Məhkəmə qərarları › İş №3(5-104)-1328/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1328/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1328/2026 03.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Tələbkar (zərərçəkmiş şəxs) X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştiraki ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ə.Əhmədov 15, bina 4, mənzil 285 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3530/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İcra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu icra sənədlərinin icrası ilə bağlı tələbləri yerinə yetirmir. Odur ki, borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, icra sənədi üzrə hazırki tarixə borcun məbləğin 1464 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, X7 uşağı ona göstərmədiyi üçün alimenti ödəməmişdir. O, övladının qayğısına qalmağa və ona baxmağa hər zaman hazırdır. Ona görə də söz verir ki, xx.xx.2026-cı il tarixədək yaranmış 1464 manat məbləğində borcdan 1000 manatını ödəyəcəkdir. Məhkəmə iclasında tələbkar X7 bildirmişdir ki, o, borcu tam məbləğində tələb edir və ödənilməyəcəyi halda borclunun barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X5 xeyrinə hər ay, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,61 misli həddində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3530/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və bununla bağlı xx.xx.2025-ci il tarixdə Şəxs tələbin icrası üçün bildiriş təqdim olunmuşdur. İş materiallarına əlavə edilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsindən görünür ki, tələbkar ona uşağı göstərmədiyinə görə ödəniş etməmişdir. xx.xx.2026-cı il tarixdı 1464 manat borcdan 1000 manatını ödəyəcəkdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, icra sənədi üzrə icraat qısa müddətdə başlandığından, tələbin könüllü icrası barədə bildiriş iki aydan az bir müddətdə borcluya təqdim edildiyindən, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə yaranmış borcun böyük hissəsinin ödəniləcəyinə dair söz verildiyindən hazırki halda Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs tərəfindən icra sənədi üzrə borcun qısa müddətdə ödəniləcətinə dair öhdəlik götürüldüyündən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar