Məhkəmə qərarları › İş №3(5-104)-2387/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(5-104)-2387/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-104)-2387/2026 13.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1661/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş material aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki X1 Xilasetmə Taboru 9931 nömrəli Hərbi Hissədən məhkəməyə daxil olan xx.xx.2026-cı il tarixli, 3-18- 51/2-19/2026 nömrəli məktubdan görünür ki, həmin Hərbi Hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs hərbi qulluqçu olduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulmasına dair keçiriləcək məhkəmədə iştirak etməsi haqqında məktubun hərbi hissəyə ünvanlanması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən Bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmə aidiyyəti üzrə inzibati xəta hadisəsinin törədildiyi yer üzrə hərbi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında material məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar