Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1319/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1 və 347-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMCnin direktoru Aqil Hümmətov elektron məhkəmə sistemi vasitəsilə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Yasamal rayon məhkəməsinin icraatında Yasamal rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən "xxxx" MMC barəsində xx.xx.2026-cı il tarixdə tərtib olunmuş İXP ******* №-li inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş vardır. İlk növbədə qeyd etmək lazımdır ki, sürücü barədə sorğunun "xxxx" MMC-yə çatdırılması barədə sənəd Yasamal rayon DYPŞ tərəfindən iş materiallarına əlavə edilməmişdir. Xəbərnamənin üz tərəfinin şəkili zərfin hara göndərildiyini və çatdırılıbçatdırılmadığını müəyyən etməyə imkan vermir. Azərpoçt MMC-nin məhkəmə sorğusuna cavabda göstərilən Nigar Məmmədova adlı MMC-nin əməkdaşı yoxdur. Yəni sürücü barədə sorğu MMC-yə heç vaxt daxil olmamışdır. Bundan başqa, protokol tərtib olunarkən onu tərtib etmiş şəxs tərəfindən İXM-nın 100-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməmişdir. Belə ki, protokol düzgün tərtib olunmamış, barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmiş, protokolun surəti verilməmiş yaxud bu halları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu da İXM-nın 109.1.6-cı maddəsinin tələbinə görə protokolun geri qaytarılması üçün əsasdır. Həmçinin, Yasamal rayon DYPŞ-nın tərtib etdiyi protokola görə iddia edilir ki, MMC-yə sorğu göndərilmiş və o, sorğuya vaxtında cavab verməmişdir. Lakin iş materiallarına baxdıqda görünür ki, Yasamal DYPŞ özü inzibati xəta haqqında icraatla bağlı bütün müddətləri pozmuşdur. Azərbaycan Respublikası İXM-nın 123.1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Protokoldan görünür ki, sürücü barədə sorğunun göndərilməsinə əsas olmuş İXM-nın 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. Lakin Yasamal rayon DYPŞ sorğunu dərhal yox, guya xx.xx.2025-ci il tarixdə - 1 ay 5 gün sonra göndərmişdir. Bundan sonra sorğu göndərilib və ona İXM-nın 123.3-cü maddəsinə uyğun olaraq 5 gün ərzində cavab verilməyibsə və DYPŞ-da sorğunun çatdırılması barədə sənəd var idisə, İXM-nın 101-ci maddəsinə uyğun olaraq, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra və ya ən geci 2 gün müddətində inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bu protokol isə xx.xx.2026-cı il tarixdə tərtib olunmuş bununla da qanunla müəyyən edilmiş protokoun tərtib olunma müddəti pozulmuşdur. Hazırda yol hərəkəti qaydalarının pozulmasına görə inzibati xətalar üzrə informasiya sistemində xx.xx.2025-ci il tarixdə törədilmiş LEXUS markalı 90AS579 DQN-lı avtomobilə aid inzibati xəta haqqında protokol və ya aktiv cərimə qərarı mövcud deyil. İXM-nin qeyd olunan tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqsirsiz olduğunu sübut etməyə borclu deyil, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin baş verməsi, inzibati xəta tərkibinin olması və təqsirli olmağını sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərindədir. Sorğunun vaxtında verilməsi, məhz həmin MMCyə çatdırılması və ona cavab verilməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə hesab edirik ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından, həmin qərar İXM-nın 53.1.1 və 53.1.2-ci maddələrinə uyğun olaraq ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nın həmin maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin, Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda da eyni qayda tətbiq edilir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən mövcud protokolun düzgün tərtib olunmaması, onun tərtib olunması və inzabati xəta haqqında icraatın aparılması müddətlərinin pozulması, nəhayət inzibati xəta tərkibinin və hadisəsinin sübut olunmaması səbəbindən İXM-nin 53.1.1, 53.1.2, 114.2-ci maddələrinə müvafiq olaraq, hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 16 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-yə ünvanladığı sorğudan görünür ki, həmin MMC-dən mülkiyyətində olan “Lexus LX500D” markalı, **-AS- *** dövlət qeydiyyat nişanlı avtomobili 12 noyabr 2025-ci il tarixdə, saat 00:47-də idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında “SS076128231AZ” saylı sifarişli xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin sorğusu xx.xx.2025-ci il tarixdə Məmmədova soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Sorğunun hüquqi şəxsə çatdırılması tam təsdiq edilmir. Belə ki, “SS076128231AZ” saylı sifarişli xəbərnamədə yalnız Məmmədova soyadı qeyd edilmiş, "xxxx" MMC-nin cavab məktubunda isə sorğunun Məmmədova Nigar adlı şəxs tərəfindən qəbul edilməsi göstərilmişdir. “SS076128231AZ” saylı sifarişli xəbərnaməyə Məmmədova soyadlı şəxs tərəfindən imza edilmişdir, imza edən şəxsin adı və cəmiyyətlə bağlılığı qeyd edilməmişdir. Belə bir vəziyyətdə həmin xəbərnamənin kimin imzaladığını müəyyən etmək qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. X2 haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İXMnin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibranamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. Şəxs MMC-nin İXM-in 339.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilməlidir ki, İXM-in 339.1-ci maddəsi nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə inzibati qaydada məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, İXM-in 339.1-ci maddəsi alternativ əlamətli inzibati xətadır. Belə ki, alternativ əlamətli inzibati xəta tərkibini o xətalar yaradır ki, orada başa çatmış inzibati xətanın tərkibinin olması üçün İXM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli inzibati xəta tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə xətanın başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq inzibati xətanın törədilməsi kimi qiymətləndirilir. İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan alternativ əlamətlərdən biri də sahibi tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onun təkrar dövlət qeydiyyatından keçirilməməsidir. Şəxs MMC də məhz bu əsasla, yəni nəqliyyat vasitəsinin icarə və digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi, lakin onu təkrar dövlət qeydiyyatından keçirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Şəxs MMC-nin balansında olan **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə və ya digər əşya hüquqlarına dair müqavilə müqaviləsi əsasında verilməsi iş materiallarından görünmür, səlahiyyətli orqan bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur (Mülki Məcəllə 324, 325, 362.5). Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Dövlət X4 tərəfindən tərtib olunmuş 16 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(5-104)-1319/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1319/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver