Məhkəmə qərarları › İş №3(5-104)-2619/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2619/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2619/2026 04.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İmişli rayonu, Muradxanlı ərazi dairəsi, Muradxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 04 mart 2026-cı il tarixli, MN ******* saylı protokola əsasən vətəndaş Şəxs xx.xx.2026-cı ildə Yasamal rayonu, H.Zərdabi küçəsində narkotik vasitələrdən istifadə etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 03 mart 2026-cı il tarixdə Melissa yaşayış kompleksində yerləşən marketdən şokolad oğurlamağa cəhd hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Bu səbəbdən Şəxs tutub bölməyə apardıqda orada məlum olmuşdur ki, şəxs narkotik vasitələrdən istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, bir neçə ildir narkotik vasitədən istifadə edir, sonuncu dəfə isə 28 fevral 2026-cı il tarixdə istifadə etmişdir. Əvvəllər məhkəmə hökmü ilə ona təyin edilmiş cəzasını çəkib qurtardıqdan bu yana narkotik vasitə istifadə etməmiş, ancaq fevral ayının 28-də “kakos” adlı narkotik vasitəni istifadə etmişdir. Dispanserdə ona verilən dərmanları istifadə etdiyinə görə rəydə çıxan maddələrin bir hissəsi məhz bu səbəbdəndir. Əməlindən çox peşmandır, yaşlı nənəsi var və onunla birgə yaşayır, odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 04 mart 2026-cı il tarixli, MN ******* saylı protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2026-cı ildə Yasamal rayonu, H.Zərdabi küçəsində narkotik vasitələrdən istifadə etmişdir. “İnzibati qaydada tutma haqqında” 04 mart 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 04 mart 2026-cı il tarixdə, saat 02:00-da tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 haqqında 04 mart 2026-cı il tarixli, 1816 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2023-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-19/2018 saylı hökmünə əsasən AR CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmış, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-417/2024 saylı hökmünə əsasən AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmış, bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-176/2025 saylı hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmış, həmçinin dəfələrlə AR İXM-nin 206 və 227-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 haqqında 04 mart 2026-cı il tarixli, 1816 nömrəli rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə baxışı zamanı öz təqsirini etiraf etməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, həmçinin müxtəlif vaxtlarda AR CM-nin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılması, eləcə də müxtəlif vaxtlarda AR İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirləri tətbiq edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə tərəfindən Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən törədilmiş xətanın xarakterini qiymətləndirərək qeyd edir ki, Şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə bağlı inzibati xəta törətmiş və bu hal onun hüquq qaydalarına etinasız münasibətini göstərməklə ictimai sağlamlıq və ictimai qayda üçün təhlükə yaradan davranış kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin müəyyən edir ki, təqsirkar törətdiyi əməlin hüquqa zidd olduğunu dərk etmiş və buna baxmayaraq həmin hərəkətləri etmişdir ki, bu da onun təqsirinin qəsd formasında olmasını göstərir. Onun maddi vəziyyəti də nəzərə alınaraq qeyd olunur ki, marketdən xırda miqdarda şokolad oğurlamağa cəhd edərkən saxlanılması şəxsin həyat tərzində mənfi meyillərin mövcudluğunu göstərən hal kimi qiymətləndirilməlidir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməsə də, yalnız təqsirini etiraf edib peşman olması yüngülləşdirici hal kimi nəzərə alınır. Bununla yanaşı, onun əvvəllər də hüquqpozmalara yol verməsi və tətbiq edilmiş tədbirlərin lazımi nəticə verməməsi göstərir ki, profilaktik təsiri təmin etmək məqsədilə sanksiyada nəzərdə tutulmuş hədlər daxilində daha sərt inzibati tənbeh tədbirinin tətbiqi zəruridir. Bu cür tənbeh həm törədilmiş xətanın xarakterinə, həm də təqsirkarın şəxsiyyətinə uyğun olmaqla gələcəkdə oxşar hüquqpozmalara yol verilməsinin qarşısının alınmasına xidmət edəcəkdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin əməlini etiraf edərək səmimi peşman olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı 04 mart 2026-cı il tarixdən, saat 02:00-dan hesablanmalı, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 mart 2026-cı il tarixdən, saat 02:00-dan hesablansın. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar