Məhkəmə qərarları › İş №3(5-104)-2432/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2432/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2432/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 16 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 16 fevral 2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC onun mülkiyyətində (istifadəsində) olan “VOLKSWAGEN TRANSPORTER xüsusi təy.” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirdikdən sonra onu başqa şəxsə verdikdə nəqliyyat vasitəsinə verilmiş etibarnaməni təkrar dövlət qeydiyyatından keçirməmişdir və nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları Şəxs MMC səlahiyyətli orqanın inzibati xətanın törədilməsi barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir və bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci və 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs MMC-nə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “VOLKSWAGEN TRANSPORTER xüsusi təy.” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2026-cı il tarixdə saat 15:28-də Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, sistem üzərindən araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2026-cı il tarixində AZ1122 saylı poçt şöbəsi vasitəsilə X3 idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanan SX077020783AZ ştrix kodlu məktub, xx.xx.2026-cı il tarixində AZ1065 saylı Poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə “Unikal-A" MMC-nin əməkdaşı Hacıyeva Arzu şəxsinə təhvil verilmişdir. Sözügedən məktubun xəbərnaməsi xx.xx.2026-cı il tarixində AZ1122 saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmin tarixdə X3 İdarəsinin Abbasov soyadlı əməkdaşına təhvil verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “VOLKSWAGEN TRANSPORTER xüsusi təy.” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən şirkətə sorğular göndərilmiş və həmin sorğular 02 fevral 2026-cı il tarixdə cəmiyyətin məsul əməkdaşı tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq inzibati xəta törətmiş sürücü bərəsində məlumat cəmiyyət tərəfindən nə Yasamal RPİ-nə, nə də ki, məlumatın vaxtında verilməsinə dair təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, İXM-in 339.1-ci maddəsi alternativ əlamətli inzibati xətadır. Belə ki, alternativ əlamətli inzibati xəta tərkibini o xətalar yaradır ki, orada başa çatmış inzibati xətanın tərkibinin olması üçün İXM-in müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli inzibati xəta tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə xətanın başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq inzibati xətanın törədilməsi kimi qiymətləndirilir. İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan alternativ əlamətlərdən biri də sahibi tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onun təkrar dövlət qeydiyyatından keçirilməməsıdir. Şəxs MMC də məhz bu əsasla, yəni nəqliyyat vasitəsinin icarə və digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi, lakin onu təkrar dövlət qeydiyyatından keçirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Əvvəla qeyd edilməlidir ki, Şəxs MMC-nin balansında olan “VOLKSWAGEN TRANSPORTER xüsusi təy.” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə müqaviləsi əsasında verilməsi iş materiallarından görünmür, səlahiyyətli orqan bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, “UNİKAL-A " MMC tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Həmin MMC tərəfindən sürücüyə yol vərəqəsi verilmişdir. Hansı ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur (Mülki Məcəllə 324, 325, 362.5). Həmçinin qanunçuluq prinsipindən bəhs edən İXM-in 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Hazırkı halda iş materiallarından Şəxs ASC-nin İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi, yəni balansında olan “VOLKSWAGEN TRANSPORTER xüsusi təy.” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə müqaviləsi əsasında və ya digər əşya hüququna dair müqavilə əsasında başqa şəxsə verməsi müəyyən edilmir. Yəni, mövcud material üzrə Şəxs ASC-nin İXM-in 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas verən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt Şəxs MMCnin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş əməl mövcud deyildir. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Lakin Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar