Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1288/2026 12.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx.xx.1971-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Cəbrayıl rayonu Qumlaq kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri AAAF park yaşayış kompleksi 22-ci məhəllə, bina 2, mənzil 25 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 8 iyul 2025-ci il tarixdə idarə etdiyi “X7 111 CDİ” minik markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.1984-cü il təvəllüdlü X3 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü inzibati xəta hadisəsində təqsirli bilərək, barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 10 iyul 2025-ci il tarixli 567 nömrəli rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarət - sağ said nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 08 iyul 2025-ci il tarixdə yol- nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 07 avqust 2025-ci il tarixli 566 nömrəli rəyindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən sonra xx.xx.2025-ci il tarixdə "Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu" publik hüquqi şəxsinə müraciət etmiş və ona "Sol aşıq baldır oynağı nahiyəsinin əzilməsi, hematoması" diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. 8 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X2 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış HK-1/1029 saylı materialda və “X7 111 CDİ” minik markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası CMnin 263.1 və 263.1-1-ci maddələrinin tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 8 avqust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, “X7 111 CDİ” minik markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. 23 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 8 iyul 2025-ci il tarixdə idarə etdiyi “X7 111 CDİ” minik markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.1984-cü il təvəllüdlü X3 yüngül dərəcəli bədən xəsarəti yetirmiş, nəticədə Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, 08 iyul 2025-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov və A.M.Şərifzadə küçələrinin kəsişməsində yolu piyada keçidindən piyada qismində keçərkən yanında qohumu Məqsudə və 17 yaşlı qızı Lamiyə olmuş, həmin vaxt H.Zərdabi prospekti tərəfdən qara rəngli avtomobil onun sol ayaq nahiyəsindən vurmuşdur. Daha sonra sürücü avtomobili saxlamadan sürüb getmişdir. Həmin vaxt o, ayağında heç bir ağrı hiss etməmiş və yoluna davam etmişdir. Yaşadıqları Xocahəsən qəsəbəsinə çatanda ayağında ağrılar hiss etməyə başlamış, bundan sonra Təcili Yardıma məlumat vermiş və Təcili Yardım evə gedib onu Travmatalogiya İnstitutuna aparmışdır. Orada müayinə və müalicə olunduqdan sonra evə buraxılmışdır. X4 əlavə olaraq bildirmişdir ki, onu vuran nəqliyyat vasitəsinin markası, nömrəsi, habelə sürücünün şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, Cəbrayıl rayonu Qumlaq kəndində qeydiyyatda olsa da, hazırda ünvan 1 ünvanında yaşayır. O, 08 iyul 2025-ci il tarixdə təxminən saat 11 radələrində özünə məxsus X7 111 CDİ minik markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsi ilə üzü Kənar Dairəvi yol istiqamətinə gedərkən, M.Xiyabani küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında avtomobili saxlamış və bir neçə saniyədən sonra işıqforun yaşıl işığı yananda avtomobili hərəkətə gətirib yoluna davam etmək istəmişdir. Həmin vaxt M.Xiyabani küçəsindəki piyada zolağından yolu soldan sağa keçmək istəyən qadınlar qəflətən onun idarə etdiyi avtomobilin qarşısına çıxmışlar və o, həmin qadınları görən kimi əyləci basıb avtomobili saxlamışdır. Həmin qadınlar yolu keçdikdən sonra o, avtomobili sürüb oradan getmişdir. Sonradan polis idarəsinə dəvət olunanda ona məlum olmuşdur ki, həmin qadınlardan biri hadisə zamanı xəsarət alması ilə bağlı xəstəxanaya müraciət etmişdir. Lakin o, həmin vaxt idarə etdiyi avtomobillə həmin qadınları və ya orada hansısa digər piyadanı vurmamışdır. Piyadanı vurmadığına görə də, yəni heç bir yolnəqliyyat hadisəsi baş vermədiyinə görə hadisə yerindən çıxıb getmişdir. Buna görə də özü barədə zəruri məlumatları həmin piyada qadınlara bildirməmişdir. Şəxs əlavə olaraq bildirmişdir ki, hadisə zamanı ona məxsus avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. O, ümumiyyətlə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. O, həmin piyada qadınların yolu piyada zolağı ilə qarşı tərəfə keçdiklərini təxminən 1-2 metr məsafədən görmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 8 iyul 2025-ci il tarixdə idarə etdiyi “X7 111 CDİ” minik markalı, **-TG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.1984-cü il təvəllüdlü X3 yüngül dərəcəli bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” sonuncu qərar 8 avqust 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq inzibati xəta haqqında 23 yanvar 2026-cı il tarixli protokol 2 fevral 2026-cı il tarixdə məhkəməyə göndərilmiş, həmin protokol və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 2 fevral 2026-cı il tarixdə daxil olmuş, məhkəmə iclası isə xx.xx.2026-cı il tarixə, saat 15:00-a təyin edilmişdir ki, bununla da həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 38.3, 40, 43, 48-51, 61, 114, 128-131ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş 23 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(5-104)-1288/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1288/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver