Məhkəmə qərarları › İş №3(5-104)-2069/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2069/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2069/2026 19.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs – X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş 19 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında Şəxs qonşusu vətəndaş X6 döyərək ona xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, X9 ona pəncərəni açaraq onun ünvanına nalayiq ifadələr işlədir, həmçinin onu küçədə görərkən də söyüşlər söyür. Hadisə günü övladını məktəbə apararkən X9 onun ünvanına söyüşlər söymüş və onu təhqir etmişdir. Daha sonra zərərçəkmiş şəxs yaxınlaşıb birdən-birə qışqıraraq onu döydüyünü bildirmişdir. O isə təəcüblü şəkildə X7 baxmışdır, sonuncuya əli belə dəyməmiş, həmin şəxs ona oyun qurmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 bildirmişdir ki, hadisə günü Şəxs heç bir əsas olmadan blokun girişində onu döyməyə başlamış, döyən zaman kənarda çoxlu şəxslər olmuşdur. Günel saçlarını yolmuş, qabırğalarını zədələmiş, boğazını sıxmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, zərərçəkmiş şəxsin evinin yaxınlığında dönər satılan yer vardır. Onun da işi ondan ibarətdir ki, həmin yerdən çörəkləri götürərək başqa yerə aparır, yəni taksi fəaliyyəti kimi. Həmin gün yenə də çörək götürmək üçün oraya gəlmiş, o, nə zərərçəkmiş şəxsi, nə də Günel xanımı tanımır. Hadisə vaxtı qışqırıqları eşitmiş, yaxınlaşanda görmüşdür ki, Şəxs zərərçəkmiş şəxsin boğazından tutaraq onu döyür. O da aralarına girərək onları ayırmışdır, əgər onları ayırmasa idi, zərərçəkmiş şəxsə daha ağır zərər yetirilə bilərdi. Həmçinin Şəxs nalayiq ifadələr də işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, hadisə vaxtı o da orada olmuşdur. Şəxs zərərçəkmiş şəxsə əli dəymədən şəxs özünü yerə ataraq yıxılmışdır. Yalan hərəkətlərlə özünü yerə atdıqdan sonra qışqırmağa başlamışdır. Şəxs zərərçəkmiş şəxsi döyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi və qərarın surətinin məlumat üçün maraqlı tərəfə verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin icra olunması üçün aidiyyatı üzrə 27-ci PŞ-nə verilməsi, toplanmış materialın saxlanılması üçün Yasamal RPİ-nin 27-ci PŞ-nin arxivinə verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X12 canlı şəxsin ekspertizasının 10 oktyabr 2025-ci il tarixli, 862 saylı rəyindən görünür ki, vətəndaş X5 bədəni üzərində müəyyən edilmiş xəsarət – çənəaltı və boyun nahiyəsinin ön səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətin şəxsin yıxılması nəticəsində törənməsi inkar olunur; “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında” 30 oktyabr 2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 510-cu maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır; “inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” 16 noyabr 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X5 ərizəsi əsasında toplanmış materialla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə uyğun olaraq başlanılmış iş üzrə icraat İXM-nin 104.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İnzibati xəta haqqında 19 fevral 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanında Şəxs qonşusu vətəndaş X6 döyərək ona xəsarət yetirmişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aktdan görünür ki, Eldar Zeynalov, Zeynalova Aynurə, Bədəlova Günay, İbrahimov Fuad, İbrahimli Valeh, Məmmədov Anar, Alməmmədova Naina, Cəfərova İradə, Əliyev Mübariz, Quliyev Namiq tərəfindən imzalanmış şəxslər bu aktı tərtib etmişlər ondan ötrü ki, Ə. Haqverdiyev küçəsi, ev 13, mənzil 60 ünvanında yaşayan Şəxs təxminən dörd ilə yaxındır qeyd olunan ünvanda yaşayır. Bu müddət ərzində onun qonşularla heç bir münaqişəsi, insidenti və ya narazılığı olmamışdır. O, ailəsi ilə birlikdə sakit, mədəni və qaydalara riayət edən şəxs kimi tanınır, ətraf sakinlərlə normal qonşuluq münasibətləri saxlayır. Bu akt, zərurət yarandıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən məhkəmə, icra hakimiyyəti və digər qurumlara təqdim olunmaq məqsədilə tərtib edilmişdir. Təqdim edilmiş fotoşəkillərdən X5 bədəni üzərində xəsarətlərin olduğu görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin izahatı, şahidin ifadəsi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X12 canlı şəxsin ekspertizasının 10 oktyabr 2025-ci il tarixli, 862 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Bununla yanaşı, məhkəmə AR İXM-nin 38-ci maddəsinin tələblərini nəzərə alaraq hazırki material üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 104.1.3-cü maddəsinə əsasən inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda icraat dayandırılır. 104.5-ci maddəsinə əsasən Prokuror inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarı aldığı vaxtdan bir ay müddətində həmin qərarın qəbul edilməsində bu Məcəllənin 104.1-ci maddəsinin tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin yoxlama ilə əlaqədar prokuror müvafiq qərarı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materiallarını tələb etdikdə, materiallar bir gün ərzində prokurora təqdim edilməlidir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmənin mövqeyi: “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” 16 noyabr 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X5 ərizəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış icraat İXM-nin 104.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Halbuki, İXM-nin 104.1.3-cü maddəsinə görə icraat yalnız inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda dayandırıla bilər. Mövcud halda isə barəsində icraat aparılan şəxs müəyyən edilmiş, yaşayış yeri bəlli olmuş və faktiki olaraq əlçatan vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsin xəstəliyi ilə əlaqədar iclasa gələ bilməməsi isə qanunvericilikdə icraatın dayandırılması üçün əsas kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən icraatın dayandırılması barədə qərar İXM-nin 104.1.3-cü maddəsinin tələblərinə uyğun olmamış və qanunsuz qəbul edilmişdir. Bundan əlavə, İXM-nin 38.5-ci maddəsinə əsasən yalnız inzibati xəta törətmiş şəxs qaçıb gizləndikdə məsuliyyətə cəlbetmə müddətinin axımı dayanır və həmin şəxsin aşkar edildiyi vaxtdan bərpa olunur. Lakin iş materiallarından görünür ki, barəsində icraat aparılan şəxs qaçıb gizlənməmiş, daimi yaşayış yeri məlum olmuş və həmin ünvanda yaşamışdır. Belə olan halda müddətin dayanması üçün qanuni əsas mövcud olmamışdır. Bu baxımdan, qanunsuz dayandırma qərarı hüquqi nəticə doğurmadığından, məsuliyyətə cəlbetmə müddəti cinayət işinin rədd edilməsi haqqında qərarın qəbul edildiyi tarixdən hesablanmalı və müddətin bitməsi səbəbindən inzibati icraata xitam verilməlidir. Hazırki materialdan görünür ki, Şəxs tərəfindən AR CM-nin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta 08 oktyabr 2025-ci il tarixdə törədilmiş və həmin fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 28 oktyabr 2025-ci il tarixdə qəbul edilmişdir ki, belə olan halda həmin rədd qərarının qəbul edildiyi vaxtdan 03 ay 22 gün müddət keçdiyindən və bununla da həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etməni nəzərdə tutan 03 aylıq müddət də keçmiş hesab olunmaqla bu hal, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AR İXM-nin 157 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsini və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini istisna edir. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 157 və 510cu maddələri ilə təqsirli olması iş materialları ilə sübuta yetirilsə də, həmin inzibati xəta ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar