Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1361/2026 24.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. 21 yanvar 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-113815/2025 nömrəli sorğu məktubu ilə qeyd olunan sənədlərin 7 (yeddi) iş günü müddətinə DƏMX BŞİ-yə təqdim edilməsi tələb olunmuşdur. Buna baxmayaraq tələb olunan sənədlər təqdim edilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə məktub göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə DƏMX-ə verilməsi tələb edilmiş lakin sənədlər təqdim edilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış etirazdan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC (bundan sonra Şirkət) barəsində əsassız olaraq inzibati xəta üzrə icraat başlanılmışdır. Belə ki, Ərizəçi inzibati xəta haqqında protokol tərtib edərək müəyyən etmişdir ki, Şirkətə ünvanlanan 3-175/2-113815 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunan sənədlər qanunvericiliyə uyğun olaraq 7 iş günü ərzində təqdim edilməmişdir. Halbuki, həmin məktub ümumiyyətlə Şirkətin hüquqi ünvanına göndərilməmiş, "ƏMAS" sistemi vasitəsilə elektron qaydada şəxsi kabinetə daxil olması barədə hər hansı bildiriş mövcud olmamışdır. Qeyd: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi (ASİS) üzərində mövcud olan şəxsi kabinet yeni yaradılmışdır və bu günədək həmin kabinetə bildiriş vasitəsilə müxtəlif tarixlərdə cəmi 2 məktubun daxil olduğu müşahidə olunur (qoşmaya əlavə edilmiş ekran görüntülərində öz əksini tapır). Elektron sistemin İstifadəçisi şəxsi kabinetinə daxil olmuş məktubları yalnız vebsaytın müvafiq bölməsində yeni bildirişin yarandığını (bildirişlərin sayına uyğun olaraq "1", "2" və s. rəqəmlərlə işarələnir) aşkar etməklə müəyyən edə bilir. Qeyd olunan tarix aralığında isə şəxsi kabinetə hər hansı bildiriş daxil olmamışdır. Bundan əlavə, altsistemə davamlı olaraq daxil olmaq və hər an yeni məktubların olub-olmamasını yoxlamaq fiziki olaraq mümkün deyildir. Bu səbəbdən də, Şirkət ona ünvanlanmış məktub barədə xəbərdar ola bilməmişdir. Digər tərəfdən, sözügedən məktubun surəti Şirkətin hüquqi ünvanına qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmamışdır. Bundan əlavə, bu günədək Şirkətə sistem üzərindən göndərildiyi iddia olunan heç bir məktub vebsaytda görünməmişdir. Nə sənədlərin tələb edilməsi barədə xx.xx.2025-ci il tarixli məktub, nə xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında protokolun tərtibində iştirakla bağlı bildiriş, nə də Əmək Müfəttişliyinə dəvət olunma barədə məktublar şəxsi kabinetin bildirişlər bölməsində əks olunmamışdır. Nəticədə, Şirkətin məhkəməyə qədər etiraz etmək imkanı olmamış, ona ünvanlandığı iddia edilən məktublara münasibət bildirmək mümkün olmamışdır. Bununla da tərəfimizin müdafiə, etimad və dinlənilmə hüquqları kobud şəkildə pozulmuşdur. Bunlara baxmayaraq, Şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və iş materialları məhkəməyə təqdim edilmişdir. Hesab olunur ki, qeyd olunan məktub Şirkətə qanunvericiliyin tələblərinə uyğun qaydada təqdim edilmədiyindən, onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması qanunsuzdur və Şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 593.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilə bilməz. "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə" (bundan sonra Əsasnamə) elektron portalın fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. Əsasnamənin 1.2-ci bəndinə əsasən, portal Mərkəzləşdirilmiş elektron informasiya sistemində vahid platforma üzərindən vətəndaşların yaranmış hüquqları əsasında proaktiv formada əməliyyatların aparılmasını və onların həmin Əməliyyatlar barədə məlumatlandırılmasını təmin edir. Əsasnamənin 6.1.3-cü bəndinə əsasən, portala daxil edilən məlumatların etibarlılığının, əlçatanlığının, təhrifolunmazlığının və konfidensiallığının, habelə onların ehtiyat surətlərinin saxlanılmasının və mühafizəsinin təmin edilməsi vəzifəsi müəyyən edilmişdir. Burada qeyd olunan "əlçatanlıq" yalnız məlumatın sistemə texniki olaraq yerləşdirilməsi kimi deyil, İstifadəçinin həmin məlumatla faktiki və maneəsiz şəkildə tanış olmaq imkanı kimi başa düşülməlidir. Bundan əlavə, elektron sistemin fəaliyyəti Əsasnamə ilə müəyyən edilmiş konkret prinsiplərə əsaslanmalıdır. Bunların arasında Əsasnamənin 2.0.2-ci bəndində göstərilmiş "İstifadə rahatlığı" (istifadəçilərin və dövlət qurumlarının portaldan istifadəsinin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi) prinsipinə hazırkı işdə xüsusi diqqət yetirilməlidir. Əgər dövlət orqanı tərəfindən elektron sistem vasitəsilə göndərilmiş məktublar istifadəçi üçün əlçatan olmamış, əlavə texniki əməliyyatlar və ya sistemdən kənar vasitələr tələb olunmuş və ya həmin məktublar real vaxt rejimində göndərilə bilməmişdirsə, bu hal həm Əsasnamənin 6.1.3-cü bəndinin əlçatanlıq tələbinə, həm də Əsasnamənin müəyyən etdiyi prinsiplərə zidd hesab edilməlidir. Bu öhdəliklərin yerinə yetirilməməsinin mənfi hüquqi nəticələri isə istifadəçinin üzərinə düşməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə qeyd olunan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin Şəxs MMC-yə ünvanladığı 3-17-5/2-113815/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər İdarəsində baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasın tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvan: AZ 114 ünvan 4 olunan sənədlərin siyahısı:
1. Əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq sənədlərin surəti (ərizə və əmr)
2. İş vaxtının uçotu tabellerinin surəti (işlədiyi dövr üzrə) sektoru
3. Əmək haqqının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surəti (işlədiyi dövr üzrə)
4. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlərin surəti (işçinin ərizəsi, işəgötürənin əmri)
5. Məzuniyyət haqqının ödənilməsinə dair müvafiq sənədlərin surəti
6. Son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlərin surəti
7. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu İş materiallarına əlavə olunmuş çıxarışından görünür ki, 3-17-5/2-113815/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub Şəxs MMC-nin şəxsi kabinetinə yərləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, Şəxs MMC ilə vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-113815/2025 nömrəli məktub göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə DƏMX-ə verilməsi tələb edilmiş lakin sənədlər təqdim edilməmişdir. Bununla da, Şəxs MMC qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya da yol vermişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs MMC-nin əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi və şərti hesab edilməsi məqsədəmüvafiqdir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs MMC-yə bu cərimə şərti olaraq tətbiq edilsin və hüquqi şəxs tərəfindən bir ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs MMC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəyə məlumat verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov