Məhkəmə qərarları › İş №3(5-104)-1157/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1157/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1157/2026 09.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 27361578 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 27361578 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən baxılması üçün qarşı tərəfə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il ildə onun barəsində tərtib olunmuş EQ/ 27361578 saylı elektron qərardan məlumatı olmayıb. EQ/ 27361578 saylı qərarın əsassız olmasını və müddətin keçməsini nəzərə alaraq qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs verdiyi izahatında göstərmişdir ki, onun 85 yaşı var, Kinematoqrafiya İttifaqının üzvü, daha sonra Ümumdünya Kinematoqrafiya Konfederasiyasının üzvüdür. Paralel olaraq Quranın tərcüməsi ilə məşğul olmuşdur. Nəqliyyat vasitəsində olan cərimələri barədə ona heç vaxt məlumat verilməmişdir, xəbəri belə olmayıb. Hazırda ona köməklik edilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 27361578 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXMnin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 27361578 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 15 aprel 2025-ci il tarixdə saat 13:03-də M.Əliyev küçəsi Azərbaycan prospekti istiqaməti 1-də yolda sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 469.3-cü və 332.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd edilən 10 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 27361578 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXMnin 469.3-cü və 332.3-cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X9 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2025ci il tarixli, EQ/ seriyalı 27361578 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2025-ci il tarixli, EQ/ seriyalı 27361578 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar