Məhkəmə qərarları › İş №3(5-104)-2325/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2325/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2325/2026 25.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 29-ci PŞ-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılaraq, müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə rəisi X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, protokol raport əsasında tərtib edilmişdir. Belə ki, təqsirləndirilən şəxs müayinədən keçmiş, narkotik vasitə və psixotrop maddə qəbul etdiyi müəyyən edilmişdir. Şəxsin barəsində həmçinin cinayət işinin başlanması rədd edilmişdir. Yekunda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf etməyərək izahatında göstərdi ki, qabaqlar narkotik vasitə qəbul edib, hazırda qəbulunu azaldıb. Əməlindən çox peşmandır. Vətəndaş kartın itirmişdi, onu götürüb istifadə etmək istəyəndə polis əməkdaşları onu saxlamışlar. Barəsində yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 xx.xx.2026-cı il tarixli, 1540 saylı rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümanələrində narkotik vasitələr istifadə etdiyi aşkar edilmişdir. Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarındakı Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu PŞ-nin təhqiqatçısı Elçin İsgəndərovun xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tibbi rəy, inzibati xəta haqqında protokol, polis əməkdaşının izahatı və digər yazılı sübutlar Şəxs narkotik vasitə istifadə etməsini obyektiv şəkildə təsdiq edir. Onun məhkəmədə əvvəllər narkotik vasitə qəbul etdiyini bildirməsi, tibbi rəyin nəticələri ilə təkzib olunur və müdafiə xarakterli izahat kimi qiymətləndirilir. Beləliklə, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin tam sübuta yetirildiyi qənaətinə gəlir. Tənbeh tədbiri seçilərkən məhkəmə onun şəxsiyyətini, əməlindən peşman olduğunu bildirməsini, narkotik asılılığının mövcudluğunu, habelə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Eyni zamanda narkotik vasitələrin qanunsuz istifadəsinin cəmiyyət üçün təhlükəli olmasını və profilaktik təsir məqsədini də qiymətləndirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbeh tədbiri olaraq İXM-in 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs tətbiq edilməsi qanuni və əsaslıdır və inzibati tənbehin məqsədlərinə uyğun olacaqdır. Bununla yanaşı, onun narkoloji dispanserdə qeydiyyata alınması və müvafiq müalicəyə cəlb olunması məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən Şəxsun əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 1 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən, saat 14:30 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar