Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2307/2026 04.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34111118 saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34111118 saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, xx.xx.2026-cı il tarixdə saat 14:29-da Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində, avtomobillərin dayanacaq yerinə yaxınlaşaraq avtomobilini saxlamaq üçün yer baxdıqda qarşıda sağ tərəfdə parkinqdə saxlayan avtomobil əl işarəsi ilə bildirib ki, "mən indi gedirəm sən gəl mənim yerimdə saxla” və dayanaraq onu gözləyib ki, həmin avtomobil getsin, o, isə onun yerində saxlayıb. Bu müddət təxminən 1-2 dəqiqə vaxt alıb. Bu müddət ərzində isə DYPİ-nə məxsus müşahidə kamerası vasitəsi ilə dayanma və ya durma qaydalarını pozduğuna görə cərimələnmişdir. Bununla bağlı bildirmək istəyir ki, DYPl-nə məxsus müşahidə kamerasına baxış keçirilsə görünər ki, o, avtomobildən enməyib və onun orada dayanma müddəti 1-2 dəqiqə olub və dayanma səbəbi isə digər avtomobilə yol verməyi və həmin avtomobilin yerində avtomobilini saxlamaq olub. DYPİ-nə məxsus müşahidə kamerası qanunsuz olaraq nəqliyyat vasitəsinin şəkilini çəkərək onu cərimələmişdir. O, məhkəmədən EQ34111118 nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34111118 saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən X3 xx.xx.2026-ci il tarixdə ünvan 1 ünvanında Azərbaycan Respublikası İXM-nin 346.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nəqliyyat vasitəsinin yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) təqsirli bilinib 80 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2026-ci il tarixdə həqiqətən də “nəqliyyat vasitəsinin yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması” ilə müşaiyyət olunan xətanı təsdiq edəcək sübutla təsdiq edilmir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2026-ci il tarixdə onun istifadəsində olan nəqliyyat vasitəsi A.Məhərrəmov küçəsində qısa müddətdə digər avtomobilin çıxmasını gözlədiyi üçün dayandırılmış və o, həmin avtomobilin yerində nəqliyyat vasitəsini park etmişdir. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer ikinci və sonrakı cərgə kimi qiymətləndirilə bilməz. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2026ci il tarixli, 3(5-104)-2307/2026 saylı məktubu ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şikayət verən şəxs xx.xx.2026-cı il tarixdə saat 14:29 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində avtomobilini park etmək məqsədilə dayanacaq yeri axtarmışdır. Bu zaman parkinqdə saxlanılmış digər nəqliyyat vasitəsinin sürücüsü əl işarəsi ilə həmin yerdən çıxacağını bildirərək şikayət verən şəxsin həmin yeri gözləməsini xahiş etmişdir. Şikayət verən şəxs həmin avtomobilin çıxmasını gözlədiyi üçün qısa müddət ərzində nəqliyyat vasitəsini dayandırmışdır. Onun izahatına görə bu müddət təxminən 1-2 dəqiqə təşkil etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər məhkəmə tərəfindən tədqiq edilmiş və həmin fotoşəkillərdən görünmüşdür ki, şikayət verən şəxsin idarə etdiyi nəqliyyat vasitəsi qısa müddət ərzində dayanmış, bundan sonra isə qarşıdakı avtomobilin yerində park edilmişdir. Fotoşəkillərdən nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə saxlanılması faktı aydın və birmənalı şəkildə müəyyən olunmur. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətin tətbiqi üçün şəxsin əməlində inzibati xəta tərkibinin bütün elementləri — hadisə, hüquqa ziddlik, təqsir və səbəbli əlaqə sübut olunmalıdır. Həmçinin inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirinin sübut edilməsi qərar qəbul etmiş səlahiyyətli orqanın vəzifəsidir. Bu hal inzibati icraatın əsas prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası ilə də uzlaşır. İş üzrə təqdim olunmuş materiallar isə şikayət verən şəxsin nəqliyyat vasitəsini ikinci cərgədə dayanma və ya durma qaydalarını pozmaqla saxladığını birmənalı şəkildə sübuta yetirmir. Təqdim edilmiş fotoşəkillərdən nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və ya sonrakı cərgədə dayanması faktı aydın görünmür. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, nəqliyyat vasitəsinin dayandırılması digər avtomobilin parkinqdən çıxmasını gözləmək məqsədi ilə qısa müddətə baş vermişdir. Bu hal isə faktiki olaraq yol hərəkətinin təhlükəsizliyinə maneə yaratmaq və ya qanunla qadağan olunmuş şəkildə ikinci cərgədə dayanma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 34111118 saylı elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata isə xitam Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində İXM-in 346.4-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34111118 saylı, xx.xx.2026-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(5-104)-2307/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2307/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver