Məhkəmə qərarları › İş №3(5-104)-22/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-22/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-22/2026 14.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X3 Şöbəsinin 24 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs mülkiyyətində olan “İVECO UROCARGO ML 120 E22 yük” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin müqaviləsini təkrar dövlət qeydiyyatından keçirməmişdir və inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, inzibati xəta haqqında 24 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verdikdən sonra onu təkrar dövlət qeydiyyatından keçirməməklə və inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 339.1-ci maddəsi nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə inzibati qaydada məsuliyyət nəzərdə tutur. Göründüyü kimi, İXM-in 339.1-ci maddəsi alternativ əlamətli inzibati xətadır. Belə ki, alternativ əlamətli inzibati xəta tərkibini o xətalar yaradır ki, orada başa çatmış inzibati xətanın tərkibinin olması üçün İXM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli inzibati xəta tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə xətanın başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq inzibati xətanın törədilməsi kimi qiymətləndirilir. İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan alternativ əlamətlərdən biri də sahibi tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onun təkrar dövlət qeydiyyatından keçirilməməsıdir. Şəxs də məhz bu əsasla, yəni nəqliyyat vasitəsinin icarə və digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi, lakin onu təkrar dövlət qeydiyyatından keçirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Şəxs-nin balansında olan “İVECO UROCARGO ML 120 E22 yük” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə müqaviləsi əsasında verilməsi iş materiallarından görünmür, səlahiyyətli orqan bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmin MMC tərəfindən sürücüyə yol vərəqəsi verilmişdir. Hansı ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur (Mülki Məcəllə 324, 325, 362.5). Həmçinin qanunçuluq prinsipindən bəhs edən İXM-in 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Hazırkı halda iş materiallarından Şəxs-nin İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi, yəni balansında olan “İVECO UROCARGO ML 120 E22 yük” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə müqaviləsi əsasında və ya digər əşya hüququna dair müqavilə əsasında başqa şəxsə verməsi müəyyən edilmir. Yəni, mövcud material üzrə Şəxs-nin İXM-in 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas verən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt Şəxs-nin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Bundan başqa, hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəb kimi nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməməsi ilə əlaqələndirilmişdir. Lakin həmin sorğunun qeyd edilən hüquqi şəxsə İXM-də göstərilən qaydada çatdırılmasına dair iş materiallarında hər hansı bir sübut müəyyən edilmədi. Bununla da poçt göndərişi, yəni sorğu İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış hesab edilir. Çünki inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Beləliklə, 5 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə İXMnin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir. Təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut təqdim edilməmişdir. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim olunan sübutlar Şəxs-nin təqsirli olması və barəsində tənbeh tədbiri tətbiq edilməsi üçün kifayət deyil, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də Şəxs-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347 və 339.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar