Məhkəmə qərarları › İş №3(5-104)-1509/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1509/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1509/2026 05.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə xx.xx.2026-cı il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 3168, bina 37, mənzil 23-də Zərərçəkmiş şəxs fiziki xəsarət yetirməklə onu döymüşdür. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-ci polis şöbəsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı Musa Musayev tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərarın yekun hissəsində Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada inzibati təsir tədbirlərinin görülməsi müəyyən edilmişdir. Bu qərar tərəflərin ikisi dəvət olunaraq onlara təqdim edildi. Hadisənin şahidi olmamış, qərar əsasında protokol tərtib etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməməsini bildirərək, göstərdi ki, heç bir şey olmayıb. Xanım gəlini olub, oğlu ilə 3 aydır evli idilər, onu həmişə əzizləmiş, birdən-birə bilmir nə oldu qəflətən qışqırmağa başladı. Səhəri günü anası və atası gəldi, atası həyətdə gözlədi, anası gəlib qızını aparıb getdi. İki gün sonra gediblər polisə ki, guya onu döyüb, onun saçından tutub və s. Onun üstünə şər-böhtan atırlar. Əslində həmişə ona deyirdi ki, “mən səni şərləyərəm”.Onun 46 yaşı var, övladının 26 yaşı var. Yasamal rayonunda yaşayırlar. Ayın 11-i evdə olublar. Gəlni Nuray 13-ü gecəsi dava salıb, 14-ü gedib. 11 yanvar tarixdə ona heç kim tərəfindən xəsarət yetirilməyib. İttihamları qəbul etmir, belə bir şey olmayıb, hamısı şər-böhtandır. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, o, şikayətçidir. Polisə ayın 17-si şikayət etdi. Evə ayın 14-ü getdi, 14-ünə kimi müraciət edə bilmədi. Sonra da özünə gələnə qədər, həm də qrip oldu, evdə olsa da ayağa qalxacaq vəziyyətdə olmadığı üçün polis idarəsinə gedə bilmədi. 102 xidmətinə zəng etdi, onu şöbəyə çağırdılar, lakin yalnız ayın 17-si şöbəyə gedə bildi. Onu təhqir etdiyi səsyazıları var. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı HK-1, 183 saylı ilkin araşdırma materialı əsasında qəbul etdiyi 27 yanvar 2026-cı il tarixli qərarında müəyyən edilmişdir ki, xx.xx.2026-cı il tarixdə Xətai rayonu A.Rəhimov küçəsi 13, blok 3, mənzil 46-da qeydiyyatda olan Zərərçəkmiş şəxs, Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 3 (üç) il olar ki, toyu olub gəlin olaraq ünvan 1 ünvanda qaynanası Şəxs və qaynı Kehan Əlizadə tərəfindən şiddətə məruz qalaraq döyülmüşdür. Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, sonuncu dəfə xx.xx.2026-ci il tarixdə qaynanası Nurcahanın onun saçından tutaraq yolmuşdur. Şəxs isə bildirmişdir ki, Zərərçəkmiş şəxs dedikləri yalandır, o, onu ümümiyyətlə döyməyib. Həmçinin həmin qərarda MTE və PAB Yasamal rayon şöbəsinin xx.xx.2026-cı il tarixli 42 saylı rəyinə istinad istinad edilmiş, rəydən görünmüşdür ki, Zərərçəkmiş şəxs “dərəcələri təyin edilməyən bədən” xəsarəti almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB Yasamal rayon şöbəsinin xx.xx.2026-cı il tarixli 42 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - başın təpə nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2026-cı il tarixdə kənar şəxs tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə araşdırılan sübutlarla Şəxs barəsində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz təsdiqini tapmır. Belə ki, zərərçəkən bildirir ki, Şəxs onu mütəmadi döyüb, baş nahiyəsindən vuraraq saçını yolurmuş, xx.xx.2026-cı il tarixdə saçından tutaraq yolub həmçinin cinayət işinin başlanmasının rədd edilməsi qərarında da belə izahat vermiş və həmin izahatı həmin qərarda qeyd edilmişdir. Lakin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda da qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs DİN 102 xidmətinə xx.xx.2026-cı il tarixdə müraciət etmişdir. Lakin özü də izahatında göstərmişdir ki, sonuncu dəfə 11 yanvar 2026-cı il tarixdə Şəxs onun saçını yolmuşdur. Həmçinin həmin qərarda da məhkəməyə verdiyi izahatında da Şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs dedikləri yalandır, o, onu ümümiyyətlə döyməyib. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xəsarətin ona 11 yanvar 2026-cı il tarixdə yetirilməsini bildirsə belə, yalnız xx.xx.2026-cı tarixdə evdən çıxmış, polisə isə xx.xx.2026-cı il tarixdə müraciət etmişdir. Beləliklə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Həmin inzibati xəta hesab edilən hadisənin Şəxs aidiyyəti yoxdur. Beləliklə, şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yuxarıda qeyd edilmiş vəziyyətdə şəxsin inzibati xəta törətməsi sübut olunmur. Bununla da məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, iş materiallarında zərərçəkmiş şəxsin bədənində xəsarətlərin mövcudluğunu təsdiq edən tibbi arayış olsa da, məhkəmə hesab edir ki, yalnız xəsarətlərin mövcudluğu həmin xəsarətlərin məhz təqsirləndirilən şəxs tərəfindən yetirildiyini sübut etmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hadisənin baş vermə şəraitini təsdiq edən şahid ifadələri mövcud deyil, hadisəni əks etdirən video, foto və ya texniki qeydlər təqdim olunmamışdır, təqsirləndirilən şəxsin xəsarətlərin yetirilməsində iştirakını təsdiq edən obyektiv sübutlar mövcud deyil, inzibati xəta haqqında protokol zərərçəkmiş şəxsin subyektiv izahatı əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati xəta törətmiş şəxsin təqsirli olması qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir. Eyni zamanda, inzibati icraat zamanı şəxsin təqsirliliyi ilə bağlı şübhələr onun xeyrinə şərh olunmalıdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün yalnız xəsarətin mövcudluğu deyil, həm də həmin xəsarətin konkret olaraq təqsirləndirilən şəxsin qanunazidd hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilməlidir. Bu isə iş üzrə toplanmış sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə mövcud sübutlar inzibati xətanın obyektiv və subyektiv tərkib elementlərini tam şəkildə təsdiq etmir və təqsirləndirilən şəxsi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb etmək üçün kifayət etmir. Məhkəmə müəyyən edir ki, zərərçəkmiş şəxsin iddiaları tibbi sənədlərlə xəsarət faktı baxımından təsdiq olunsa da, həmin xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirildiyini sübut edən kifayət qədər və mötəbər sübutlar mövcud olmadığından, inzibati məsuliyyət üçün hüquqi əsaslar formalaşmamışdır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizliyi) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri həmin şəxsə münasibətdə mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar hər bir halda şəxsin xeyrinə həll etməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-51, 53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar