Məhkəmə qərarları › İş №3(5-103)-783/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(5-103)-783/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-103)-783/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: 06 fevral 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-208/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı X3 xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada 30 aprel 2024-cü il tarixdə icraata başlanılmış, cavabdehə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə cavabdehin ünvanına göndərilmişdir. Bundan əlavə cavabdehin izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. xx.xx.2025-ci il tarixdə Şəxs barəsində axtarış verilmiş və Şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı Rayon İcra Şöbəsinə könüllü gəlmiş və izahatı alınmışdır. Borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini icra etməmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 208/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2023-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı X3 xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrə hər ay mütəmadi olaraq aliment üzrə ödənişləri etsə də, məbləğləri tam ödəyə bilmir, yəni maddi imkanı buna yol vermir. Bu səbəbdən aliment üzrə borcları vardır. Özü taksi fəaliyyəti ilə məşğul olur. Məhkəmədən bunları nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-208/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdən başlayaraq uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı X3 xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu Şəxs bütün borcu ödəməsini xahiş edir, Şəxs borcu verməyəcəyini bildirir. Buna görə də, borclu Şəxs barəsində daha ciddi inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zamanı müəyyən ounur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(010)-2870/2025 saylı (hakim Ü.Mirzəyevanın sədrliyi ilə) qərarından görünür ki, Mehdiyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-208/2024 saylı xx.xx.2024cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, cavabdeh Şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-208/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna və zəruri sübutlar toplanmadığına görə geri qaytarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(010)-2870/2025 saylı qərarından müəyyən olunur ki, borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-208/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi ilə icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etmədiyi üçün İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı töərtmişdir, belə ki, onun hazırda aliment borcu 2500 manat təşkil edir. Həmin qərarla, Mehdiyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati həbs edilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(010)-2870/2025 saylı qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilmişdir. Lakin buna baxmayaraq icra məmuru tərəfindən borclu Şəxs barəsində inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsaslanaraq tərtib olunmuşdur. Odur ki, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru A.Yusibov yuxarıda göstərilən halları araşdırmadan hazırki inzibati xəta protokolunu məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsində və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsində ifadə olunur. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 528.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmağa hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 06 fevral 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokol Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar