Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1935/2026 16.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 10 fevral 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs QSC tərəfindən 40098.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 yanvar 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 40098.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 yanvar 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 yanvar 2024-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 40098.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 10 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 15 yanvar 2026-cı il tarixli, 5-29/207-26 nömrəli məktubdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 40098.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında 10 fevral 2026-cı il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs QSC tərəfindən 40098.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 yanvar 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 40098.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 11 yanvar 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Azemis elektron məhkəmə sistemi vasitəsilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə məhkəməyə ünvanlanmış etirazdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Mərkəzi Bankının 10 fevral 2026-cı il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cəmiyyətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qeyd edilmişdir. Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir ki, Cəmiyyət 40098.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 10 yanvar 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüş, iki il keçsə də, vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş, vəsait geri qaytarılmamışdır. Bildirirlər ki, tərəflər arasında bağlanmış müqavilə üzrə aparılmış hesablaşmalar və faktiki mal dövriyyəsi nəticəsində ilkin şərtlərdə dəyişikliklər edilmiş, bəzi sifarişlər üzrə artıq ödənilmiş məbləğlər, digər sifarişlər üzrə isə yaranmış qalıq borclar qarşılıqlı qaydada hesablaşmalar aparılmaqla tənzimlənmişdir. Beləliklə, tərəflər arasında aparılmış qarşılıqlı hesablaşmalar nəticəsində artıq ödənilmiş vəsaitlər digər sifarişlər üzrə mövcud olan öhdəliklərin icrasına yönəldilmiş və nəticə etibarilə 40 098,00 (qırx min doxsan səkkiz) ABŞ dolları məbləğində qalıq borc 40 098,00 (qırx min doxsan səkkiz) ABŞ dolları məbləğində qarşılıqlı hesablaşmalar yolu ilə bağlanmışdır. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanın subyektiv cəhəti təqsirin bir növü olan qəsddir, yəni bu xətanı törətmiş şəxs əməlini öncədən görməli, dərk etməli və bunu arzulamalıdır. Müvafiq xətanın tərkib elementini hazırkı işə tətbiq etsələr, Cəmiyyət sadəcə gömrük bəyannaməsində bilməyərəkdən texniki səhvə yol vermişdir. Həmçinin bu inzibati xətanın qanunvericiliyə daxil edilmə məqsədlərinə nəzər saldıqda aydın olur ki, Cəmiyyətin yol verdiyi texniki səhv bu inzibati xətanı törətməyə səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli qərarlarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Cəmiyyətin təqdim etdiyi sənədlərdən məlum olur ki, malların ödənişi avans olaraq icra edilsə də, köçürmədən sonrakı 2 (iki) il ərzində mallar tam həmcdə ölkəyə idxal olunmuşdur. Bu zaman nə dövlət maraqlarına ziyan vurulmuş, nə də ölkədə maliyyə sabitliyi pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 75ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, Mərkəzi Bank tərəfindən təqdim olunan sənədlərlə tərəflərindən təqdim olunan məlumatlar tam olaraq eynilik təşkil etdiyinə görə Cəmiyyət tərəfindən dəyəri ödənilmiş malların ölkə ərazisinə tam həcmdə gətirildiyi sübuta yetirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında 3(5-104)- 1935/2026 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 10 yanvar 2024-cü il tarixdə 40098.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqdim olunmuş etiraz ərizəsində göstərilən hallar iş materialları ilə təkzib olunur və həqiqəti əks etdirmir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs QSC tərəfindən 10 yanvar 2024-cü il tarixində 40 098 ABŞ dolları məbləğində vəsait avans olaraq ölkə xaricinə köçürülmüş, lakin qanunvericilikdə nəzərdə tutulmuş 2 (iki) il müddətində həmin vəsait müqabilində malların ölkəyə idxalı təmin edilməmiş və ya vəsait geri qaytarılmamışdır. MMC tərəfindən irəli sürülən “qarşılıqlı hesablaşmalar aparılması” barədə arqumentlər hüquqi əhəmiyyət kəsb etmir. Çünki valyuta qanunvericiliyinə əsasən, avans ödənişi üzrə öhdəlik ya faktiki idxal, ya da vəsaitin geri qaytarılması ilə icra olunmuş hesab edilir. Müqavilədaxili hesablaşmalar və ya borcların qarşılıqlı əvəzləşdirilməsi həmin öhdəliyin yerinə yetirilməsi kimi qəbul edilə bilməz və qanunvericilikdə belə əsas nəzərdə tutulmamışdır. Bundan əlavə, cəmiyyətin “malların tam həcmdə idxal olunması” barədə iddiaları iş materialları ilə təsdiqini tapmır və bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə, inzibati orqan tərəfindən aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, müvafiq məbləğ üzrə idxal faktı baş verməmişdir. Bu səbəbdən, ərizədə göstərilən bu hal da əsassızdır. Eyni zamanda, cəmiyyətin təqsirin olmaması və texniki səhv barədə arqumentləri də inandırıcı deyildir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi formal tərkibli inzibati xəta olmaqla, öhdəliyin yerinə yetirilməməsi faktının özü məsuliyyət yaradır və bu halda xüsusi olaraq qəsdin sübuta yetirilməsi tələb olunmur. Hüquqi şəxs kimi cəmiyyət üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyə borcludur və bu öhdəliklərin icra edilməməsi texniki səhv kimi qiymətləndirilə bilməz. Beləliklə, ərizədə göstərilən hallar sübutlarla təsdiq olunmadığından, hüquqi baxımdan əsassızdır və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas yaratmır. Mövcud sübutlar isə əksinə, cəmiyyət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (40098.00 ABŞ dolları) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-ci maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 40098.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 8019.6 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-1935/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1935/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver