Məhkəmə qərarları › İş №3(5-104)-2256/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2256/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2256/2026 18.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin X2 İşinin təşkili şöbəsinin inspektoru Nümayəndə3 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən tərtib edilmiş 13 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov, İ.Əbilov, F.İbrahimbəyov küçələrinin A.Şaiq küçəsi ilə kəsişməsində yerləşən "xxxx" MMC-nə məxsus tikilməkdə olan yaşayış binasında keçirilən planlı Y.T.M. zamanı Y.T.Q. 01-2001 bənd 10.4, 6.5, 4.4 və 8.1 tələblərinin pozulması aşkar edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin X2 İşinin təşkili şöbəsinin inspektoru Nümayəndə3 bildirdi ki, illik yoxlama planı ilə bağlı binada olmuşdurlar və yoxlama zamanı nöqsanlar aşkar etmişdirlər. Əraziyə binanın səlahiyyətli nümayəndəsinin iştirakı ilə baxış keçirmişdirlər. Nöqsanları da bir-bir yerində göstərmişlər və bunlarla bağlı protokol tərtib olunacağını onlara bildirmişdirlər. Nöqsanlar çoxdur. Məsələn tikinti aparılan ərazidə elektrik naqilləri hamısı açıq vəziyyətdədir, necə gəldi çəkilib. Taxta konstruksiyalı tikililərdir, təyinatlarının nə olduğu bilinmir, hamısının üstü açıq vəziyyətdədir. İlkin yanğınsöndürmə vasitələri yoxdur, nə şitləri var, qaynaqçılar qaynaqdan istifadə edirsə, onların hər birinin yanında fərdi olaraq yanğınsöndürən balon olmalıdır ki, nəsə bir yanğın baş versə dərhal müdaxilə edə bilsin. Ərazidə ümumiyyətlə, yanğınsöndürən balon yox idi, bir dənəsini göstərdilər, o da köhnə idi, tərkibi bitmişdi. Tikinti aparılan yerlərdə açıq sonluqlu elektrik xətlərinin çəkilməsinə icazə verilmir, ərazidə ustalar istədikləri yerlərdən elektrik xətləri çəkiblər, bəziləri ümumiyyətlə açıqdır. Onlar ərazini taxta materialla hasarlayıblar və həmin hasarların üzərindən elektrik xətləri gedir. Bunda əlavə taxta konstruksiyalar oda davamlı məhlulla hopdurulmalıdır, daha sonra onlar beton tökmək üçün qəlib kimi istifadə oluna bilər. Həmçinin tikinti olan yerdə hər bir mərtəbədə müvəqqəti su çəlləkləri olmalıdır və su çəlləkləri ümumiyyətlə yox idi. Əlavə sübut kimi fotoşəkillər mövcuddur. Bundan əlavə şirkətin SƏTƏM-i var, o bu nöqsanları yaxşı bilir, orada onların yazdıqlarından 30 dəfə artıq nöqsan var. Onlar sadəcə formal olaraq 3-4-nü qeyd etmişdirlər. Həmin əraziyə ümumi baxış keçirsələr, orada daha çox nöqsan tapmaq olar. Fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, təqdim edilən fotoşəkillərin sübut vasitəsi kimi qəbul edilməsinə etiraz edir. Çünki həmin fotoşəkillərin yoxlama aparılan vaxtda çəkilməsini müəyyən etmək mümkün deyil. Əlavə olaraq inzibati xəta haqqında protokolda fotoşəkillərin çəkilməsi ilə bağlı heç bir qeyd aparılmamışdır, fotoşəkillər o vaxt maddi sübut vasitəsi kimi istifadə oluna bilər ki, bu barədə inzibati xəta haqqında protokolda qeydiyyat aparılmış olsun və inzibati xəta üzrə iş materiallarına əlavə edilməmişdir. Hesab edirlər ki, fotoşəkillərin sübut vasitəsi kimi istifadə edilməsi İXM-nin tələblərinə ziddir. Nöqsanları qəbul etmirlər, məhkəmədən xahişi odur ki, inzibati xətanın törədilməsində hüquqi şəxsin təqsirini müəyyən edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq təqsir hərtərəfli şəkildə öz təsbitini tapsın. İnzibati xəta haqqında protokol sübut vasitəsi kimi qəbul olunur, lakin İXM-də belə bir norma var ki, inzibati xəta törətmiş şəxsin təqsiri işin bütün hallarının obyektiv, hərtərəfli, ümumi şəkildə qiymətləndirilməsinə əsasən müəyyən edilə bilər. Hesab edir ki, inzibati xəta haqqında protokol hüquqi şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət deyil. Burada inzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə olunmaqla iş üzrə digər sübutetmə vasitələri məhkəməyə təqdim olunmalıdır və ən azı iki sübutetmə vasitəsi ilə inzibati xəta sübut edilməli idi, lakin icraat materiallarında yalnız inzibati xəta haqqında protokol mövcuddur. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09 fevral 2026-cı il tarixli çıxarışdan görünür ki, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı "xxxx" MMC yoxlanılan təsərüffat obyektinin kodu, ünvanı və fəaliyyət növü Y59676 "xxxx" MMC, VÖEN **********, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov, İ.Əbilov, F.İbrahimbəyov küçələrinin A.Şaiq küçəsi ilə kəsişmə, tikinti obyektidir. Yanğın-Texniki müayinənin aparılması haqqında 21 yanvar 2026-cı il tarixli 078 nömrəli qərardan görünür ki, "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov, İ.Əbilov, F.İbrahimbəyov küçələrinin A.Şaiq küçəsi ilə kəsişməsində 09 fevral 2026-cı il tarixdən 13 fevral 2026-cı il tarixədək planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 13 fevral 2026-cı il tarixli 078 nömrəli aktından görünür ki, tikinti ərazisi normalara uyqun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə tam təmin elməmişdir (YTQ 10.4 bənd); Tikinti ərazisində çəkilmiş elektirik xəttləri EQQQ-in tələblərinə uyqun quraşdırılmayıb (YTQ 6.5 bənd); Tikinti ərazisində istifadə olunan taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb (YTQ 4.4 bənd); Tikinti ərazisi yanğına qarşı su təhcizatı və çəlləklərlə təmin edilməmişdir (YTQ 8.1 bənd). Azərbaycan RespublikasıİXM-in 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə obyektlərin balansında olan hüquqi şəxslər yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını təmin etməli, yanğın baş verməsinin qarşısının alınması üçün zəruri tədbirlər görməli, yanğın təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarəti təşkil etməlidirlər. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti tərəfindən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin A.Şaiq küçəsi ilə kəsişməsində yerləşən tikinti obyektində 09 fevral 2026-cı il tarixdən 13 fevral 2026-cı il tarixədək planlı yoxlama keçirilmişdir. İş materiallarında olan 21 yanvar 2026-cı il tarixli 078 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və 13 fevral 2026-cı il tarixli yoxlama aktı ilə təsdiq olunur ki, yoxlama qanunvericiliyin tələblərinə uyğun qaydada, əvvəlcədən planlaşdırılmış və səlahiyyətli orqan tərəfindən həyata keçirilmişdir. Aparılmış yanğın-texniki müayinə nəticəsində müəyyən edilir ki, baxış keçirilən tikinti sahəsində yanğın təhlükəsizliyi sahəsində normativ tələblərə sistemli şəkildə əməl olunmamışdır. Belə ki, obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, elektrik təsərrüfatının qurulmasının mövcud texniki təhlükəsizlik qaydalarına cavab vermədiyi, tikintidə istifadə olunan taxta elementlərin yanğından mühafizə məqsədilə xüsusi odadavamlı məhlulla işlənmədiyi, habelə ərazidə yanğın zamanı operativ müdaxilə üçün zəruri olan su ehtiyatı və müvəqqəti su çənlərinin təşkil olunmadığı aşkar edilmişdir. Göstərilən hallar qüvvədə olan yanğın təhlükəsizliyi qaydalarının konkret tələblərinin pozulması kimi qiymətləndirilməklə yanaşı, tikinti obyektində yanğın riskini əhəmiyyətli dərəcədə artıran amillər kimi səciyyələndirilir və yoxlama aktında ətraflı şəkildə öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi Nümayəndə3 izahatında yoxlama zamanı qeyd edilən nöqsanların faktiki olaraq mövcud olduğunu, həmin nöqsanların obyektə baxış zamanı birbaşa aşkar edildiyini və bu barədə yerindəcə akt və protokol tərtib olunduğunu bildirmişdir. Onun izahatı iş materiallarında olan yazılı sübutlarla, o cümlədən yoxlama aktı ilə uzlaşır və birbirini tamamlayır. "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilən etirazlarda əsasən fotoşəkillərin sübut kimi qəbul edilməsinin yolverilməzliyi və təkcə inzibati xəta haqqında protokolun təqsiri sübuta yetirmək üçün kifayət etmədiyi göstərilmişdir. Məhkəmə bu etirazlara qiymət verərək aşağıdakıları qeyd edir: İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarına əsasən inzibati xəta haqqında iş üzrə sübutlara protokollar, aktlar, izahatlar və digər sənədlər aid edilir və bu sübutların hər biri məhkəmə tərəfindən daxili inam əsasında, onların məcmusu halında qiymətləndirilməlidir. Qanunvericilik inzibati xəta üzrə təqsirin yalnız müəyyən sayda sübutla təsdiq olunmasını tələb etmir, əsas şərt sübutların kifayət qədər, qarşılıqlı uyğun və etibarlı olmasıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol, yoxlama aktı, yoxlamanın aparılması barədə qərar və reyestr çıxarışı bir-biri ilə uzlaşan, eyni faktiki halları təsdiq edən sübutlar olmaqla vahid sübutlar məcmusunu təşkil edir və hüquqi şəxsin təqsirinin müəyyən edilməsi üçün kifayət edir. Bundan əlavə fotoşəkillərə gəldikdə isə, məhkəmə hesab edir ki, onlar inzibati xəta üzrə mühüm sübut vasitəsi kimi qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillər yoxlama aktında göstərilən pozuntularla məzmun etibarilə uyğunluq təşkil edir, yəni tikinti sahəsində ilkin yanğınsöndürmə vasitələrinin olmaması, elektrik xətlərinin açıq və qaydalara zidd şəkildə çəkilməsi, taxta konstruksiyaların mühafizə olunmaması və su təchizatının təşkil edilməməsi kimi hallar vizual olaraq əks etdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin sübutlara dair müddəalarına əsasən, foto və video materiallar inzibati xəta haqqında iş üzrə faktiki halların müəyyən edilməsi üçün istifadə edilə bilən digər sənədlər sırasına aiddir və onların sübut kimi qəbul edilməsi üçün mütləq şəkildə protokolda ayrıca qeyd aparılması tələb olunmur. Əsas meyar həmin materialların işin halları ilə əlaqəliliyi, etibarlılığı və digər sübutlarla uzlaşmasıdır. Məhkəmə nəzərə alır ki, təqdim olunmuş fotoşəkillər yoxlamanın keçirildiyi obyektə aiddir, onların məzmunu yoxlama aktında qeyd edilən pozuntularla üst-üstə düşür və inzibati orqan nümayəndəsinin izahatı ilə təsdiqlənir. Müdafiə tərəfi fotoşəkillərin saxtalaşdırılması, başqa obyektə aid olması və ya başqa vaxtda çəkilməsi ilə bağlı hər hansı inandırıcı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə fotoşəkilləri digər sübutlarla birlikdə qiymətləndirərək onların "xxxx" MMC tərəfindən yol verilmiş yanğın təhlükəsizliyi qaydalarının pozulmasını birbaşa təsdiq edən mötəbər sübut vasitəsi olması qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyət yaradır. İş üzrə müəyyən edilmiş hallar göstərir ki, "xxxx" MMC tərəfindən tikinti işləri aparılan zaman yanğın təhlükəsizliyi qaydalarının pozulmasına yol verilmiş, bu isə həm işçilərin, həm də ətraf mühitin təhlükəsizliyi üçün real təhlükə yaratmışdır. Aşkar edilmiş pozuntular sistemli xarakter daşıyır və təsadüfi hal kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin nəzərə alır ki, hüquqi şəxs kimi "xxxx" MMC öz fəaliyyətini təşkil edərkən müvafiq sahə üzrə qüvvədə olan normativ texniki sənədlərin, o cümlədən yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməyə borcludur və bu vəzifənin yerinə yetirilməməsi onun təqsirini istisna etmir. Beləliklə, məhkəmə sübutların məcmusuna əsaslanaraq nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və həmin hüquqi şəxsin təqsiri tam sübuta yetirilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, "xxxx" MMC barəsində inzibati məsuliyyət tədbirinin tətbiqi üçün qanuni əsaslar mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 518.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar