Məhkəmə qərarları › İş №3(5-104)-2122/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2122/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2122/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, Qərarından şikayət verilmiş orqanın nümayəndələri Nümayəndə2 və Nümayəndə3, Şikayət vermiş X11 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X8 tərəfindən 03 fevral 2026-cı il tarixində "X19” MMC-yə məxsus "GERMAN HOSPİTAL" tibb müəssisəsində qəflətən və əsassız yerə plandankənar yoxlama həyata keçirilmişdir. Yoxlama nəticəsində hüquqi absurddan başqa bir şey olmayan, İXM-nin 215.1-ci maddəsinə əsasən xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin qanunsuz protokol əsasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən heç bir obyektiv araşdırma aparılmadan, cərimə növündə inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərar çıxarılmışdır. Qərarda qeyd edilmişdir ki, yoxlama zamanı hüquqlarını müdafiə etdiyi şəxsin - həkim X9 qanunvericiliklə müəyyən olunmuş əsaslar, yəni plastik cərrah ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı aşkar edilmişdir. Bu iddia açıq-aşkar şəkildə faktların təhrif edilməsi və dövlət orqanının özbaşınalığıdır. Aşağıdakı səbəblərdən xx.xx.2026-cı il tarixli MN ******* nömrəli qərar tamamilə qanunsuz və əsassızdır: Qeyd edir ki, X14 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinə daxil olmuş və 2009-cu ildə həmin universiteti "Müalicə işi" ixtisası üzrə tam kursla bitirmişdir. Bu barədə ona BB-İ № 013109 seriyalı Diplom (Qeydiyyat № 77) verilmişdir. Daha sonra, xx.xx.2009 - xx.xx.2011-ci illərdə Ukrayna, X10 Diplomdansonrakı Təhsil İnstitutunda "Cərrahiyyə" ixtisası üzrə tam kurs (klinik ordinatura) keçmişdir. Bu barədə ona № 005748 seriyalı Şəhadətnamə (Qeydiyyat № 897) verilmişdir. Məhz xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ÖZÜ Tərəfindən ona "Ümumi cərrahiyyə" ixtisası üzrə tibbi fəaliyyətlə məşğul olmağa buraxılma barədə № 0543 saylı ŞƏHADƏTNAMƏ verilmişdir. İndi isə həmin Nazirlik verdiyi şəhadətnaməni heçə sayır! Şikayətçi illərdir bu sahədə qüsursuz və peşəkarcasına fəaliyyət göstərərək, insanların sağlamlığı üçün əlindən gələn hər şeyi etmişdir. Fəaliyyət göstərdiyi illər ərzində pasiyentləri tərəfindən bir dənə belə narazılıq olmamış, əksinə, həmişə onlardan xoş sözlər eşitmişdir. Onun bu ağır zəhməti və nailiyyətləri qazanarkən yeganə məqsədi xalqa layiqincə xidmət etmək olub. Bu məqsədlə də 2012-ci ildən etibarən ölkədə müstəqil cərrah kimi fəaliyyət göstərir. Bu illər ərzində o, peşəkar inkişafı üçün daim çalışmış və aşağıdakı nüfuzlu beynəlxalq kurs və konqreslərdə iştirak etmişdir: xx.xx.2016-cı il Mahaçqala şəhərində Rusiya Cərrahlar Cəmiyyəti tərəfindən keçirilən "Endoskopik Cərrahiyyə üzrə Master-klass ilə İİ Beynəlxalq Konfrans". xx.xx.2018-ci il: İstanbulda İSSCA tərəfindən keçirilən "X15 və X5" konfransı. 26-xx.xx.2019-cu il: Samsun şəhərində TPRECD tərəfindən keçirilən 41-ci Milli Qurultay. 20-xx.xx.2022-ci il: İstanbulda İSAPS Dünya Konqresi (6 Avropa CME krediti). 04-xx.xx.2024-cü il: İstanbulda "X7" (X13). 12xx.xx.2024-cü il: İstanbulda "1-ci Beynəlxalq Üz və Döş Simpoziumu". "Epiray" şirkəti tərəfindən "EPİRAY FRACT CO2 LASER" cihazları üzrə istifadəçi sertifikatı. Bundan başqa, o çoxsaylı qısamüddətli kurslarda iştirak etmişdir və bu sahədə kifayət qədər dərin bilik və təcrübə qazanmışdır. Bütün bu fədakarlıqların Səhiyyə Nazirliyi tərəfindən bir qələmlə silinməsi ədalətsizliyin ən bariz nümunəsidir! Qeyd edir ki, 18 fevral 2022-ci il tarixində şikayətçiyə plastik cərrah kimi sertifikasiya şəhadətnaməsi verilmişdir. Lakin sonradan bu şəhadətnamə elə Səhiyyə Nazirliyi tərəfindən ləğv edilmişdir. Məhz həmin ləğv edilmə tarixindən sonra, yəni 17 aprel 2025-ci il tarixində Səhiyyə Nazirliyi tərəfindən ÖZÜ "Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən, ali tibb təhsili proqramına uyğun olaraq, icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı"nı təsdiq etmişdir. Bu səbəbdən, həkim X14 qanuna hörmət edərək yenidən müraciət etmiş və 25 dekabr 2025-ci il tarixində ümumi cərrah kimi sertifikasiya şəhadətnaməsi almışdır. Həmin tarixdən etibarən isə, o, X1 və bilavasitə Səhiyyə Nazirliyinin qərarları ilə təsdiq edilmiş Siyahıda ümumi cərrahlara xüsusi olaraq İCAZƏ VERİLƏN prosedur və əməliyyatların icrasına başlamışdır. Açıq şəkildə bildirir ki, "X2 İX buraxılışı üzrə siyahının" İV hissəsinə əsasən, aşağıdakı əməliyyatlar ÜMUMİ CƏRRAHLAR tərəfindən də icra edilə bilən plastik cərrahiyyə əməliyyatlarına daxil edilmişdir: Ektopik süd vəzinin toxumasının kəsiklə çıxarılması, əlavə gilənin kəsiklə çıxarılması; İkitərəfli reduksiya mammoplastikası, amputasion mammoplastika; Reduksiya mammoplastikası (ginekomastiya səbəbindən); Artırılma məqsədilə mammoplastika, augmentasiya üçün süd vəzinə inyeksiya və ya implant (birtərəfli/ikitərəfli); Süd vəzinə piy qrefti (autoloji piyin transplantasiyası, mikro-piy qreftin köçürülməsi); Mastopeksiya, TRAM yamağı, gilənin transpozisiyası və bərpası; Ölçü kiçildilməsi üzrə plastik əməliyyat; Abdominoplastika: Adipoz toxumasının reduksiyası (qarın divarı, əllər, sağrı, budlar). Bu siyahı səhiyyə sahəsində ən effektiv və hüquqi baxımdan təsdiqedici sənəd hesab olunur. Siyahı ümumi cərrahın plastik cərrahiyyə sahəsində praktiki tibbi fəaliyyət göstərməsini tam qanuni çərçivədə təsdiq edir. Bu isə birmənalı olaraq o deməkdir ki, X14 ümumi cərrah şəhadətnaməsinə əsasən bu əməliyyatları HƏYATA KEÇİRƏ BİLƏR! Və o da siyahıda qeyd edilən əməliyyatlardan kənar heç bir prosedur həyata keçirməmişdir. Dövlət orqanının həm qərar qəbul edib icazə verməsi, həm də həmin qərara əməl edən vətəndaşı cəzalandırması qəbuledilməzdir! Bildirir ki, Siyahının İV hissəsində yer alan "xüsusi hazırlıq keçmiş cərrahlar tərəfindən icra edilə bilər" qeydindəki "xüsusi hazırlıq" ifadəsinin hüquqi meyarları bu günə qədər açıq şəkildə müəyyən edilməmişdir. Həmin hazırlığın təşkili birbaşa Səhiyyə Nazirliyinin MÜTLƏQ səlahiyyətində və öhdəliyindədir. Öz vəzifəsini icra etməyən Nazirliyin qanunsuzluğu artıq məhkəmələrdə də sübuta yetirilib. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-102)-38/2026 nömrəli Qərarı ilə Məhkəmə (X21) eyni hallar üzrə, eyni Siyahıya istinad edərək Səhiyyə Nazirliyinin qərarını ləğv etmiş və aşağıdakı sarsılmaz hüquqi mövqeyi ortaya qoymuşdur: Məhkəmə təsdiq etmişdir ki, "xüsusi hazırlıq" anlayışının hüquqi meyarları mövcud qanunvericilikdə konkret və aydın şəkildə müəyyən edilməmişdir. Hazırlığın təşkili Səhiyyə Nazirliyinin öhdəliyindədir və bu edilmədiyi halda, "hüquqi qeyri-müəyyənliyin nəticələrinin inzibati məsuliyyətə cəlb olunan şəxsin üzərinə qoyulması YOLVERİLMƏZDİR". Məhkəmə qərarında həmçinin xüsusi vurğulanmışdır ki, xx.xx.2025-ci il tarixli Siyahının İV hissəsinə əsasən Ümumi Cərrahlar (Mayis Nəzərov kimi) mammoplastika, abdominoplastika və digər sadalanan əməliyyatları icra etmək SƏLAHİYYƏTİNƏ MALİKDİRLƏR. Bununla yanaşı, həmin siyahı qəbul edildikdən sonra şikayətçi tərəfindən xüsusi hazırlıq kursunun keçilməsi üçün dəfələrlə həm Səhiyyə Nazirliyinə, həm də X3 rəsmi müraciətlər edilsə də, hazırkı tarixə kimi bu müraciətlər dövlət qurumu tərəfindən kobudcasına və tamamilə cavabsız qalmışdır (Həmin müraciətlərin surətlərini şikayətə əlavə edib). Dövlət orqanının öz fəaliyyətsizliyini və öhdəliklərini icra etməməsinin faturasını vicdanlı həkimin üzərinə yükləməsi, onu cərimələməsi qətiyyən qəbuledilməzdir! Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)-2886/2025 saylı qərarında da (bu qərar qoşmada nümunə kimi təqdim ediləcək) açıq qeyd olunduğu kimi, müvafiq meyarlar müəyyən edilmədən "xüsusi hazırlıq” keçməmək əsas götürülərək inzibati xəta haqqında qərar tərtib edilməsi qanunsuzdur və hüquqi baxımdan əsassızdır. Məhkəmələr bir sıra hallarda ümumi cərrahların plastik cərrahiyyə əməliyyatları icra etməsinə görə verilmiş belə haqsız inzibati tənbeh qərarlarını məhz 17 aprel 2025-ci il tarixli Siyahıya istinadla ləğv etmişdir. X9 inzibati məsuliyyətə cəlb olunması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2026-cı il tarixli MN ******* nömrəli, tamamilə qanunsuz inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, şikayətə qərarlar əlavə etmişdirlər, oxşar işlərlə bağlı məhkəmə qərarı var, həmin qərarlardan biri də yanvar ayında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Afət Quliyeva tərəfindən qəbul edilmiş və Səhiyyə Nazirliyi tərəfindən şikayət verilməyən, artıq hüquqi qüvvəsini almış digər həkim barəsində eyni əsaslarla bağlı olaraq qəbul edilmiş qərardır. İddia edilir ki, hüquqlarını müdafiə etdiyi şəxs liposaksiya əməliyyatı icra etməklə ümumi cərrah ixtisası olsa da, guya faktiki olaraq plastik cərrahiyə əməliyyatı icra edib. Buna görə də şəxs barəsində müvafiq qərar qəbul ediblər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, hüquqlarını müdafiə etdiyi Mais Nəzərov 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin “müalicə işi” fakültəsinə qəbul olub, 2009-cu ildə həmin universitetin “müalicə işi” ixtisasını bitirib. 2009-2011-ci illərdə Ukraynada müvafiq cərrahiyyə ixtisası kurs keçmiş və müvafiq qeydiyyat şəhadətnaməsi almış, sonuncu dəfə həkim özü Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ümumi cərrahiyyə ixtisası üzrə 2012-ci ildə və 2025-ci ildə ümumi cərrahiyə işi ilə məşğul olmaq hüququ verilmişdir. Cərrahiyyə ixtisası üzrə peşə hazırlığı keçən mütəxəssislər tərəfindən icrasına icazə verilən plastik əməliyyatların beynəlxalq təsnifatının 9-cu buraxılışının siyahısı var. Hüquqlarını müdafiə etdiyi şəxsə deyilir ki, o liposaksiya yəni, həmin təsnifatın 4-cü bəndində ümumi cərrahlar tərəfindən icra edilə bilən plastik əməliyyatlar qeyd edilir. Onu da qeyd etmək lazımdır ki, 2025-ci ilin aprel ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi özü öz rəsmi saytında yerləşdirib ki, cərrahlar hansı plastik cərrahiyyə əməliyyatlarını icra edə bilər. Ümumi cərrahların icra edə biləcəyi əməliyyatlar 4-cü bənddə nəzərdə tutulmuşdur, onlardan biri də liposaksiya əməliyyatıdır. Şikayətə əlavə etdikləri yanvar ayında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Afət Quliyeva tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən şikayət verilməyən qərarda və digər qərarlarda da müəyyən olunur ki, həmin siyahının sonunda xüsusi bir qeyd yazılmışdır ki, həmin əməliyyatlar xüsusi hazırlıq keçmiş cərrahlar tərəfindən icra edilə bilər. Xüsusi hazırlıqla bağlı vahid məhkəmə təcrübəsinə dair Bakı Apellyasiya Məhkəməsinin oktyabr və sentyabr tarixli qərarları, sonuncusu da yanvar ayında Afət Quliyeva tərəfindən qəbul edilmiş qərar var. Həmin qərarlarda qeyd olunur ki, nə qədər ki, həmin hazırlıq kurslarını keçmək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəzifələrinə aiddir, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həmin kursu təşkil etmədən, onun proqramını, meyarlarını müəyyən etmədən həkimlərə bu siyahıda göstərilən əməliyyatları icra edib-etməcəyini müəyyən edə bilməz. Çünki bu əməliyyatlarla bağlı xüsusi hazırlıq kurslarını təşkil etmək vəzifəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin üzərinə düşür və məhkəmələrdə haqlı olaraq müəyyən edir ki, nə qədər ki, bu siyahını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qəbul edib və cərrahların bu əməliyyatları icra edə biləcəyini müəyyən edib və bununla bağlı hazırlıq kursu təşkil etməyibsə, bununla bağlı həkimlər barəsində müvafiq əsaslarla inzibati xəta haqqında protokol tərtib edə bilməz. Birmənalı şəkildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş və şəxs həmin siyahıdan göstərilən əməliyyatlardan kənar heç bir əməliyyat icra etməyib və məhkəmə qərarlarında da birmənalı şəkildə liposaksiyanın ümumi cərrah tərəfindən icra edilməsi birmənalı şəkildə öz əksini tapdığından, yəni məhkəmələr qeyd edir ki, ümumi cərrah 4-cü təsnifatda göstərilən əməliyyatları icra edə bilər. 2025-ci ilin aprel ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi özü bu siyahını sistemə qeyd edib ki, digər cərrahlar hansı əməliyyatları icra edə bilər. Burada da qeyd yazılıb ki, xüsusi hazırlıq kursu keçmiş cərrahlar tərəfindən icra edilə bilər. Məhkəmələr isə xüsusi hazırlıq kursuna qiymət verir ki, nə qədər ki, o kursun keçirilmə müddəti, meyarı, proqram məsələsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilməyib buna görə həkim barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməz, buna görə də məhkəmə həmin işə xitam verib. Hüquqlarını müdafiə etdiyi şəxsin plastik cərrahiyyə sertifikatı olub, bu sahədə dəfələrlə kurs keçib, bu sahədə xüsusi təcrübəsi var. Əgər belə bir icazə yox idisə niyə bu təsnifatı müəyyən ediblər? Hüquqlarını müdafiə etdiyi şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həmin kursların keçirilməsi ilə bağlı noyabr ayında rəsmi müraciətləri var, həmin müraciətlərdə yazır ki, "Ulduz işarəsi” adı altında nəzərdə tutulan kurslar ümumiyyətlə təşkil olunacaq mı? Əgər təşkil olunacaqsa həmin kursların başlanma tarixi, müddəti və proqram kursları barədə məlumat almaq mümkündür mü? Bu kursların müraciət qaydaları, seçim meyarları və sertifikatlaşma prosesi necə müəyyən olunacaq? Hazırda plastik cərrahiyyə əməliyyatları icra etmək üçün ümumi cərrahların hüquqi statusu necə tənzimlənir? Sözügedən “ulduzlu” kurslar ölkə daxilində keçiriləcək yoxsa ölkə xaricində təşkil olunması planlaşdırılır? Bütün sənədləri şikayətə əlavə etmişdirlər, həmin e-poçtların çıxarışları da mövcuddur. Əgər bu kurslar xaricdə keçirilməli idisə, onda vətəndaşa cavab yazardılar ki, bu kursları gedib xaricdə keçdikdən sonra bu əməliyyatları icra etsinlər. Vətəndaşa heç bir cavab verilməyib. Bu gün elə bir praktika da yoxdur, ona görə də Bakı Apellyasiya Məhkəməsi qeyd edir ki, xüsusi hazırlıq kurslarını təşkil etmək müddəti, qaydası səhiyyə nazirliyinin üzərinə düşür. Nə qədər ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi o kursu təşkil etməyib, təşkil etmədiyinə görə həkimlər barəsində protokol və qərar qəbul edilməsi əsassızdır. Ona görə də analoji qərardan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi şikayət verməyib, şikayət verdiyi qərarlar da qüvvədə qalmışdı. . Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, burada bir sıra məsələlər var, belə ki, qarşı tərəf qeyd etdi ki, həkim plastik cərrahlıqla məşğul olub, hətta onun sertifikatı olub, ancaq onlar qeyd etmədilər ki, həmin şəxsin plastik cərrahlıqla bağlı sertifikatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yaradılmış təftiş komissiyası tərəfindən ləğv olunub. Daha sonra plastik cərrahiyyə ilə bağlı müraciət etdikdə ona plastik cərrahiyyəyə icazə olmadığını deyiblər, o da ümumi cərrahiyyə üzrə müraciət edib. Şəxs atdığı maillərlə də təsdiq edir ki, onun məlumatı var imiş ki, qeyd olunan əməliyyatları icra etmək üçün xüsusi kurs keçmək lazımdır. Bu məsələ dövlət orqanı ilə həkim arasında olan bir məsələ deyil, burada üçüncü şəxslər, yəni vətəndaşlar var. Vətəndaşlar məlumatlı deyil ki, həkim bu əməliyyatı icra edə bilər ya yox. Vətəndaş bunu bilmədən, həkim xüsusi hazırlıq kursu keçmədən vətəndaşı əməliyyat edir. Həkim bu əməliyyatı icra etmək üçün xüsusi kurs keçmək lazım olduğunu bilə-bilə vətəndaşı əməliyyat edir və bununla da vətəndaşın hüququna toxunur və vətəndaşın xəbəri olmadan onun yerinə risk alır. Hansı ki, xüsusi təftiş komissiyası tərəfindən bir sıra sertifikatlar ləğv olunmuşdu və ləğv olunan sertifikatlar arasında bu həkimin də sertifikatı var idi. Hətta Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” PHŞ tərəfindən tabeliyində plastik cərrahiyyə ilə məşğul olan həkimlər olan xəstəxanalara məktub ünvanlanmışdı ki, müvafiq həkimlərin plastik cərrahiyyə ilə bağlı sertifikatı təftiş komissiyasının qərarı ilə ləğv olunmuşdur və həmin işçi ilə əmək müqaviləsinə xitam versinlər. Qarşı tərəf özü də qeyd edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən ona cavab verilmədiyi üçün bu əməliyyatları icra etmişdir. Həkim ona görə cərimələnib ki, bu həkim ümumi cərrahdır və ümumi cərrahların əməliyyat edə bildikləri sahələr ayrıdır, əlavə olaraq ümumi cərrahların, üz-çənə cərrahlarının vəs. xüsusi kurs keçmək şərti ilə bəzi plastik əməliyyatları həyata keçirmək səlahiyyəti vardır. Həkim də həmin xüsusi kurs keçmək şərtinə əməl etmədən bu əməliyyatları həyata keçirib. İnzibati xəta haqqında protokol bununla bağlı tərtib edilib. Xüsusi hazırlıq kurslarının keçirilməsi ilə bağlı hələki praktika formalaşmamışdır, lakin bu məsələ pilotluq sahəsində də var, məsələn, şəxslərin universitet təhsili olsa da, pilotluq fəaliyyəti ilə məşğul olmaq üçün xaricdə kurs keçib qayıtmalıdırlar. Bu həkimlərlə bağlı da belədir, həmin həkimlər xaricdə kurs keçərək qeyd olunan əməliyyatları icra edə bilərlər. Lakin həkim həmin şərtin olduğunu bilə-bilə xüsusi hazırlıq kursu keçmədən əməliyyat edərək vətəndaşın həyatını da riskə atıb. Xüsusi hazırlıq kursu ilə bağlı Səbail Rayon Məhkəməsinin hakimi Afət Quliyeva tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərarda yazılır ki, xüsusi hazırlıq anlayışının hüquqi meyarları mövcud qanunvericikdə konkret aydın şəkildə müəyyən edilməmişdir. Hazırlığın təşkili Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin öhdəliyindədir və bu edilmədiyi halda hüquqi qeyri-müəyyənliyin nəticələrinin inzibati məsuliyyətə cəlb olunan şəxsin üzəri qoyulması yolverilməzdir. Məhkəmə qərarında həmçinin xüsusi olaraq vurğulanmışdır ki, 17 aprel 2025-ci il tarixli siyahının 4-cü hissəsinə əsasən ümumi cərrahlar,o cümlədən Mais Nəzərov kimi, mamoplastika, abdominoplastika və digər sadalanan əməliyyatları icra etmək səlahiyyətinə malikdir. Həmin qərarda da nəzərdə tutulan həkim də liposaksiya əməliyyatını icra etmişdi. Bakı Apellyasiya Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli qərarında konkret olaraq yazılır ki, xüsusi hazırlıq kurslarını təşkil etmək öhdəliyi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindədir. Məhkəmədə elə ifadə edirlər ki, güya bu həkimin sertifikatı ləğv olunub, o da gedib plastik cərrahiyyə ilə məşğul olub. . Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Şikayətin dəlilləri üzrə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “X19” MMC klinikasında X16 tərəfindən sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti göstərməsi faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 0543 nömrəli sertifikasiya şəhadətnaməsi”ndən görünür ki, X16 29 mart 2012-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona tibbi (əczaçılıq) ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarına əlavə edilmiş “praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH № 064823 nömrəli sertifikasiya şəhadətnaməsi”ndən görünür ki, X16 25 dekabr 2025-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona ümümi cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində X11 təqsiri araşdırılmış sübutlarla öz təsdiqini tapmır və bu səbəbdən X11 şikayəti təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı, xx.xx.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2026-cı il tarixində “X19” MMC-də aparılmış yoxlama nəticəsində, həmin müəssisədə fəaliyyət göstərən həkim X16 tərəfindən qanunvericiliklə müəyyən olunmuş əsaslar - yəni plastik cərrah ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan - özəl tibb fəaliyyəti ilə məşğul olması faktına görə tərtib olunmuşdur. “X2 İX buraxılışı üzrə siyahının” İV hissəsinə əsasən, ektopik süd vəzinin toxumasının kəsiklə çıxarılması, əlavə gilənin kəsiklə çıxarılması, İkitərəfli reduksiya mammoplastikası amputasion mammoplastikası, Reduksiya mammoplastikası (ginekomastiya səbəbindən), artırılma məqsədilə mammoplastikası, augmentasiya üçün süd vəzinə birtərəfli inyeksiya, artırılma məqsədilə döz vəzinə ikitərəfli inyeksiya, augmentasiya üçün süd vəzinə inyeksiya, süd vəzinə birtərəfli implant, süd vəzinə ikitərəfli implant, döş vəzinin implantı, süd vəzisinə piy qrefti (autoloji qreft üçün piyin ekstraksiyası autoloji piyin transplantasiyası və ya köçürülməsi,süd vəzinə piy qrefti, başqa cür müəyyən edilməyib süd vəzinə piyin qrefti, doldurulmuş qreftlə birlikdə və ya onsuz mikro-piy qreftin köçürülməsi), süd vəzinə parçalanmış dəri qreftinin qoyulması süd vəzinə eninə tam dəri qreftinin qoyulması, mastopeksiya, “transverse rectus abdominis” əzələ-dəri (TRAM) yamağı, ayaqcıqda, süd vəzinin digər total rekonstruksiya növləri, gilənin transpozisiyası, gilənin digər bərpa və ya rekonstruksiya növləri, digər yerlərdə qoyulan digər dəri qreftləri, ölçü kiçildilməsi üzrə plastik əməliyyat, Adipoz toxumasının reduksiyası- abdominoplastika: qarın divarı (pendulous) əllər (“batwing”) sağrı budlar (troxanterik lipomatoz) ümumi cərrahlar tərəfindən də icra edilə biləcək plastik cərrahiyyə üzrə əməliyyatlara daxil edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(103)- 2886/2025 saylı qərarında da müvafiq meyarlar müəyyən edilmədən “xüsusi hazırlıq” anlayışına istinad etməklə inzibati məsuliyyət tətbiq edilməsinin hüquqi baxımdan əsassız olduğu göstərilmişdir. Sözügedən mövqe eyni hüquqi münasibətlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsini ifadə edir. Məhkəmə bir daha vurğulayır ki, “xüsusi hazırlıq keçmiş cərrahlar” anlayışının hüquqi meyarları mövcud qanunvericilikdə konkret və aydın şəkildə müəyyən edilməmişdir. Bu halda hüquqi qeyri-müəyyənliyin nəticələrinin inzibati məsuliyyətə cəlb olunan şəxsin üzərinə qoyulması yolverilməzdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X8nin eyni tibb müəssisəsində eyni məsələ üzrə təkrarən yoxlama keçirib inzibati tənbeh vermə haqqında qərar qəbul etməsini qərəzli hesab edir. Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxs tərəfindən praktik tibb fəaliyyətinin həyata keçirilməsinə, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan tibbi xidmətin göstərilməsinə, yaxud tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsində Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertfikasiyasına dair qaydalar müəyyən edilmişdir. Qeyd olunan maddənin 3-cü bəndində “Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilməsi və 4-cü bəndində isə sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilməməsi təsbit edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” 26 iyun 1997-ci il 360-İQ saylı Qanuna əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Fasiləsiz olaraq ixtisasları üzrə beş İldən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə digər qaydalar nəzərdə tutulmadıqda, xarici ölkələrdə hazırlıq keçmiş tibb və əczaçılıq işçiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxıla bilərlər. Məhkəmə işin bütün faktiki hallarını araşdıran zaman müəyyən etmişdir ki, X11 hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməmişdir. Məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X12 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmedikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi, həmin xəta təqsirli olaraq törədildikdə və həmin xəta üzrə şəxsin təqsiri sübuta yetirildikdə inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə X11 təqsiri müəyyən olunmur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə münasibətdə təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X11 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində qəbul olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 125,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində İXM-nin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar