Məhkəmə qərarları › İş №3(5-104)-1958/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1958/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1958/2026 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında Bakı şəhər DYPİnin əməkdaşı, polis kiçik serjantı Azad Əsgərov xx.xx.2026-cı il tarixdə saat 18:50 radələrində ona idarə etdiyi 02CA025 dövlət qeydiyyat nişanlı, “CHEVROLET MALİBU MİNİK” markalı avtomobilini saxla əmri verdi və ona avtomobilinin qabaq fara işıqlarına qadağan olunmuş led işıq quraşdırdığını bildirdi. O isə qadağan olunmayan və üzərində olmuş Led 90.5 kodlu işığın eynisi ilə olan 90.5-lə əvəz etdiyini bildirdi. Hətta əgər qadağan olunan işıqlardısa yerində sökə biləcəyini də bildirdi. Lakin DYP-i əməkdaşı yoxlama keçirmədən, ölçü cihazı ilə ölçmədən, yerində özü mütəxəssis olmadan baxış keçirərək İXM-nin 342.2.2-ci maddəsi ilə İXP7755873 nömrəli protokol tərtib etdi. Protokol əsasında isə xx.xx.2026-cı il tarixində barəsində TP7799591 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və 150 manat cərimə edilmişdir. O, həmin qərardan narazılıq edərək ləğv edilməsini istəsə də, nəticə olmadı. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuzdur ki, barəsində çıxarılmış qərar ləğv edilməlidir. Belə ki, idarə etdiyi 02CA025 dövlət qeydiyyat nişanlı “CHEVROLET MALİBU MİNİK” markalı avtomobilinin qabağ faralarına quraşdırılmış led işıqlar qanunidir və üzrərində olan 90.5 kodlu işığı ilə artıq 2 ildir ki, əvəz edilmişdir. Hər hansı idarəetmə zamanı digər sürücülər üçün maneə yaratmır. Bundan əlavə olaraq DYP-i əməkdaşının led işıqlarını idarəyə aparıb baxış keçirib ölçülərək yoxlama aparmadan inzibati protokol tərtib etməsi özü belə qanunsuzdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq barəsində çıxarılmış xx.xx.2026-cı il tarixli, TP7799591 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 izahatında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq isə işıqları zəif olmasına görə dəyişdiyini, rəsmi servisdə deyil, başqa bir servisdə dəyişdiyini, avtomobilin buraxılış ilinin 2019-cu il olduğunu, tipinin isə RS və ya LS olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X2 xx.xx.2026-cı il tarixində, saat 18:50-də Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 85A ərazisində “Chevrolet Malıbu minik” markalı, 02CA025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş video-görüntüyə baxış zamanı “Chevrolet Malıbu minik” markalı, 02CA025 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin işıq cihazlarının led lampaları ilə təchiz edilməsi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun: 30-cu maddəsinin 5-ci bəndində qeyd olunur ki, istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. 1 saylı əlavəsində göstərilir ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda. Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Məhkəmənin mövqeyi və əsaslandırması: Şikayətçi qeyd etmişdir ki, bu dəyişiklik hesab olunmur, çünki üzərində olmuş Led 90.5 kodlu işığın eynisi ilə olan 90.5-lə əvəz etmişdir. İnzibati protokolda və DYP tərəfindən qəbul edilmiş qərarda göstərildiyi kimi, saxlanmanın səbəbi nəqliyyat vasitəsinin konstruksiyasında normativ tələblərə uyğun olmayan avadanlığın dəyişdirilməsi olmuşdur. Avtomobilin qabaq fara işıqlarının Led işıqla dəyişdirilməsi “Chevrolet Malibu minik” markalı 2019-cu il buraxılışlı (premier modeli istisna olmaqla) nəqliyyat vasitəsinin istehsalçı tərəfindən təsdiq olunmuş texniki təsvirlərində və normativ-texniki sənədlərində nəzərdə tutulmamışdır. Belə ki, 2019-cu il buraxılışlı “Chevrolet Malibu minik” markalı LS, RS modelində (standart komplektasiyasına) halojen işıqların nəzərdə tutulduğu, led işığın yalnız premier modelə daxil olması müəyyən olunur. Bu fakt açıq mənbələrdən (https://gmauthority.com/blog/20xx/xx/2019-malibupremier-gains-led-headlights-feature-spotlight/) və avtomobil modelinin texniki xüsusiyyətlərinin ümumi məlumatlarından da məlumdur. Bundan başqa, sözügedən işıqlar rəsmi servis mərkəzində və müvafiq texniki standartlara uyğun qaydada dəyişdirilməmişdir. Avtomobil sahibinin özü tərəfindən adını bilmədiyi başqa bir servisdə işıqların dəyişdirilməsinin bildirilməsi, nəqliyyat vasitəsinin konstruksiyasına istehsalçı tərəfindən nəzərdə tutulmayan avadanlıqla dəyişdirilməsini sübut edir. Bu hal yol hərəkəti təhlükəsizliyi baxımından risk yaradır və inzibati nəzarət orqanının müdaxiləsini zəruri edən əsas kimi çıxış edir. Şikayətçinin “avtomobilinin qabağ faralarına quraşdırılmış led işıqlar qanunidir və üzrərində olan 90.5 kodlu işığı ilə artıq 2 ildir ki, əvəz edilmiş və hər hansı idarəetmə zamanı digər sürücülər üçün maneə yaratmır” iddiası əsassızdır. Yol polisi əməkdaşı mövcud normativ tələblərə uyğun olaraq nəqliyyat vasitəsinin avadanlığının dəyişdirilməsinin qanuniliyini yerindəcə qiymətləndirmiş və faktiki pozuntu aşkar etdiyindən inzibati protokol tərtib etmişdir. İşıq cihazlarının tipi, iş rejimi və rəngi dəyişdirilə bilməz və bu dəyişikliklər yalnız istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Bununla da müəyyən olunur ki, həmin avtomobil istehsaldan çıxarılmamış, çıxarılmış olsa da, dəyişikliklərin beynəlxalq normativlərə və standartlara uyğun gəlməsi tələb olunur. Lakin sözügedən avtomobilin üzərində olmuş işıqların Chevroletin rəsmi servisindən kənar bir yerdə LED işıq ilə dəyişdirilməsi nəqliyyat vasitəsinin konstruktiv xüsusiyyətlərinin qanunsuz dəyişdirilməsi, istismar qaydalarının pozulması və texniki baxımdan yol verilən tələblərin kobud şəkildə pozulması halıdır. Belə dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələbini pozur və inzibati məsuliyyətə səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə təqdim olunmuş sənədləri, tərəfin izahatını və iş materiallarını hərtərəfli tədqiq etdikdən sonra belə qənaətə gəlir ki, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh qərarı qanuni və əsaslı şəkildə qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 29 yanvar 2026-cı il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar