Məhkəmə qərarları › İş №3(5-103)-268/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-268/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-268/2026 04.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Suraxanı Rayon İcra X1, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, "xxxx"Məhdud Məsliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin e-2-2(113)-3596/20255 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu "xxxx"Məhdud Məsliyyətli Cəmiyyətinin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 23 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, "xxxx"Məhdud Məsliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3596/20255 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Hazırda borclunun 17344 manat məbləğində borcu vardır. Borcluya məhkəmə tərəfindən müyyən vaxt verilsə də, heç bir ödəniş edilməmişdir. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əzizxan Eminov protokolda göstərilənlərə uyğun izahat verərək, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında protokolda yazılanları təsdiq etdiyini və borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icra işini, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, "xxxx"Məhdud Məsliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3596/20255 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da "xxxx"Məhdud Məsliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: "xxxx"Məhdud Məsliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3596/20255 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 16.177,84 manat əsas borc, 2912,01 manat ƏDV məbləği, 500 manat dəbbə pulu, cəmi 19589,85 manat borc məbləği, vəkil xərcinin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 167 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətinə icraata başlama haqqında qərarın surəti göndərilmiş və "xxxx"Məhdud Məsliyyətli Cəmiyyəti Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3596/20255 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsliyyətli Cəmiyyəti icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətinin hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar