Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-1969/2026 17.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Bəxtiyar Babayev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2026-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9779/17 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq 07 aprel 2013-cü il təvəllüdlü X5 və 05 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay 273,20 manat sabit pul məbləğində aliment tutularaq, Şahin (Mehrəliyeva) Afaq Gülağa qızına ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bundan başqa Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2354/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 07 aprel 2013-cü il təvəllüdlü X5 və 05 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs hər ay 386 manat sabit pul məbləğində aliment tutularaq, Şahin (Mehrəliyeva) Afaq Gülağa qızına ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu müxtəlif bəhanələrlə icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Bununla da həmin şəxs tərəfindən İXM-in 528.1-ci madldəsinin tələbləri pozulmuşdur. Barəsində tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirilməlidir ki, şəxsin 10000 manata yaxın məbləğdə borcu yığılmışdır və mütəmadi ödənişlər etməsinə baxmayaraq borcdan cüzi məbləğlər silinir. Təsdiq edir ki, 2024-cü ildən bu günə qədər hər ay mütəmadi olaraq 400 manata yaxın pul tələbkara ödənilir, bu gün də 450 manat ödənilib, lakin tələbkar şikayətçidir. Ona görə də məcburdur protokol tərtib edib məhkəməyə müraciət etsin. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, o, həmin icra sənədini icra etməkdən yayınmamışdır. Müəyyən çətinlikləri var idi, amma hər ay ödəniş edir. Bundan sonra hər ay stabil olaraq alimenti ödəyəcək. Halhazırda da ödəniş etməyə hazırdır. Odur ki, işə xitam verilməsini məhkəmədən xahiş edir. Əlavə olaraq borclu bildirdi ki, o müəyyən müddət həbsdə olmuş, ona görə borc yığılmışdır. 2024-cü ildən uşaqların saxlanılması üçün hər ay 400 manat civarında icra sənədi üzrə ödəniş edir. Buna baxmayaraq tələbkar uşaqları götürüb başqa ölkəyə köçüb, uşaqlarla görüşməyə icazə vermir. Bu gün də 450 manat ödəniş olunub və gələcəkdə ünsiyyət ilə bağlı məhkəməyə müraciət olunacaq. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərarı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9779/17 saylı, xx.xx.2017-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2354/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədardır. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli və xx.xx.2022ci il tarixli qərarla icraata başlanılmış, qərara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya xx.xx.2017-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlər çatdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “ABB” bankdan əldə edilmiş hesabdan çıxarışın sürətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2024-cü ildən tələbkar Şahin (Mehrəliyeva) Afaq Gülağa qızına mütəmadi ödəniş etmişdir. Həmin ödənişlər aliment öhdəliyinin faktiki icra olunmasını təsdiq edir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qəbzin sürətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tələbkar X3 450 manat ödəniş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olfevralan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət yalnız icra sənədinin üzrsüz və qəsdən icra edilməməsi halında yaranır. İnzibati xətanın obyektiv tərəfi icra sənədinin yerinə yetirilməməsində ifadə olunur. Subyektiv tərəfi isə təqsirin mövcudluğunu, yəni şəxsin icra etməmək niyyətini ehtiva edir. Məhkəmə iclasında hazırkı iş üzrə borclunun aliment öhdəliyini tamamilə inkar etmədiyi, mütəmadi qaydada ödənişlər həyata keçirdiyi, icraat dövründə belə əlavə ödəniş etdiyi, aliment öhdəliyinin icrasından yayınmaq niyyətinin sübut olunmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin müəyyən dövrdə tam həcmdə ödənilməməsi avtomatik olaraq İXM-in 528.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati məsuliyyət üçün icra sənədinin üzrsüz və davamlı şəkildə icra edilməməsi, habelə icra məmurunun qanuni tələblərinə qəsdən əməl olunmaması sübuta yetirilməlidir. Toplanmış sübutların məcmusu isə göstərir ki, borclunun hərəkətlərində icra sənədinin qəsdən və tam şəkildə icra edilməməsi faktı təsdiq olunmur. Əksinə, onun aliment öhdəliyini yerinə yetirmək istiqamətində real davranışları mövcuddur. Azərbaycan Respublikası İXM-in tələblərinə əsasən şəxs yalnız təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə cəlb oluna bilər. Təqsirin mövcudluğu ilə bağlı aradan qaldırılmayan şübhələr şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv tərkib əlamətləri mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-9779/17 saylı, xx.xx.2017-ci il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2354/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-1969/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-1969/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver