Məhkəmə qərarları › İş №3(5-104)-2382/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2382/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2382/2026 26.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Eyvazova Rahilə İmran qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs mütəmadi olaraq sosial şəbəkələr vasitəsi ilə qeyri-etik ifadələr işlədir, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, əxlaqsız ifadələr səsləndirmişdir. Bununla bağlı izahat alınması üçün, 26-cı Polis Şöbəsinə dəvət olunmuşdur. Bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs İXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Şöbəsi tərəfindən xx.xx.2026-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Şəxs “Tik-tok” sosial şəbəkəsində nalayiq ifadələr işlətmiş, söyüş söymüşdür. Bundan əvvəllər də inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq həmin əməlləri təkrarən etmişdir. Hər gün Daxili İşlər Nazirliyinə şikayətlər daxil olur ki, bu şəxs sosial şəbəkədə nalayiq, qeyri-etik ifadələr işlədir və əxlaqsız mövzulardan danışır. Həmin videogörüntüləri məhkəməyə təqdim edir. Bu videolara görə şəxs hələ cəlb olunmayıb məsuliyyətə, əvvəlki videolar tam başqa olub. Şəxsin barəsində tənbeh tədbirinin tətbiqi zəruridir, çünki bu şəxs çoxsaylı izləyicilərin qarşısında xırda xuliqanlıq hərəkətləri edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, bu videoları o yaymamışdır, çoxdan yazılan videolardır. Kimsə həmin videoları yazıb və aradabir DİN şikayətlər edir. Həmin adamlar bilmir kimdi. Əvvəllər həmin videolara görə inzibati məsuliyyətə cəlb edilmişdir. Söyüş isə həmin vaxt çox hirsli olduğu üçün işlədilmişdir. Hazırda işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-in 510.2-ci internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi, yəni əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmə kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyə təqdim edilən videogörüntülərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxsin şəxsiyyətini xarakterizə edən məlumat kimi iş materiallarında olan AZEMİS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, Şəxs barəsində Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli və Yasamal Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarındakı xx.xx.2025-ci il tarixli tutma protokoluna əsasən o, həmin tarixdə saat 15:00 radələrində tutulmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs “Tik-Tok” sosial şəbəkəsində internet informasiya ehtiyatında kütləvi nümayiş etdirilən videogörüntülərdə ardıcıl şəkildə nalayiq, əxlaqsız və qeyri-etik ifadələr işlətmiş, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmişdir. Belə ki, videogörüntülərə məhkəmə iclasında birbaşa baxış keçirilmiş, həmin görüntülərdə şəxsin ictimai mənəviyyatı təhqir edən, açıq-aşkar söyüş və əxlaqsız məzmunlu ifadələr işlətməsi, etik normalara zidd davranış nümayiş etdirməsi aydın şəkildə təsbit olunmuşdur. Bu ifadələr təsadüfi və ya bir dəfəlik deyil, ardıcıl və sistemli xarakter daşıyır. Məhkəmə hesab edir ki, videogörüntülər internet informasiya ehtiyatında (sosial şəbəkə platformasında) kütləvi nümayiş etdirilmişdir, ifadələr ictimai mənəviyyata açıq hörmətsizlik təşkil edir, hərəkətlər çoxsaylı izləyicilər qarşısında törədilmişdir, əməldə xırda xuliqanlığın obyektiv və subyektiv əlamətləri tam mövcuddur. Beləliklə, əməldə Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi tam formalaşmışdır. Şəxs videolardakı ifadələrin mövcudluğunu faktiki olaraq inkar etməmiş, yalnız həmin videoların köhnə olduğunu və özü tərəfindən yayılmadığını bildirmişdir. Lakin məhkəmə hesab edir ki, videoların əvvəl yazılması onların hüquqi qiymətləndirilməsinə mane olmur, çünki onlar internet mühitində mövcuddur və kütləvi nümayiş etdirilməkdə davam edir, şəxsin həmin görüntülərdə birbaşa iştirak etməsi və ifadələri səsləndirməsi danılmazdır, videoların yayılmasına nəzarət imkanının olmaması barədə iddia sübuta yetirilməmişdir. Bu səbəbdən təqsirin sübuta yetirilməsində hər hansı şübhə yaranmır. Bundan əlavə iş materiallarından müəyyən edilir ki, Şəxs əvvəllər də inzibati məsuliyyətə cəlb edilmişdir. Bu hallar göstərir ki, şəxs inzibati tənbehlərdən nəticə çıxarmamış, hüquqazidd davranışını davam etdirmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, Daxili İşlər Nazirliyinə vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olmuşdur, hərəkətlər sosial şəbəkədə geniş auditoriya qarşısında törədilmişdir, əxlaqsız ifadələr ictimai mənəvi dəyərlərə ziddir, İXM-in 510.2-ci maddəsi internet mühitində ictimai mənəviyyatın qorunmasına yönəlmiş nisbətən yeni normadır və onun preventiv rolu xüsusi əhəmiyyət kəsb edir. İnternet mühitində kütləvi auditoriyaya ünvanlanan açıq-aşkar söyüş və əxlaqsız ifadələr cəmiyyətdə hüquq normalarına hörmət prinsipini sarsıdır və ictimai qaydanın pozulmasına səbəb olur. Bu baxımdan məhkəmə hesab edir ki, yalnız ciddi tənbeh tədbiri tətbiq edilməklə şəxsin gələcəkdə analoji hərəkətlərdən çəkindirilməsi mümkün ola bilər. Beləliklə məhkəmə hesab edir ki, pul cəriməsi tənbehin məqsədlərinə cavab verməyəcək, çünki əvvəlki inzibati təsir tədbirləri şəxsin davranışına müsbət təsir göstərməmişdir. Hazırda Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsinin sanksiyası çərçivəsində 8 (səkkiz) gün müddətinə inzibati həbsin təyin edilməsi törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, ədalətlilik və fərdiləşdirmə tələblərinə uyğundur, gələcəkdə analoji hüquqpozmalardan çəkindirmə məqsədinə xidmət edir. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın xarakteri nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən hallar müəyyən edilməmişdir. Bu səbəbdən ona 8 gün müddətinə inzibati həbs təyin edilməsi qanuni, əsaslı və zəruri hesab edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 26 fevral 2026-cı il tarixdən saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar