçala rayonu, Mikayıllı kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü X2 və Neftçala rayonunda anadan olan və Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan xx.xx.1992-ci il ci il təvəllüdlü Şəxs sahildən 13.2 mil məsafədə dənizdə balıq ovu ilə məşğul olmuşdur. Gəmi tərəfindən sərhəd rejim qaydalarını yoxlamaq məqsədilə qayığa yoxlama keçirilmişdir. “Nazirlər kabinetinin” xx.xx.1992-ci il tarixli 560 saylı qərarının 2 nömrəli əlavəsinə və xx.xx.2015-ci il tarixli 296 saylı qərarına əsasən sahildən 13.2 mil məsafədə dənizdə balıqçılıq fəaliyyəti ilə məşğul olmaları aşkar olunmuş və yuxarıda adları göstərilən şəxslər su sərhəd rejim pozucusu qismində saxlanılmışdır. Şəxs Sahil Mühafizəsinə ünvanlanmış izahatından görünür ki, “Mənə verilən suallara cavab olaraq aşağıdakıları izah edə bilərəm ki, 17 dekabr 2025-ci il tarixdə saat 09:50 radələrində Xəzər dənizinə balıq ovuna çıxmışdım. Sahildən 13.2 mil aralıda dənizdə balıq ovu ilə məşğul olmuşam. Bu zaman sərhədçilər tərəfindən qanunla müəyyən edilmiş qaydada rejimi pozduğuma görə saxlanılmışam.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 571-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə - gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 571-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar