Məhkəmə qərarları › İş №3(5-104)-1428/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1428/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1428/2026 18.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhərı Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhərı Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, AR DİN Bakı şəhəri Yasamal rayon DYPŞ Yol Patrul Xidməti İnspektoru Polis serjantı X2 tərəfindən barəmdə tərtib olunmuş xx.xx.2026cı il tarixli, İXP7763467 saylı protokol tərtib edilərək, xx.xx.2026-cı il tarixli, TP ******* saylı Qərar verilmişdir. Gecə saat 23:45 radələrində ona məxsus “KİA FORTE” markalı, **-BQ- *** dövlət qeydiyyat nişanlı avtomobillə “Statistika dairəsi” kimi tanınan ərazidə hərəkətdə olarkən, DYP-nin **-YP-*** dövlət qeydiyyat nişanlı ekipajı tərəfindən “saxla” əmri verilmişdir. O, dərhal polis əməkdaşlarının qanuni tələbinə əməl edərək nəqliyyat vasitəsini saxlamışdır. Daha sonra DYP serjantı ona yaxınlaşaraq spirtli içki qəbul edib-etmədiyini soruşmuşdur. O, öz növbəsində spirtli içki qəbul etmədiyini bildirmişdir. Buna baxmayaraq, DYP əməkdaşı tərəfindən alkoqol testindən keçməyi tələb olunmuş, o, isə bu tələbə etiraz etməmiş və alkoqol testindən keçmişdir. Testin nəticələrinə əsasən spirtli içki qəbul etmədiyi müəyyən edilmişdir. Bundan sonra DYP əməkdaşı avtomobilinin salonunda, ön şüşənin alt hissəsində (panel üzərində) yerləşən polis papağının orada olmasını dövlət atributlarına hörmətsizlik kimi qiymətləndirmiş və bu əsasla avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirmişdir. O, isə izah etmişdir ki, dövlət atributlarına qarşı hər hansı hörmətsizlik etməmişdir. Əlavə olaraq bildirmişdir ki, sözügedən polis papağı xalası oğluna məxsusdur və avtomobildə qalmışdır. Avtomobilə sərnişinlər (dostları) əyləşərkən, papağın oturacaq üzərində zədələnməməsi və tapdalanmaması məqsədilə onu oturacaqdan götürərək ön panel üzərinə qoymuşdur. Bu hərəkətin məqsədi polis papağına qarşı hörmətsizliyin qarşısını almaq olmuşdur. Eyni zamanda qeyd etmişdir ki, polis papağının avtomobilin ön panelində yerləşdirilməsi qanunvericilikdə dövlət atributlarına hörmətsizlik kimi nəzərdə tutulmamışdır və hər hansı inzibati xəta tərkibi yaratmır. Buna baxmayaraq, DYP serjantı R.Cəfərov polis papağının qeyd olunan yerdə olmasını dövlət atributlarına qarşı hörmətsizlik kimi qiymətləndirmiş və avtomobilin cərimə meydançasına aparılmasından imtina etdiyi halda Post-Patrul Xidmətinin çağırılaraq avtomobilin məcburi qaydada aparılacağını bildirmişdir. O, bunun zəruri olmadığını desə də, yaranmış vəziyyəti gərginləşdirməmək məqsədilə avtomobilini DYP əməkdaşının arxasınca idarə edərək, Yasamal Rayon Polis İdarəsinin yaxınlığında yerləşən cərimə meydançasına gəlmiş və avtomobili müvafiq duracaqda yerləşdirmişdir. Avtomobili duracağa yerləşdirdikdən sonra Yasamal Rayon DYPŞ-nin inzibati binasında polis inspektorunun qəbulunda olmuşdur. Adını bilmədiyi, növbətçi olan DYP əməkdaşı tərəfindən ona bildirilmişdir ki, polis papağının avtomobilin ön panelində yerləşdirilməsi qayda pozuntusu hesab olunur, habelə avtomobilin arxa işıqlarında nasazlıq mövcuddur. O, öz növbəsində bildirmişdir ki, polis papağının avtomobilin ön panelində yerləşdirilməsi inzibati qayda pozuntusu hesab edilmir, eləcə də avtomobilin arxa işıqları tam işlək vəziyyətdədir. Eyni zamanda qeyd etmişdir ki, idarə etdiyi avtomobil qanunsuz olaraq duracağa yerləşdirilmişdir. Əgər hər hansı inzibati xəta mövcuddursa, qanunvericiliyin tələblərinə uyğun olaraq yerində protokol tərtib edilməli və avtomobil ona təhvil verilməlidir. Bu izahatından sonra polis inspektoru otağı tərk etməyini və məsələ ilə bağlı növbəti gün yaxınlaşmağını bildirmişdir. Polis inspektorunun otağını tərk etdikdən sonra duracağa gedərək, avtomobilinin işıqlarını yandırmış, arxa işıqların işlək vəziyyətdə olduğunu sübut etmək məqsədilə mobil telefon vasitəsilə fotoşəkillər çəkmişdir. Əlavə olaraq baş vermiş hadisə ilə bağlı 102 xidmətinə müraciət etmiş və həmin müraciət çərçivəsində DYP əməkdaşlarının hərəkətləri barədə şikayət etmişdir. Növbəti gün Yasamal Rayon DYPŞ-də 10 nömrəli otaqda olmuşdur. Orada olan polis inspektoru tərəfindən ona yenidən avtomobilin arxa işıqlarının nasaz olduğu bildirilmiş və bu əsasla inzibati protokol tərtib ediləcəyi qeyd edilmişdir. O, buna etiraz edərək bildirmişdir ki, əvvəlki axşam baş verən hadisə qanunsuzdur, avtomobil əsassız olaraq duracağa yerləşdirilmişdir və arxa işıqlarda hər hansı texniki nasazlıq mövcud deyildir. Eyni zamanda qeyd etmişdir ki, barəsində protokol tərtib edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət edəcəkdir. Bundan sonra Yasamal Rayon DYPŞ-nin inspektoru tərəfindən ona buraxılış talonu təqdim edilmiş və avtomobili duracaqdan götürə biləcəyi bildirilmişdir. Eyni zamanda, inspektor tərəfindən hadisə ilə bağlı anlaşılmazlıq yarandığı, habelə 102 xidmətinə etdiyi müraciətin həllini tapdığı əsas gətirilərək, verdiyi şikayət ərizəsini geri götürməyinin məqsədəuyğun olduğu bildirilmişdir. Avtomobilimi duracaqdan götürdükdən sonra 102 xidməti ilə əlaqə saxlamış, hadisə ilə bağlı anlaşılmazlığın aradan qalxdığını və məsələnin həll olunduğunu bildirərək, ərizəsini geri götürdüyünü bəyan etmişdir. Həmin gün axşam saat 22:00 radələrində elektron kabinet vasitəsilə ona bildiriş daxil olmuşdur ki, barəsində İXP7763467 saylı inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən şəxsin iştirakı zəruridir. Lakin qeyd olunan İXP7763467 saylı protokol onun iştirakı olmadan, avtomobilin duracağa yerləşdirildiyi vaxtdan təxminən 18 saat sonra, Yasamal Rayon DYPŞ-nin polis serjantı X2 tərəfindən tərtib edilmişdir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.7-ci maddəsinin tələblərinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX insoektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və va kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Bununla da YPX inspektoru xidmətdə olduğu müddətdə xidməti nəqliyyat vasitəsində quraşdırılmış video-müşahidə kameraları, habelə YPX inspektornun üzərində olan fərdi videoqeydiyyat vasitələri işlək vəziyyətdə olmalı, xidməti fəaliyyət zamanı baş verən proseslərin video və səs yazısı fasiləsiz şəkildə aparılmalıdır. Qeyd olunanları nəzərə alaraq, baş vermiş hadisə zamanı xidmətdə olan və barəmdə İXP7763467 saylı inzibati protokol tərtib etmiş polis serjantı X1 hərəkətlərinin qanunauyğunluğunun yoxlanılması məqsədilə, həmin vaxt ərzində xidməti avtomobildə və polis əməkdaşının üzərində olan video-müşahidə vasitələri ilə qeydə alınmış görüntülərin DYP orqanlarından tələb edilərək araşdırılması mümkündür. Sözügedən video və səs yazıları polis əməkdaşının qanunsuz hərəkətlərini aşkara çıxarmaq, eləcə də mənim tərəfimdən hər hansı inzibati xəta törədilmədiyini sübut etmək baxımından mühüm sübut əhəmiyyəti daşıyır. Tərəfindən inzibati xəta törədilmədiyini sübut edən, hadisə zamanı avtomobilin arxa işıqlarının işlək vəziyyətdə olduğunu əks etdirən fotoşəkil bu şikayətə maddi sübut kimi əlavə olunur. Məhkəmə iclasında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun ifadə verərək, şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmiş və ya məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət ərizəsinə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhərı Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhərı Yasamal RPİ DYPŞ-nə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 idarə etdiyi “KİA Forte” minik markalı **-BQ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx.xx.2026-cı il tarixində, saat 00:55-də Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 1 ərazisində xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanı törətdiyinə görə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks etdirilməmiş, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin nümayəndəsi təkzibedici sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X3 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal RPİ DYPŞ-nə göndərilsin. Azərbaycan Respublikası DİN Bakı şəhərı Yasamal RPİ DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar