Məhkəmə qərarları › İş №3(5-104)-1289/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1289/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1289/2026 09.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Şikayət vermiş şəxs – X2, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə X2 Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, barəsində sürücülük hüququnun məhdudlaşdırılmasının qərar təqdim edilmədən tətbiq olunması faktına hüquqi qiymət verilməsini, işin mahiyyəti üzrə araşdırma başa çatanadək elektron sistemdə tətbiq edilmiş sürücülük hüququ məhrumiyyətin müvəqqəti aradan qaldırılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixində saat təxminən 11:00 radələrində Yasamal rayonu, Ayna Sultanova küçəsi ərazisində svetoforun sarı işığında hərəkət zərurəti yarandığı üçün yoluna davam etmişdir. Bu zaman 458 nömrəli yol-patrul əməkdaşı tərəfindən saxlanılmış və sarı işıqda keçdiyinə görə barəsində cərimə tətbiq olunacağı, 19 cərimə balının olduğu və bu cərimədən sonra sürücülük hüququna məhrumiyyət veriləcəyi şifahi bildirilmişdir. Hadisə yerində heç bir inzibati xəta protokolu tərtib edilmədi, ona protokolun surəti təqdim olunmadı. Buna baxmayaraq avtomobili heç bir yazılı sənəd olmadan duracağa yerləşdirildi və ona Bakı şəhər Baş X5 İdarəsinin 27-ci otağına yaxınlaşmağı bildirildi. 27-ci otaqda Elçin Qasımov tərəfindən qəbul olundu və barəsində tərtib edilmiş protokolun təqdim edilməsini tələb etdi. Protokolun təqdim edilməməsini və avtomobilinin yazılı əsas olmadan duracağa yerləşdirilməsinin qanunsuz olduğunu bildirdikdə, ona müdafiə hüququnu həyata keçirməyə imkan verilmədi. Yalnız otağa bir neçə dəfə daxil olub protokolu tələb etdikdən sonra, saat təxminən 14:43 radələrində idarə binasında printerdən çıxarılmış protokol ona təqdim olundu. Eyni anda telefonuna SMS-radar sistemində sürücülük hüququ üzrə statusun “məhrumiyyət” kimi göstərildiyi barədə bildiriş daxil oldu. Lakin həmin vaxt ona sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir yazılı qərar təqdim edilmədi. Buna baxmayaraq elektron sistemdə sürücülük hüququ məhdudlaşdırılmış kimi göstərildi və sonradan bu əsasla əlavə cərimələr tətbiq olundu. Hadisədən sonra Bakı şəhər Baş X5 İdarəsinə, Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına və Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət zamanı ondan inzibati qərarın təqdim edilməsi tələb olundu. Lakin qərar yalnız hadisədən bir neçə gün sonra tərəfinə təqdim edilmişdir. Təqdim edilən sənəddə sürücülük hüququnun məhdudlaşdırılması barədə ayrıca əsaslandırılmış qərar mövcud olmamış, yalnız İXM 327.2-ci maddəsi üzrə protokolun qərardadı təqdim edilmişdir. Beləliklə, sürücülük hüququnun məhdudlaşdırılması yazılı və əsaslandırılmış qərar ona təqdim edilmədən elektron sistemdə tətbiq edilmişdir. Hesab edir ki, barəsində inzibati icraat zamanı prosedur qaydaları pozulmuş, müdafiə hüququ təmin edilməmiş və qərar təqdim edilmədən hüququ məhdudlaşdırılmışdır. Odur ki, barəsində tədbiq olunmuş İXP7736762 saylı protokolun bu əsasda GP35366193 saylı qərardadın qanuniliyinin araşdırılmasını, barəsində sürücülük hüququnun məhdudlaşdırılmasının qərar təqdim edilmədən tətbiq olunması faktına hüquqi qiymət verilməsini, işin mahiyyəti üzrə araşdırma başa çatanadək elektron sistemdə tətbiq edilmiş sürücülük hüququ məhrumiyyətin müvəqqəti aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, avtomobilini sabit surətlə idarə etmişdir, onun avtomobilinin arxasında Səfirliyə məxsus avtomobil olmuşdur, əgər avtomobilini saxlasa idi, qəza şəraiti yaradacaqdı, ona görə də məcbur olub avtomobili saxlamadan yoluna davam etmişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, videogörüntü əsasında da şikayətçinin svetoforun qadağanedici işarəsi verilərkən yoluna davam etməsi açıq-aydın görünür. Göstərilənləri nəzərə alaraq şikayətin əsassız olduğunu, təmin edilməməsini, Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 327.2, 327.7-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə, saat 14:43-də ünvan 1 ünvanında “Hyundaı Sonata minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bu Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333- 1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə, həmçinin Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə AR İXM-nin 327.7 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalarını törətmiş, ona görə də X2 inzibati cərimə edilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən “Hyundaı Sonata minik” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 ünvan 1 ünvanında hərəkətdə olarkən svetoforun sarı işarəsi yanarkən hərəkətini davam etdirdiyi görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında hakim tərəfindən qərar qəbul edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 3)sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4)sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir. 60-cı maddəsinə əsasən Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində (yəni, başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında və ya dəmiryol keçidi qarşısında) müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. 76-cı maddəsinə əsasən svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 tərəfindən verilmiş izahatda göstərilən hallara tənqidi yanaşaraq hesab edir ki, həmin izahatda qeyd olunanlar onun məsuliyyətdən yayınmasına yönəlmişdir və iş üzrə müəyyən edilmiş həqiqi hallar ilə uyğunluq təşkil etmir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən svetoforun sarı rəngli işığının yanması hərəkəti qadağan edir və siqnalların dəyişəcəyi barədə xəbərdarlıq xarakteri daşıyır. Həmin Qanunun 60-cı maddəsində nəzərdə tutulmuş istisna hal yalnız o zaman tətbiq edilə bilər ki, sürücü sarı işıq yandığı anda nəqliyyat vasitəsini kəskin tormozlamadan müəyyən edilmiş yerdə saxlaya bilməsin və hərəkətini davam etdirməsi digər hərəkətinə icazə verilmiş nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmasın. Bu norma ümumi qaydadan istisna təşkil etdiyindən dar şərh olunmalı və yalnız obyektiv zərurət mövcud olduqda tətbiq edilə bilər. Məhkəmə tərəfindən tədqiq edilmiş video-görüntülərdən isə açıq şəkildə müəyyən olunur ki, hadisə avtomobillərin sıx hərəkət etdiyi şəhərin mərkəzi küçəsində baş vermiş, şikayətçi X1 işıq yanarkən yoluna davam etmiş, eyni vaxtda onun hərəkət etdiyi istiqamətdə həm sağdan, həm də soldan digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmişdir. Bu hal isə Qanunun 60-cı maddəsində nəzərdə tutulmuş istisna şərtinə, yəni digər nəqliyyat vasitələrinə maneə yaratmamaq tələbinə ziddir. Belə ki, sıx yol şəraitində və digər nəqliyyat vasitələrinin hərəkətə başlayacağı anda sarı işıqda hərəkətin davam etdirilməsi yol hərəkətinin təhlükəsizliyinə real təhlükə yaradır və istisna hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, şikayətçinin izahatında göstərilən “kəskin tormozlama zamanı qəza şəraiti yarana biləcəyi” arqumenti obyektiv sübutlarla təsdiq olunmur və əksinə, video-görüntülər onun sarı işıqda hərəkəti davam etdirməklə digər hərəkət iştirakçılarına maneə yaratdığını göstərir. Odur ki, X2 əməlləri “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsində nəzərdə tutulmuş istisna halına aid edilə bilməz və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 327.2, 327.7-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərar qanuni və əsaslı olduğundan AR İXM-nin 134.1.1-ci maddəsinə əsasən şikayət təmin edilmədən və qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 AR İXM-nin 327.2, 327.7-ci maddələri ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər X5 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar