Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2523/2026 03.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X3, Tələbkar – X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 03 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı borclu Şəxs tutularaq hazırda 5950 manat qalıq borc X5 ödənilməlidir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı borclu Şəxs hazırda 5950 manat tutularaq qalıq borc X5 ödənilməlidir. 28 oktyabr 2025-ci il tarixdə şəxs barəsində protokol tərtib edilsə də, işə xitam verilmişdir. Tələbkar tərəfindən icra sənədinin icrası tələb olunur, hissə-hissə ödənişə razı deyildir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, pulu aylıq hissəhissə tələbkara ödəyir. Tələbkar desə də ki, borcu birdəfəyə istəyir, ancaq aralarında mövcud olan yazışmalarda da, tələbkarın hissə-hissə ödənişə razı olduğu görünür. Axırıncı ödənişləri fevral ayının 22, 27-si, mart ayının 3-ü etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavab olaraq proqramçı olaraq çalışdığını, 2025-ci il iyul ayının 1-dən işlədiyini, aylıq 400 manat qazancının olduğunu, icra məmuru barəsində axtarış elan etsə də, əsassız olduğunu, çünki ona icra məmuru tərəfindən zəng gəlmədiyini və bildiriş göndərilmədiyini, işəgötürənin fiziki şəxs olduğunu, borcun lizinq müqaviləsindən yarandığını bildirmişdir. Məhkəmə iclasında tələbkar X7 izahat verərək bildirdi ki, borclu sonuncu ödənişləri barəsində axtarış elan edildikdən sonra ödəmişdir, yəni axtarış səbəbi ilə məcburiyyət qarşısında ödəmə olmuşdur. Fevral və mart ayında olan ödənişlərdən əvvəlki ödəniş isə noyabr ayının 30-da olmuşdur, həmin ödəniş də Bakı Apellyasiya Məhkəməsində olan iclasdan qabaq olmuşdur. Dekabr və yanvar ayında isə ödəniş olmamışdır. Borcunu tam tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs cəzalandırılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 03 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı borclu Şəxs tutularaq hazırda 5950 manat qalıq borc X5 ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4499/2024 saylı icra vərəqəsindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Şəxs 11.000 (on bir min) manat məbləğində pulun tutularaq, iddiaçı X5 ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 02 dekabr 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024-009 nömrəli, xx.xx.2024cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi qaydada imzalanmaqla qəbul edilmişdir. “Borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu 2001- 06-09-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Şəxs icra şöbəsində verdiyi xx.xx.2026-cı il tarixli izahatından görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, icra sənədi üzrə tələbi icra etdiyini, borcundan yayınmadığını, 2 ay ödəniş etmədiyini, bunu qarşı tərəfə bildirdiyini, qarşı tərəfin də onunla razılaşdığını, fevral ayının 22-si 200 manat, 27-si 150 manat, martın 1-i isə 50 manat ödəniş etdiyini, icra sənədi üzrə bugünədək 5050 manat və 123 manat rüsum ödədiyini, borcu tam olaraq ödəməyə gücünün çatmadığını və qarşı tərəfin aylıq ödənişlə razılaşdığını, aylıq maaşından tutulmasını və ya aylıq ödəniş etməsinə köməklik göstərilməsini, adına daşınar və ya daşınmaz əmlakın olmadığını, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanəti olmadığını qeyd etmişdir. Whatsapp mobil tətbiqindən çıxarışdan görünür ki, həmin yazışmada borclu problemlərə görə qarşı tərəfə pul göndərə bilmədiyini, martın əvvəlinə kimi əvvəlki ayları, martın ortası isə mart ayının pulunu atacağını yazmışdır. Tələbkar isə bununla razılaşmışdır. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs kompüter mühəndisi vəzifəsində çalışmaqla 400 manat əmək haqqı alır, işəgötürən isə X2r. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Həmin qərarda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmənin mövqeyi: Məhkəmə icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əbdülov X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil və o, icra sənədinin icrasından qərəzli şəkildə yayınmamışdır. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, borclu borcun ödənilməsi istiqamətində müəyyən dövrlərdə tələbkara ödənişlər etmiş, sonuncu ödənişləri isə 22 fevral, 27 fevral və 03 mart tarixlərində həyata keçirmişdir. Bu hal borclunun icra sənədini tam şəkildə olmasa da, imkanları daxilində icra etməyə çalışdığını göstərir və onun icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırması barədə nəticəyə gəlməyə əsas vermir. Eyni zamanda məhkəmə nəzərə alır ki, barəsində inzibati icraat aparılan şəxs hazırda proqramçı kimi fəaliyyət göstərdiyini və aylıq təxminən 400 manat gəlir əldə etdiyini bildirmiş, maddi imkanlarının məhdud olması səbəbindən borcu birdəfəyə ödəmək imkanında olmadığını göstərmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, icra məmuru tərəfindən borclunun əmək haqqından tutulmaların aparılması məqsədilə onun işəgötürəninə müraciət edilməsi kimi icra tədbirlərindən istifadə olunmamışdır. Bu isə icra sənədinin icrasını təmin etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş digər icra vasitələrinin tam istifadə edilmədiyini göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarında da qeyd olunduğu kimi, məhkəmə aktlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi hər bir halda inzibati məsuliyyətə səbəb olmamalı, əvvəlcə icra sənədinin icrasını təmin etməyə yönəlmiş digər qanuni mexanizmlərdən istifadə edilməlidir. Yalnız bütün imkanlar tükəndikdən sonra şəxsin qərəzli şəkildə icradan yayınması müəyyən edildikdə inzibati məsuliyyət məsələsinə baxıla bilər. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar göstərir ki, Şəxs icra sənədinin icrasından qəsdən və ya üzrsüz səbəbdən yayınmamış, əksinə imkanları daxilində borcun ödənilməsi istiqamətində müəyyən addımlar atmışdır. Bu səbəbdən onun hərəkətlərində icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmə əlamətləri müəyyən edilmədiyindən, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud hesab edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qərəzli olaraq icra sənədinin icrasından boyun qaçırmaması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-2523/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2523/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver