Məhkəmə qərarları › İş №3(5-103)-58/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(5-103)-58/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-103)-58/2026 15.01.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Ağdam rayonu, Keşdazlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bərdə rayonu, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.20266-cü il tarixdə Suraxanı rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, inzibati xətanı törətdiyi vaxt içkili olmuşdur. Əməlindən peşmandır. Himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğunu, Vətən müharibəsi iştirakçısı olduğunu, müharibə zamanı xəsarət aldığını nəzərə alaraq barəsində az həddə cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Suraxanı RPİ-nin 32-ci PŞ-nin məsul növbətçisi, polis mayoru Amil Qurbanov tərəfindən Bakı şəhər Suraxanı RPİ-nin 32-ci PŞ-nə ünvanlanmış xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 23:52 dəqiqədə AR DİN-in 102 ZMXnə verdiyi məlumat əsasında əməliyyat qrupunun üzvləri tam tərkibdə hadisə yerinə getmiş, spirtli içkinin təsiri altında olduğu, özünə və digər şəxslərə xəsarət yetirmək təhlükəsi olduğu üçün xx.xx.1989-cu il təvəllüdlü Ağdam rayonunda anadan olmuş, Şəxs, PŞ-nə dəvət edilmişdir. Şəxs PŞ-də olan zaman spirtli içki təsiri altında sərxoş olduğundan öz hərəkətlərini idarə etmək iqtidarında olmadığı üçün PŞ-nin növbətçi hissəsinin iş rejimini pozmuş, eləcə də polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq PŞ-nin inzibati binasında yerləşən saxlama yerinə fiziki (təpik, yumruqla) zərbələr endirmişdir; inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə sərxoş vəziyyətdə Bakı şəhəri Suraxanı rayonu ərazisində polis əməkdaşının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə 01:00-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən verilən sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 2/2582 nömrəli protokolun surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğun dərəcəsi orta dərəcəlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində polis əməkdaşlarının ictimai qaydanı pozmaması barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Əsədov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, himayəsində yetkinlik yaşına çatmayan uşağı olduğunu, Vətən müharibəsi iştirakçısı olduğunu, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əsədov X4 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar