Məhkəmə qərarları › İş №3(5-104)-1687/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1687/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1687/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsinin 05 fevral 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsinin 05 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 31 yanvar 2026-cı il tarixdə, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindən “Qurd Qapısı” istiqamətində hərəkət edərkən svetoforun yaşıl işarəsi ilə hərəkətini davam etdirməsinə baxmayaraq, ona heç bir sübut təqdim olunmadan barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.7-ci maddələrinə əsasən protokol tərtib edilmiş, həmin protokol əsasında qərara əsasən sürücülük hüququ məhdudlaşdırılmışdır. O barəsində tərtib olunmuş qərarla razılaşmır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsinin 05 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsinin tərtib etdiyi 05 fevral 2026-cı il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsi tərəfindən tərtib olunmuş 05 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 31 yanvar 2026-cı il tarixdə, saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, “Qurd Qapısı” ərazisində “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək sürücülük hüququ məhdudlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, X4 idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı, **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, “Qurd qapısı” dairəsində svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin 1-ci bəndinin 2-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. 59-cu maddəsinin 4-cü bəndinə əsasən svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. 60-cı maddəsinin 1-ci bəndinə əsasən svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. 60-cı maddəsinin 2-ci bəndinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X7 İdarəsinin 05 fevral 2026-cı il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar