Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2184/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndələri X5 və X2 iştirakı ilə Şəxs MMMC barəsində Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətİ 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Şəxs MMMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, 12 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2026-cı il tarixdə Şəxs MMMC-nə məxsus yaşayış binasında keçirilən YTM zamanı YTQ №01-2001, 6.1, 8.1 və 9.3-cü bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. Bununla da Şəxs MMMC tərəfindən Azərbaycan Respublikasının İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, binalar üzrə tərəflərindən müayinələr aparılır, həmin müayinədən biri də Şəxs MMMC-də aparılmışdır. Onlar yanğın təhlükəsizliyi barədə dəfələrlə MMMC-yə xəbərdarlıq etsələr də, onlar məsuliyyəti binanı tikən MTK-nın üzərinə atmışlar, ancaq MMMC faktiki olaraq faəliyyət göstərir və qeydiyyatdan keçmişdir. Odur ki, Şəxs MMMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi dövlət yanğın nəzarəti idarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMMC-nin İdarə Heyətinin sədri X1 bildirmişdir ki, onların qərəzli yanaşması yoxdur, çünki bina onların balansında deyil, binanı tikən MTK-nın balansındadır. Ancaq onlar qarşı tərəfdən binanın sxemini istəmişlər ki, müvafiq işləri aparsınlar, ancaq səlahiyyətli orqan tərəfindən onlara sxem təqdim edilməmiş, bunun yerinə barələrində protokol tərtib edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, sxem planı verməyərək səlahiyyətli orqan onlara problem yaşadır, həmçinin bina MTK-nın balansındadır. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 fevral 2026-cı il tarixli “Yanğın-texniki müayinə aktı”ndan görünür ki, müayinə zamanı ünvan 1 ünvanında yerləşən Şəxs MMMC-nə məxsus yaşayış binasının avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilmədiyi, daxili yanğın su kranlarının saz vəziyyətdə olmadığı, yaşayış binasının elektrik xətlərinin elektrik qurğularının quraşdırılması qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli, 12 fevral 2026-cı il tarixli protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Şəxs MMMC-nə məxsus yaşayış binasında keçirilən YTM zamanı YTQ №01-2001, 6.1, 8.1 və 9.3-cü bəndlərinin tələblərinin pozulması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli göstərişdən görünür ki, Şəxs MMMC-nə nöqsanların 1 aydan gec olmayaraq aradan qaldırılması və bu barədə məlumat verilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, Şəxs MMMC tərəfindən verilmiş izahatlar əsassızdır və iş materialları ilə təkzib olunur. Belə ki, inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli protokol və həmin tarixli yanğıntexniki müayinə aktı ilə müəyyən edilmişdir ki, Şəxs MMMC-yə məxsus yaşayış binasında yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması halları mövcuddur. Konkret olaraq, binanın avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin edilməməsi, daxili yanğın su kranlarının saz vəziyyətdə olmaması, eləcə də elektrik xətlərinin müvafiq qaydalara uyğun quraşdırılmaması faktları aşkar edilmişdir. Bu hallar birbaşa olaraq YTQ №01-2001-in 6.1, 8.1 və 9.3-cü bəndlərinin pozulması kimi qiymətləndirilir. Həmçinin, həmin pozuntuların olması ilə bağlı tərəflərin mübahisəsi olmamışdır. Şəxs MMMC-nin nümayəndələri tərəfindən binanın onların balansında olmaması və məsuliyyətin MTK-nın üzərinə düşməsi barədə irəli sürülən arqumentlər məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəxs MMMC faktiki olaraq həmin yaşayış binasının idarə olunmasını və istismarını həyata keçirir. Bu halda, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, binanın təhlükəsiz istismarına, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına görə məsuliyyət də məhz həmin hüquqi şəxsin üzərinə düşür. Eyni zamanda, iş materiallarında olan xx.xx.2025-ci il tarixli göstərişlə Şəxs MMMCyə aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müddət verildiyi müəyyən edilir. Lakin verilmiş müddət ərzində həmin nöqsanların aradan qaldırılmadığı və müvafiq tədbirlərin görülmədiyi müəyyən olunmuşdur. Bu isə hüquqi şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmədiyini bir daha təsdiq edir. MMMC tərəfindən sxem-planın təqdim olunmaması ilə bağlı irəli sürülən arqument də əsassızdır. Belə ki, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması üçün tələb olunan tədbirlərin görülməsi hər hansı sxemin təqdim olunmasından asılı olmayaraq hüquqi şəxsin birbaşa vəzifəsidir və bu hal onu məsuliyyətdən azad etmir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusu ilə Şəxs MMMC tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı tam sübuta yetirilmiş, onların əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmuşdur və buna görə də MMMC təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati icraat aparılan Şəxs MMMC barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMMC barəsində AR İXM-nin 518.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMMC Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 350 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-2184/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2184/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver