Məhkəmə qərarları › İş №3(5-104)-2119/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2119/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2119/2026 02.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34048326, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34048326, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, o, DYP-nin EQ 34048326 saylı xx.xx.2026 tarixli inzibati xəta haqqinda protokolu üzrə xx.xx.2026 tarixli qərarı ilə AR İnzbati Xətalar Məcəlləsinin 327.1-1 maddəsi ilə 100 manat cərimə olunmuşdur və 2 cərimə balı tətbiq olunmuşdur. İnzibati xəta yeri kimi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, Badi Səba restoranın qarşısı, 20 Yanvar metro stansiyası dairəsi istiqamətinə gedən yol qeyd edilmişdir. DYP-nin EQ 34048326 sayli xx.xx.2026 il tarixli inzibati xəta haqqinda protokolu üzrə xx.xx.2026 tarixli qərarını tamamilə qanunsuz və əsassız hesab edir. Protokola əlavə edilmiş video və fotoşəkildən də görünür ki, həmin yolda zolaq yoxdur, orada yalnız qırıq-qırıq nişanlama xətti vardır. Bundan başqa, protokola əlavə edilmiş video və fotoşəkildən görünür ki, avtomobil əvvəlcədən, yəni həmin yolun başlanğıcından həmin yolda hərəkət etmir. Avtomobil yalnız sağa dönərkən və bu zaman sağa dönmə işiqlarını yandırmaqla həmin yola daxil olur və həmin yolu tərk edərək sonda sağa dönüş edir. Odur ki, DYP-nın EQ34048326 sayli 19.02J2026 il tarixli inzibati xəta haqqinda protokolu üzrə xx.xx.2026 tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34048326, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən X5 xx.xx.2026-cı il tarixdə saat 17:12-də Yasamal rayonu, Moskva prospektində Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə) təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2026-cı il tarixdə həqiqətən də “5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi” ilə müşaiyyət olunan xətanı təsdiq edəcək sübutla təsdiq edilmir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, Badi Səba restoranın qarşısı, 20 Yanvar metro stansiyası dairəsi istiqamətinə gedən həmin yolda zolaq yoxdur, orada yalnız qırıq-qırıq nişanlama xətti vardır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1.-1.-cı maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 ni panları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV-cü hissəsinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Göründüyü kimi, “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yollarda zolaq olmalıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. İş materiallarına əlavə edilmiş foto və video görüntülərdən görünür ki, hadisə yerində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolağı faktiki olaraq tam və fasiləsiz şəkildə ayrılmamışdır, yolun hərəkət hissəsi yalnız qırıq-qırıq nişanlama xətti ilə işarələnmişdir, nəqliyyat vasitəsi həmin yolda sağa dönmə manevri zamanı sağa dönmə işıqlarını yandıraraq həmin hissəyə daxil olmuş və dərhal yolu tərk etmişdir, ümumi istifadədə olan nəqliyyat vasitəsinə hər hansı maneə yaradılması sübutlarla təsdiq edilmir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətin yaranması üçün aşağıdakı şərtlər eyni vaxtda mövcud olmalıdır: 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş xüsusi zolağın faktiki mövcudluğu, həmin zolağın digər hərəkət hissəsindən normativ qaydada ayrılması, qanunda nəzərdə tutulmuş istisnalar olmadan həmin zolaqda hərəkət faktı, bu faktın mötəbər sübutlarla təsdiq edilməsi. Məhkəmə iclasında isə müəyyən edildi ki, xüsusi zolağın mövcudluğu və normativ qaydada ayrılması sübut edilməmişdir, zolaq qırıq-qırıq nişanlama xətti ilə ayrıldığından qanunla icazə verilən hallara (dönmə manevri) aid vəziyyət yaranmışdır, inzibati xəta tərkibinin obyektiv tərəfi sübuta yetirilməmişdir, şəxsin təqsiri iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədikdə o, məsuliyyətə cəlb edilə bilməz. Şübhələr isə şəxsin xeyrinə şərh edilməlidir. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Bu səbəbdən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34048326 saylı, xx.xx.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 327.1-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34048326, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar