Məhkəmə qərarları › İş №3(5-104)-1815/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-1815/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-1815/2026 23.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X5 həmçinin Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatətini onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Toyota Land-Cruiser- Prado markalı **-SF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən məcburiyyat qarşısında qaldığı üçün idarə etdiyi avtomobili yolun nəzərdə tutulmayan hissəsində saxladığı üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə uyğun olaraq 20 manat məbləğində cərimə olunub. Barəsində 2019-2022-ci illər üzrə 24 ədəd inzibati tənbeh vermə haqqında qanuni qüvvəsini almış qərar mövcud olmuş olsa da bu barədə onun məlumatı olmamışdır. İnzibati qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, eləcədə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Lakin qanunvericiliyin tələbi müvafiq dövlət orqanı tərəfindən icra edilmir, mövcud cərimələr vaxtında icra edilməsə də DYP sistemində qalmaqdadır. İcra edilməmiş qərarların ləğv edilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsə də, bunun bir müsbət nəticəsi olmamış, xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Lakin, məhkəməyə müraciət etmək üçün qanunda göstərilən şikayətetmə müddətini ötürüb. Ona görə də, məhkəmədən buraxılmış müddətin bərpası barədə ərizəsini nəzərə alınmasını və müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməməlidir. Belə ki barəsində şikayət verilmiş qərar göründüyü kimi uzun müddət bundan əvvəl, qəbul edilmişdir. Ötən müddət ərzində şəxsin həmin qərardan xəbərsiz olması mümkün deyil. Ən azından şəxs həmin qərarın məhz qərardan şikayət verildiyi ərəfələrdə, ən azından şikayət verildiyi tarixdən 10 gün qabaq əldə edilməsi barədə hər hansı bir sübut da əlavə etməmişdir. Qərarın nə vaxt əldə edilməsi barədə məlumatlar vəsatətdə qeyd edilməmişdir. Həmçinin müddət ötürülmüşdürsə, bunun səbəblərinin üzrlülüyü barədə də vəsatətdə əsaslandırma aparılmamışdır, sübut əlavə edilməmişdir. Həmçinin şikayətçi ərizəsində BNA ******* saylı, xx.xx.2020-ci il tarixli qərarın AR İXM-nin 146.1-1-ci maddəsinə uyğun olaraq icraatına xitam verilməsini və elektron sistemdən çıxarılmasını məhkəmədən xahiş etsə də, məhkəmədə müəyyən edilmişdir ki, həmin qərardan 5 il müddət keçməmişdir, buna görə də həmin qərara xitam verilməsi mümkün deyil. Buna görə də qərardan şikayət vermək üçün ötürülmüş müddətin bərpası barədə vəsatətdə göstərilmiş əsaslar üzrlü hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə araşdırması zamanı şikayət verilmə müddətini üzrlü səbəbdən buraxılması halları aşkar olunmadı, bu barədə hər hansı bir mötəbər, əsaslı, inandırıcı dəlil və məhz baxılan məsələ üzrə aidiyyəti sübut təqdim edilmədi. Səbəbin üzürlü hesab edilib-edilməməsi ixtiyari bir mülahizəyə görə deyil, əsaslı səbəbə görə müəyyən edilməlidir, hansı ki bu səbəb tərəflərin məhkəmə qarşısında hüquq bərabərliyinin pozulmasına münasibətdə, tərəflərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması hüququnun pozulmasına münasibətdə, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına münasibətdə, səbəbin ağlabadanlığına münasibətdə, bu səbəbə haqq qazandırıla bilinsin. Lakin hazırki vəsatətdə göstərilən səbəbə yuxarıda qeyd edilənlərə münasibətdə haqq qazandırıla bilməz. Beləliklə, qərardan şikayət verməsi qaydası və halları, müddəti, buraxılmış müddətin bərpasının hansı hallarda mümkünlüyü İXM ilə dəqiq müəyyən edilmişdir. İXM ilə müəyyən edilmiş həmin qaydaların pozulması, buraxılmış müddətin əsassız olaraq bərpa edilməsi son nəticədə İXM-nin yuxarıda sadalanan prinsiplərinə və müəyyən edilmiş qaydalarına ziddir. Buna yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-in 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-in 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə desək işin baxılmağa hazırlanması zamanı İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir Hazırkı iş üzrə məhkəmə qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti təmin etməmək qərarına gəlmişdir. Belə olan halda həmin qərardan verilmiş şikayətə baxılması mümkünsüzdur və şikayətə baxıla bilmir. Şikayətə baxıla bilmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X5 tərəfindən verilmiş şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatəti təmin edilməsin, qərardan şikayət vermək üçün buraxılmış müddət bərpa edilməsin. Həmin qərardan verilmiş şikayətin məhkəmənin icraatına qəbulundan və məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar