Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2233/2026 04.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi, X1, Qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakları ilə, X1 AR DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X14 Şöbəsinin TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X14 Şöbəsinin TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, idarə etdiyi 77DG624 dövlət nömrə nişanlı TOYOTA PRİUS HİBRİD markalı minik avtomobilində 11 fevral 2026-cı il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 9b istiqamətində hərəkət etdiyi zaman həmin ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən saxlanılmışdır. DYP-nin polis serjantı Alxan Mustafayev ona yaxınlaşaraq avtomobilində mühərrikin dəyişib dəyişmədiyini soruşub və mühərrik hissəsini açmağı əmr edib. O, ona mühərrikinin sıradan çıxdığını və avtomobilinin spesifikasiyasına uyğun yeni mühərrikin alınaraq rəsmi servisdə quraşdırıldığını (müvafiq sənədlər təqdim edilməklə), lakin nəqliyyat vasitəsini yeni servisdən götürdüyündən, texniki pasportda dəyişikliyin edilməsi üçün müraciət edə bilmədiyini bildirmişdir. Polis serjantı təqdim etdiyi sənədlərə məhəl qoymadan, bunun qanun pozuntusu olduğunu və mühərrikin oğurluq ola bildiyini qeyd edərək avtomobilini protokol tərtib etmədən, cərimə meydançasına yerləşdirmişdir (görüntülər ərazidə olan TŞ3-063 saylı müşahidə kamerası ilə qeydə alınıb). Ona protokol təqdim edilmədiyindən DYP-nin Yasamal Rayon Şöbəsinə müraciət etmişdir. Lakin ona həmin gün oradada protokol təqdim edilməyib. Növbəti gün o, DYP-nin qaynar xəttinə və Baş İdarəsinə şikayət etdikdən sonra ona xx.xx.2026-cı ildə xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokol və TP ******* saylı Qərar təqdim edilmişdir. Ona müvafiq sənədlər təqdim edildikdən sonra məlum olub ki, o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 342.2.2-ci maddələrini əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. O, İXM-nin həmin maddələri tanış olarkən ona aydın olub ki, o bu maddələrdə qeyd edilən heç bir inzibati xəta törətməmişdir. Polis serjantı onu idarə etdiyi nəqliyyat vasitəsinin mühərrikinin dəyişdirib dəyişdirilməməsini aydınlaşdırmaq üçün saxlayıb. Müəyyən etdikdən sonrakı, o, texniki göstəricilərə, normativ tələblərə və qanun əsaslarla əldə etdiyi yeni mühərriki (hətta yarasız vəziyyətə düşərək sıradan çıxan mühərrikin fotoşəkillərini və yeni mühərrikin gömrük və quraşdıran servisin müvafiq sənədlərin təqim edərək) quraşdırmışdr. Lakin polis serjantı avtomobili qanunsuz olaraq cərimə meydançasına yerləşdirmiş (avtomobil bu günədək cərimə meydancasındadır) və bir gün sonra onun şikayət etdiyini görərək ona qanunsuz protokol və narazı olmağına baxmayaraq qərar qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, şikayətdə qeyd edilən faktların araşdırması və sübuta yetirilməsi üçün, TŞ3-063 saylı müşıhidə kamerasından həmin vaxt üçün görüntüləri və polis inspektorunun xidmətdə olduğu zaman avtomobilinin və üzərində olan texniki vasitələr vasitəsilə qeydə alınan video və səs yazılarının məhkəməyə təqdim edilməsi kifayət edir ki, onun haqlı olduğu sübuta yetirilsin. Buna əsasən də, yuxarıda qeyd edilənləri nəzərə alaraq müvafiq protokol və qərarın ləğv edilməlidir. Odur ki, xx.xx.2026-cı il tarixli İXP ******* salı protokolun və TP ******* saylı tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs bildirdi ki, polis əməkdaşı onu xx.xx.2026-cı il tarixdə Şamaxinka istiqamətində gedərkən saxlayıb. Maşının motorunda nasazlıq olub, onu servisdə dəyişmiş, onunla bağlı toyota prius servis ona gömrük bəyənnaməsi verib, arayış verib. Sadəcə olaraq o, onu nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə vurdurmamışdır. Onun maşını xx.xx.2026-cı il, saat 10:00-da Yasamal rayonunda cərimə meydançasına aparılıb. Ona ayın 12-si, saat 19:02-də protokol tərtib edilib. Maşınımın cərimə meydançasında olduğuna dair sənədi məhkəməyə təqdim etmişdir. Əlavə olaraq şikayət verən şəxs bildirdi ki, Servis qarantiya vermişdi, ona görə də düşündü ki, bir müddət maşını sürsün, yoxlasın, birdən işləməz. Ona görə də qeydiyyata aldırmamışdı. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsi Dövlət Yol X12-Patrul Xidməti inspektoru X6 bildirdi ki, ölkədə “Toyota Prius” markalı avtomobillərin sayı bir müddət əvvəl artdı. Sahibkarlar onları vətəndaşlara verdi. Həmin maşınların üzərində çoxsaylı həbslər, cərimələr qaldı, çoxsaylı hadisə yerindən yayınmalar baş verdi. Halhazırda elə maşınlar var ki, hal-hazırda qeydiyyatdadır, halbulki, heç birindən xəbər yoxdur, harada olduğu bilinmir. Şəxs “Toyota prius” markalı maşını idarə edərkən gördü ki, maşın tüstüləyir. Sürücü danışıq zamanı məlum oldu ki, avtomobili etibarnamə əsasında idarə edir və maşının mühərrikin dəyişib-dəyişmədiyindən xəbəri yoxdur. İXM 96.1.3-cü maddəsində deyilir ki, dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə nəqliyyat vasitəsinin sürücüsü avtomobildən kənarlarşırılaraq avtomobil mühafizə olunan duracağa yerləşdirilir. Burada əsas odur ki, həmin mühərrikin hansı maşına aid olduğu, haradan əldə olunduğu bilinmir. Sürücü bildirdi ki, onda “toyota” servisdən verilmiş bir sənəd var ki, maşının mühərriki dəyişdirilib. Təbii ki, maşının mühərriki dəyişdirilə bilər, ancaq Nazirlər Kabinetinin bir qərarı var ki, onun 4-cü maddəsində hansı hallarda nəqliyyat vasitəsinin təkrar qeydiyyata düşməli olduğu müəyyən edilmişdir. Orada qeyd olunan səbəblərdən biri də nəqliyyat vasitəsinin banı, şassisi, mühərriki dəyişdikdə nəqliyyat vasitəsi yenidən qeydiyyata düşməlidir. Həmçinin İXM-nin 96.1.3-cü maddəsində də qeyd olunur ki, dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə nəqliyyat vasitəsinin sürücüsü avtomobildən kənarlarşırılaraq avtomobil mühafizə olunan duracağa yerləşdirib araşdırma aparılmalıdır. O da İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib etmiş, 150 manat cərimə olunub. Nazirlər Kabinetinin qərarında konkret olaraq göstərilir ki, əgər maşının mühərikki dəyişilibsə, mütləq şəkildə nəqliyyat vasitəsi təkrar qeydiyyata düşməlidir, onun istismar edilməsi yolverilməzdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X14 Şöbəsinin TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X7 xx.xx.2026-cı il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 9b-də “TOYOTA PRİUS HİBRİD minik” markalı, “**-DG-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 327.1 və 342.2.2-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın sürətindən görünür ki, “TOYOTA PRİUS HİBRİD minik” markalı nəqliyyat vasitəsinə “Express Servis” tərəfindən ******* nömrəli mühərrik quraşdırılmışdır. İş materiallarında olan texniki pasportdan görünür ki, “TOYOTA PRİUS HİBRİD minik” markalı nəqliyyat vasitəsinin mühərrikinin nömrəsi U031626 olmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X14 Şöbəsinin xx.xx.2026-cı il tarixli TP ******* saylı qərarı qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, şikayətçiyə məxsus “X13” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsində göstərilən mühərrik nömrəsi U031626 olmuşdur. Lakin iş materiallarında olan xx.xx.2025-ci il tarixli “Express Servis” arayışından görünür ki, həmin nəqliyyat vasitəsinə ******* nömrəli yeni mühərrik quraşdırılmışdır. Beləliklə, avtomobilin qeydiyyat sənədində göstərilən mühərrik nömrəsi ilə faktiki mühərrik nömrəsi üstüstə düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə əsasən nəqliyyat vasitəsinin mühərriki, banı və ya şassisi dəyişdirildikdə həmin nəqliyyat vasitəsi təkrar dövlət qeydiyyatından keçirilməlidir. Bu normanın məqsədi nəqliyyat vasitələrinin identifikasiya məlumatlarının düzgün aparılması, oğurluq və qanunsuz ehtiyat hissələrinin dövriyyəsinin qarşısının alınması, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsidir. Bu baxımdan, nəqliyyat vasitəsinin mühərriki dəyişdirildikdən sonra həmin dəyişiklik DYP orqanlarında qeydiyyata alınmalı və qeydiyyat şəhadətnaməsində müvafiq düzəliş aparılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. İş materiallarından görünür ki, şikayət verən şəxsin sahibliyində olmuş nəqliyyat vasitənin mühərriki xx.xx.2025 tarixdə dəyişdirilmiş, hadisə isə xx.xx.2026 tarixdə baş vermişdir. Beləliklə, E.M.Təhməzovun dəyişiklik baş verdikdən sonra təxminən 1 ay 15 gün müddətində nəqliyyat vasitəsini təkrar qeydiyyatdan keçirmək üçün kifayət qədər vaxtı olmuşdur. Şəxsin “servisin zəmanət müddətində avtomobili sınaqdan keçirmək istədiyi üçün qeydiyyata aldırmaması” barədə izahatı qanunvericilikdə nəzərdə tutulmuş əsas sayılmır və qeydiyyat öhdəliyini aradan qaldırmır. Bu səbəbdən E.M.Təhməzov normativ tələblər pozulmaqla dəyişdirilmiş avadanlıqla nəqliyyat vasitəsini istismar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Mühərrik nəqliyyat vasitəsinin əsas konstruktiv elementi hesab olunur. Bu səbəbdən mühərrikin dəyişdirilməsi sadə texniki təmir deyil, konstruktiv dəyişiklik hesab olunur. Qeydiyyata alınmadan belə dəyişikliklə nəqliyyat vasitəsinin istismarı isə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasına tam uyğun gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.3-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və ya şassi nömrəsi qeydiyyat şəhadətnaməsində göstərilən məlumatlara uyğun gəlmədikdə sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. İş materialları ilə müəyyən edilir ki, avtomobilin faktiki mühərrik nömrəsi qeydiyyat şəhadətnaməsində göstərilən mühərrik nömrəsi ilə uyğun gəlməmişdir. Bu halda yol-patrul xidməti əməkdaşının nəqliyyat vasitəsini idarəetmədən kənarlaşdırması, avtomobili mühafizə olunan duracağa yerləşdirməsi qanunvericiliyin birbaşa tələbindən irəli gələn tədbir olmuşdur. Şikayət verən şəxs mühərrikin qanuni şəkildə əldə edildiyini və servis tərəfindən quraşdırıldığını bildirsə də, bu hal konstruktiv dəyişiklik faktını aradan qaldırmır, dəyişikliklərin dövlət qeydiyyatında əks etdirilməsi öhdəliyini istisna etmir. Belə ki, qanunvericiliyə görə əsas məsələ mühərrikin əldə olunma üsulu deyil, dəyişikliklərin rəsmi qeydiyyata alınmasıdır. Beləliklə məhkəmə hesab edir ki, nəqliyyat vasitəsinin mühərriki dəyişdirilmiş, həmin dəyişiklik dövlət qeydiyyatında əks etdirilməmiş, buna baxmayaraq nəqliyyat vasitəsi istismar edilmişdir. Bu isə Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin tərkibini tam formalaşdırır. Eyni zamanda mühərrik nömrəsinin qeydiyyat şəhadətnaməsindəki məlumatlarla uyğun gəlməməsi səbəbindən nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi İXM-nin 96.1.3-cü maddəsinə uyğun olaraq qanuni olmuşdur. Bu səbəbdən DYP tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı qərarın ləğvi üçün hüquqi əsas müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə əsasən, şəxs tərəfindən eyni vaxtda bir neçə inzibati xəta törədilməsi ehtimal edildikdə belə, həmin xətalar üzrə işə eyni orqan tərəfindən baxıldığı hallarda inzibati tənbeh daha ağır sanksiya nəzərdə tutan maddə üzrə tətbiq edilir. Məhkəmə araşdırması ilə müəyyən edilən hallara əsasən isə nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla dəyişdirilmiş avadanlıqla istismar edilməsi faktı İXM-nin 342.2.2-ci maddəsinin tərkibini formalaşdırdığından, həmin maddə üzrə tətbiq edilmiş inzibati tənbeh hüquqi baxımdan əsaslı hesab edilir. Ona görə də məhkəmə hesab edir ki, şəxsin hərəkətlərinin əlavə olaraq İXMnin 327.1-ci maddəsi ilə ayrıca hüquqi qiymətləndirilməsinə və həmin maddə üzrə ayrıca araşdırma aparılmasına zərurət yoxdur, çünki İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə uyğun olaraq inzibati məsuliyyət daha ağır sanksiya nəzərdə tutan maddə üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət verən şəxs X4 Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X14 Şöbəsinin TP ******* saylı xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-2233/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2233/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver