Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1844/2026 11.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 388-1.1.1-ci maddəsi ilə MN ******* saylı, 11 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 11 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən AR vətəndaşı Şəxs “Facebook” sosial şəbəkəsində X3 təhqir etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs “Facebook” sosial şəbəkəsində X3 təhqir etmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, sosial mediada dövlət xəstəxanalarında çalışan diş həkimlərinə qarşı TƏBİB-in qərəzli yanaşması ilə bağlı müxtəlif paylaşımlar olmuşdur. TƏBİB-in bu yanaşmasına tərəfdar çıxan X5 çıxışında həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. O da əsəbləşdiyi üçün belə bir şərh bildirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq ədalətli qərar verilməsini xahiş etmişdir. Suallara cavab olaraq evə qazanc gətirən şəxsin həyat yoldaşı olduğunu, həyat yoldaşının da diş həkimi olduğunu, ona görə bu qədər qəzəbləndiyini, özünün işləmədiyini bildirmişdir. Məhkəmə iclasında X5 qeyd etmişdir ki, müstəqil qaydada fəaliyyət göstərən jurnalistdir. Sosial mediada çıxış etmişdir, ancaq bu çıxışlar onun öz fikirləri olmamış, TƏBİB-in icraçı direktoru birifinq keçirərək dövlət xəstəxanalarında çalışan tibb işçilərinin fəaliyyəti barədə danışaraq onların ixtisara salınması barədə məsələni gündəmə gətirmişdir. Daha sonra isə ixtisar məsələləri gerçəkləşməyə başladıqdan sonra həmin həkimlər buna etiraz etməyə başlamışlar. O da həmin paylaşımında özündən heç bir fikir irəli sürməmiş, TƏBİB-in icraçı direktorunun dediklərini yazmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 11 fevral 2026-cı il tarixli protokoldan görünür ki, AR vətəndaşı Şəxs “Facebook” sosial şəbəkəsində X3 təhqir etmişdir. “İnzibati qaydada tutma haqqında” 11 fevral 2026-cı il tarixli, AZA 024470 nömrəli protokoldan görünür ki, Şəxs 11 fevral 2026-cı il tarixdə, saat 16:05-də tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2026-cı il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, İnformasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol vermələrinə görə Şəxs və X1 Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Yasamal RPl-nin 27-ci PŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, materialın saxlanılması üçün Yasamal RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. “Facebook” sosial şəbəkəsi hesabından çıxarışlardan görünür ki, Tural Müseyibova məxsus hesabda edilən paylaşımın şərh hissəsində Fuad Dostulu adlı profil istifadəçisi tərəfindən sonuncu barəsində “jurnalist olmaq üçün şərəfsiz olmaq şərtdir” ifadəsi işlədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 388-1.1.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: 13-2.3-cü maddəsinə əsasən İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 8-ci bəndinə məhkəmələrə tövsiyə etmişdir ki, zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilmişdir. Mübahisə predmeti Şəxs tərəfindən sosial şəbəkə platformasında jurnalist X2 paylaşımına yazılmış “Jurnalist olmaq üçün şərəfsiz olmaq şərtdir?” məzmunlu şərhin hüquqi qiymətləndirilməsindən ibarətdir. Qiymətləndirmə zamanı həm AR İXM-nin 388-1.1ci maddəsinin, həm “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3-cü maddəsinin, həm də AR CM-nin 148-ci maddəsinin dispozisiyaları, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarında göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. AR İXM-nin 388-1.1-ci maddəsi internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin norma blanket xarakter daşıyır və tətbiqi üçün mütləq qaydada “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin mövcudluğu sübuta yetirilməlidir. Təkcə internet resursunda informasiya yerləşdirilməsi inzibati xəta tərkibinin yaranması üçün kifayət etmir. Mübahisəli ifadə sosial şəbəkədə şərh formasında yerləşdirilmişdir və bu baxımdan Şəxs informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi hesab edilə bilər. Şərh yazılması hüquqi mənada informasiya yerləşdirmə kimi qiymətləndirilə bilər. Lakin obyektiv tərəfin bu elementi inzibati məsuliyyət üçün yetərli deyil; yerləşdirilən informasiyanın məhz “yayılması qadağan edilən informasiya” olması tələb olunur. Qanunun 13-2.3.6-1-ci bəndi ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadələrin səsləndirilməsi və ya əxlaq normalarına zidd nümayişlərlə bağlı məlumatların yayılmasını qadağan edir. “Şərəfsiz” ifadəsi kobud və alçaldıcı məna daşısa da, onun lüğəvi mənası “ vicdansız, alçaq, rəzil; rüsvayçı, biabırçı, pislənməyə layiq və s.” anlamına gəlir və əxlaqsız (obscene) leksika (məs: şəxsiyyəti alçaldan küçə söyüşləri və vulqarizmlər, Millimənəvi dəyərlərə, dinə və ya ailə institutuna qarşı işlədilən həqarətli ifadələr, cinsi mövzuda olan, lakin elmi və ya tibbi məqsəd daşımayan, sadəcə ədəbsizliyi təbliğ edən sözlər, cinsi xarakterli təsvir və ya ictimai əxlaqa qarşı nümayiş kateqoriyasına aid edilə bilmədiyi kimi hazırki işdə sual formasında qeyd edilmişdir. Buna görə də həmin ifadənin 13-2.3.6-1-ci bəndin dispozisiyası ilə əhatə olunması üçün hüquqi əsas mövcud deyildir. O da qeyd edilməlidir ki, AR İXM-nin 388-1.1-ci maddəsinin obyekti internet informasiya ehtiyatlarında və informasiya-telekommunikasiya şəbəkələrində qanunvericiliklə müəyyən edilmiş informasiya rejiminin qorunması, yəni ictimai informasiya münasibətlərinin təhlükəsizliyi və qanunauyğun fəaliyyətdir. Bu norma konkret bir şəxsin şərəf və ləyaqətini deyil, dövlət tərəfindən qorunan informasiya mühitinin bütövlüyünü, cəmiyyətin zərərli və yayılması qadağan olunmuş məlumatlardan müdafiəsini təmin edir. Nəticə etibarilə, Şəxs əməlində AR İXM-nin 388-1.1-ci maddəsinin inzibati xəta tərkibi müəyyən edilmir, çünki yerləşdirilən ifadə qanunla yayılması qadağan edilmiş informasiya kateqoriyasına aid edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 105, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin şəxsin əməlində inzibati xəta tərkibi olmadığına görə, AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-1844/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1844/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver