Məhkəmə qərarları › İş №3(5-104)-1939/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1939/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1939/2026 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələri ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X3 Şöbəsinin xx.xx.2026-cı il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, «BALAKHANİ OPERATİNG COMPANY LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nin mülkiyyətində olan “ZİL MMZ 4502 yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin müqaviləsini təkrar dövlət qeydiyyatından keçirməmişdir və inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Yasamal Rayon Polis İdarəsi DYPŞ-dən daxil olan sorğuya vaxtında cavab verilmişdir, bununla bağlı məktub təqdim edir. Soğru xx.xx.2026-cı il də onlara daxil olmuş, onlar da sürücü barədə məlumatı xx.xx.2026-cı il tarixdə göndərmişdirlər. Həmin məktubu Yasamal RPİ DYPŞ-də xx.xx.2026-cı il tarixdə imzalayaraq qəbul etmişdirlər. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixdə İXP ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verdikdən sonra onu təkrar dövlət qeydiyyatından keçirməməklə və inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələrinin tələblərini pozmuş, nəticədə 2BALAKHANİ OPERATİNG COMPANY LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 339.1-ci maddəsi nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə inzibati qaydada məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, İXM-in 339.1-ci maddəsi alternativ əlamətli inzibati xətadır. Belə ki, alternativ əlamətli inzibati xəta tərkibini o xətalar yaradır ki, orada başa çatmış inzibati xətanın tərkibinin olması üçün İXM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli inzibati xəta tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə xətanın başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq inzibati xətanın törədilməsi kimi qiymətləndirilir. İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan alternativ əlamətlərdən biri də sahibi tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onun təkrar dövlət qeydiyyatından keçirilməməsıdir. Şəxs də məhz bu əsasla, yəni nəqliyyat vasitəsinin icarə və digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi, lakin onu təkrar dövlət qeydiyyatından keçirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əvvəla qeyd edilməlidir ki, «BALAKHANİ OPERATİNG COMPANY LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ-nin balansında olan “ZİL MMZ 4502 yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə müqaviləsi əsasında verilməsi iş materiallarından görünmür, səlahiyyətli orqan bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, «BALAKHANİ OPERATİNG COMPANY LTD” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASİNDAKİ FİLİALİ tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmin MMC tərəfindən sürücüyə yol vərəqəsi verilmişdir. Hansı ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur (Mülki Məcəllə 324, 325, 362.5). Həmçinin qanunçuluq prinsipindən bəhs edən İXM-in 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Hazırkı halda iş materiallarından Şəxs-nın İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi, yəni balansında olan “ZİL MMZ 4502 yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə müqaviləsi əsasında və ya digər əşya hüququna dair müqavilə əsasında başqa şəxsə verməsi müəyyən edilmir. Yəni, mövcud material üzrə Şəxs-nın İXM-in 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas verən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt Şəxs-nın əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Bundan başqa, hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, xəbərnamədə qeyd edilən SX077012305AZ nömrəli sorğu Şəxs-nin ünvanına xx.xx.2026-cı il tarixdə şirkətin əməkdaşı “Əliyeva” soyadlı şəxsə təhvil verilmişdir. Bu hal "xxxx" MMC-yə sorğu göndərilməklə bir daha oz təsdiqini tapmışdır. Lakin hüquqi şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli 01-01-175/2026 saylı məktublara əsasən, protokolda göstərilən inzibati xətanı törədən avtomobilin sürücüsü barədə DYP-yə məlumat verilmişdir. Məktub idarəyə xx.xx.2026-cı il tarixdə göndərilib və xx.xx.2026-cı il tarixdə imzalanıb, Yasamal DYP-yə çatdırılıb. Bununla da hüquqi şəxsin mülkiyyətində olan avtomobillərin istifadəçisi barədə məlumat verildiyindən hüquqi şəxs inzibati məsuliyyəti istisna edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, sorğu hüquqi şəxsə xx.xx.2026-cı il tarixdə təqdim edilmişdir (Azərpoçt-un məktubu ilə təsdiq olunur), hüquqi şəxs tərəfindən sürücü barədə məlumat xx.xx.2026-cı il tarixdə göndərilmişdir, məktub xx.xx.2026-cı il tarixdə Yasamal RPİ DYPŞ tərəfindən qəbul edilmişdir, bununla da qanunla nəzərdə tutulmuş 5 günlük müddət pozulmamışdır. Əksinə, məlumat sorğunun daxil olduğu tarixdən cəmi 1 gün sonra təqdim edilmişdir. Bu səbəbdən hüquqi şəxsin hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. Maddənin dispozisiyasında göstərilən hüquqazidd hərəkət (məlumat verməmə) faktiki olaraq baş verməmişdir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar