Məhkəmə qərarları › İş №3(5-104)-2125/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2125/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2125/2026 02.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Qərarından şikayət verilən orqanın nümayəndəsi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X13i İdarəsinin İXP ******* saylı, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X13i İdarəsinin İXP ******* saylı, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus nəqliyyat vasitəsinə dair Bakı Şəhər X13 İdarəsi polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, hesab edir ki, aşağıdakı göstərilən hallara və səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərara əsasən, o, svetoforun sarı işığı yandığı anda keçdiyi üçün müvafiq inzibati tənbeh vermə haqqında qərarla cərimə edilmişdir. Bildirir ki, işıqforun yaşıl işığının yanıb-söməsi mərhələsində hərəkətdə olmuşdur. Hərəkət istiqaməti döngə üzərində yerləşdiyindən və işıqfor döngəyə çox yaxın məsafədə quraşdırıldığından, sarı işıq yandığı an avtomobili təhlükəsiz şəkildə saxlamaq imkanı olmamışdır. Mövcud sürət həddi və yol şəraiti qəfil əyləcləmə zamanı yol nəqliyyat hadisəsi riski yaratdığından, hərəkəti davam etdirmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, hərəkətində nə qəsd, nə də yol hərəkəti təhlükəsizliyini pozmaq niyyəti olmamışdır. Əksinə qəfil dayanmanın digər hərəkət iştirakçıları üçün təhlükə yaradacağını nəzərə alaraq daha təhlükəsiz qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X13 İdarəsi polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Baş Polis İdarəsi X13i İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X5 bildirdi ki, inzibati xəta qanunvericiliyin tələbinə əsasən bilavasitə onun tərəfindən aşkar edilmişdir. Yasamal rayonu, Nəriman Nərimanov prospektində işıqforun qadağan edici işarəsində, sarı işıq yanarkən keçmişdir. Ona görə də şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda hər hansı digər sübut və ya videogörüntü təqdim etmək etmək mümkün deyil. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X13i İdarəsinin TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən X11 xx.xx.2026-cı il tarixdə saat 12:50 radələrində Yasamal rayonu, N.Nərimanov prospektində Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə) təqsirli bilinib 100 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, xx.xx.2026-cı il tarixli protokol olmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2026-cı il tarixdə həqiqətən də “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş üzrə görünür ki, həmin vaxtı şəxs protokolla razı olmamışdır, inzibati xəta törədilməsi ilə razı olmamışdır, bunu mübahisələndirir. İş üzrə dindirilmiş yol-patrul xidməti inspektoru protokolda göstərilən hadisənin baş verməsini təsdiq etsə də, hadisəni təsdiq edən hər-hansı videogörüntü məhkəməyə təqdim olunmamışdır. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraatın ümumi prinsiplərinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədən onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Təqsirliliklə bağlı aradan qaldırıla bilməyən şübhələr şəxsin xeyrinə şərh olunmalıdır. Sübutetmə yükü inzibati tənbeh tətbiq edən orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyət məsələsi qiymətləndirilərkən yalnız İXM-nin 327.2-ci maddəsi deyil, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları da nəzərə alınmalıdır. Həmin Qanunun tələblərinə əsasən, sarı işıq hərəkəti qadağan edir və tezliklə qırmızı işığın yanacağını bildirir. Lakin sürücü sarı işıq yandığı anda nəqliyyat vasitəsini təhlükəsiz şəkildə dayandıra bilmirsə, hərəkəti davam etdirməsinə yol verilir. Bu norma göstərir ki, sarı işıq bütün hallarda mütləq dayanma öhdəliyi yaratmır və dayanmanın obyektiv mümkünlüyü konkret yol şəraitindən, məsafədən və hərəkət intensivliyindən asılı olaraq qiymətləndirilməlidir. İş üzrə müəyyən edilir ki, şikayətçi protokolla razılaşmamış, sarı işıq yandığı anda təhlükəsiz dayanmanın mümkün olmadığını bildirmişdir. O, işıqforun döngəyə yaxın məsafədə yerləşdiyini, qəfil əyləcləmənin yol-nəqliyyat hadisəsi riski yarada biləcəyini göstərmişdir. Lakin inzibati orqan tərəfindən dayanmanın mümkün olubolmaması araşdırılmamış, yol şəraiti qiymətləndirilməmiş, hadisəni təsdiq edən videogörüntü və ya digər obyektiv sübut təqdim edilməmişdir. Məhkəmə iclasında dindirilmiş yol-patrul xidməti inspektoru hadisənin baş verdiyini bildirsə də, onun izahatı digər sübutlarla təsdiq olunmamışdır. Şəxs protokolla razı olmadıqda və inzibati xəta faktını mübahisələndirdikdə, təkcə vəzifəli şəxsin ifadəsi inzibati məsuliyyət üçün kifayət hesab edilə bilməz. Bundan əlavə, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən yol hərəkətinin əsas prinsiplərindən biri yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücü hərəkət zamanı elə davranmalıdır ki, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasın. Əgər qəfil dayanma digər hərəkət iştirakçıları üçün real təhlükə yaradırsa, bu halda hərəkətin davam etdirilməsi təhlükəsizliyin təmin olunmasına yönəlmiş qərar kimi qiymətləndirilə bilər. Beləliklə, iş materialları ilə şəxsin məhz qadağanedici siqnal zamanı və təhlükəsiz dayanma imkanı olduğu halda hərəkəti davam etdirməsi sübuta yetirilməmişdir. İnzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri tam və mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, sübutetmə yükünü daşıyan inzibati orqan həmin yükü yerinə yetirməmiş, aradan qaldırıla bilməyən şübhələr mövcuddur və bu şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Bu səbəbdən, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, iş üzrə hadisənin baş vermə mexanizmi tam aydınlaşdırılmamışdır, yol şəraiti və svetoforun yerləşməsi araşdırılmamışdır, təhlükəsiz dayanmanın mümkün olubolmaması qiymətləndirilməmişdir. Belə halda aradan qaldırıla bilməyən şübhələr inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta faktı kifayət qədər və mötəbər sübutlarla təsdiq edilməmişdir, sübutetmə yükü daşıyan inzibati orqan tərəfindən həmin yük yerinə yetirilməmişdir, iş üzrə inzibati xəta tərkibi sübuta yetirilməmişdir. Bu səbəbdən, TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X11 barəsində İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Baş Polis İdarəsi X13i İdarəsinin İXP ******* saylı, xx.xx.2026-cı il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar