Məhkəmə qərarları › İş №3(5-104)-1425/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1425/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1425/2026 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X5, Tələbkar – X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 04 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6971/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barışıq sazişinin 4-cü bəndinin tələbini icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6971/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barışıq sazişinin 4-cü bəndinin tələbini icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmişdir. Tələbkar tərəfindən icra sənədinin icrası tələb olunur. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, tələbkara mane yaratmır, özü də evdən çıxmağa hazırdır ki, tələbkar gəlib orada yaşasın, kirayədə qalmasın. Ancaq tələbkar həmin evə gəlmək istəmir, yeni ev almağını istəyir, ancaq buna hazırda onun maddi imkanı çatmır. Barışıq sazişi üzrə ev almaq öhdəliyi götürmüş, ancaq həmin evi yalnız obyekti satıb ala bilər. Barışıq sazişi imzalanarkən mediatora da sazişə “obyekti satıb yeni ev ala biləcəyi” müddəasının əlavə edilməsini bildirmişdir. Mediator isə cavabında ona obyektin rəsmi sənədlərinin olmadığı üçün belə bir müddəanın əlavə edilə bilməyəciyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirdi ki, boşanmağının səbəbi o olmuşdur ki, ailədə o və uşaqları şiddət görmüş, Şəxs ona hədə-qorxu gəlmişdir. Hazırda Şəxs yaşadığı mənzildə hətta özü oradan çıxsa belə yaşamaq istəmir. Çünki onun üzərinə bıçaq çəkir və hədə-qorxu göstərir, işlədiyi yerə də gəlir, ancaq orada mühafizə buraxmır. Mediasiyada aralarında razılıq əldə edilmiş, ancaq göründüyü kimi Şəxs icra sənədinin icrasından yayınır. Göstərilənləri nəzərə alaraq Şəxs cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6971/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barışıq sazişinin 4-cü bəndinin tələbini icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-6971/2025 saylı icra vərəqəsindən görünür ki, ərizənin təmin edilməsi, Şəxs ilə X6 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00679 nömrəli Barışıq sazişinin “1. Tərəflər 1-ci tərəf X6 və 2-ci tərəf Şəxs qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən tərəflər 23 noyabr 2014-cü il tarixində 3 saylı Bakı “Asan xidmət” mərkəzi, qeydiyyat şöbəsində bağladıqları, 2351 nömrəsi ilə qeydə alınmış nikahı məhkəmədə bir-birlərinə 3 ay barışıq möhləti vermədən tərəflərdən birinin iddia qaldırması ilə pozsunlar. 2. Tərəflər 1-ci tərəf X6 və 2-ci tərəf Şəxs uşaqların ananın himayəsində saxlanılması tələbi üzrə birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixindən başlayaraq uşaqlar yetkinlik yaşına çatana kimi 1-ci tərəf X2 yanında, himayəsində saxlanılması barədə razılığa gəldilər. 3. Tərəflər 1-ci tərəf X6 və 2-ci tərəf Şəxs aliment tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Şəxs birgə nikahdan anadan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, uşaqlar yetkinlik yaşına çatana kimi hər ay, hər uşağa 246 (iki yüz qırx altı) manat, ümumi iki uşağa görə 492 (dörd yüz doxsan iki) manat sabit pul məbləğində alimenti 1-ci tərəf X3 ödəyir. 3. Tərəflər 1-ci tərəf X6 və 2-ci tərəf Şəxs uşaqlarla ünsiyyət tələbi üzrə tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 1-ci tərəf X6 xx.xx.2025-ci il tarixindən başlayaraq tərəflərin qabaqcadan müəyyən etdikləri vaxtda uşaqların hüququ və mənafelərinə zidd olmamaq şərtilə uşaqlar yetkinlik yaşına çatana kimi birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci təvəllüdlü X4 ataları, 2-ci tərəf Şəxs ilə ünsiyyətdə olmasına şərait yaradır. 2-ci tərəf Şəxs uşaqları tərəflərin razılaşdırdıqları vaxtda və yerdə 1-ci tərəf X1 təhvil alır, uşaqlarla ünsiyyətdə olur və tərəflərin razılaşdırdıqları vaxtda və yerdə 1-ci tərəf X3 təhvil verir. 4. Tərəflər 1-ci tərəf X6 və 2-ci tərəf Şəxs əmlak tələbi üzrə aşağıdakı məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Şəxs 1-ci tərəf X2 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani, ev 244 saylı, iki mərtəbəli 4 otaqlı sənədsiz evdə qeydiyyatda olmasını, 2020-ci il tarixindən orada yaşadığını bildirərək, qeyd olunan ev üzərində istifadə hüququnu tanıyır. 4.1. Razılığa əsasən 2-ci tərəf Şəxs 1-ci tərəf X3 150.000 (yüz əlli min) manat məbləğinə Bakı şəhəri ərazisində ev almasını öhdəsinə götürür. 1-ci tərəf X6 2-ci tərəf Şəxs tərəfindən 150.000 (yüz əlli min) manat məbləğinə Bakı şəhəri ərazisində alınan evi qəbul etdikdə və ev 1-ci tərəfin adına rəsmiləşdikdən sonra barışıq sazişinin 4-cü bəndi qüvvədən düşür və 1-ci tərəf X2 2-ci tərəf Şəxs qarşı daşınar və daşınmaz əmlak tələbləri üzrə hər hansı iddiası olmur və Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani, ev 244 saylı, iki mərtəbəli, 4 otaqlı sənədsiz evə istifadə hüququnu itirməklə evdən qeydiyyatdan çıxır.” məzmunda təsdiq edilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 15 yanvar 2026-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6971/2025-006 nömrəli, xx.xx.2026-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6228/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs qismində Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4575/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin maraqlı şəxsin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun maraqlı şəxsin özünə aid edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-7198/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı X2 cavabdeh Şəxs qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X3 qaytarılması, iddiaçı X3 iddia ərizəsi ilə cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5351/2025 saylı, xx.xx.2026-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Şəxs ilə X6 arasında 23 noyabr 2014-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2351 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək barışıq sazişinə əsasən ev öhdəliyini 5 il müddətində icra edəcəyini, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani 244 ünvanında yerləşən evdən çıxmağa razı olduğunu və X2 övladları ilə birlikdə həmin evdə yaşamalarına etiraz etmədiyini, həmçinin yaşadıqları müddətə evə gəlib onları narahat etməyəcəyini bildirmişdir. Şəxs iş materiallarında olan xx.xx.2026-cı il tarixli izahatından görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, mediasiya razılığına əsasən evin yaxınlığında olan obyekt satıldıqdan sonra qarşı tərəfə Bakı şəhəri ərazisində 150000 azn dəyərində ev alacağı öhdəliyini götürdüyü, obyektin hal-hazırda sənədləşmə işləri getdiyi üçün icra sənədi üzrə tələbi bugünədək tam şəkildə icra edə bilmədiyini, qarşı tərəfin ev alana kimi M.Xiyabani 244 ünvanında yaşamaq hüququnun olduğunu və onun buna etiraz etmədiyini, hal-hazırda aliment borcunun olmadığını, adına daşınar və ya daşınmaz əmlakın olmadığını, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanəti olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Məhkəmə icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Heydərov X9 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs icra sənədini icra etməyə hazır olduğu, hətta hazırda yaşadığı evdən də çıxaraq tələbkarın övladları ilə birlikdə həmin evdə yaşamasına razılıq verdiyi, özünə məxsus obyektin sənədləşmə prosesi bitən kimi onu sataraq tələbkara yeni ev almağı öhdəsinə götürməsi müəyyən edilmiş, göstərilən hal məhkəmə iclasında iştirak edən icra məmuru tərəfindən də təsdiq edilmişdir. Göründüyü kimi, Şəxs əməlində üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, o, maddi vəziyyətinin zəif olması səbəbindən icra sənədini icra edə bilməmiş, həmçinin barışıq sazişində öhdəliklə bağlı müddət qeyd edilməsə də 5 il müddətinə icra edəcəyi barədə ərizə vermiş, icra sənədinin icrası ilə bağlı tələbkarla razılığa gəlməyə çalışmışdır ki, göstərilən bu hallar Şəxs üzrsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, tələbkarın və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qərəzli olaraq icra sənədinin icrasından boyun qaçırmaması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar