Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2626/2026 17.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru X1 iştirakı ilə X2 Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2026-cı il tarixində istifadəsində olan **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Yasamal rayonu, X7 küçəsində qanuni parklanma yerində saxlayarkən barəsində İXP ******* nömrəli inzibati protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. Aşağıda qeyd etdiyi xüsusatlara əsasən o, barəsində tərtib edilmiş protokolu və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız hesab edir. İnzibati Xətalar Məcəlləsinin 346.4-ci maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında qanun”un 1-ci maddəsində dayanma və durma aşağıdakı kimi qeyd edilmişdir. nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəgliyyat vasitəsi durmuş hesab edilir. Bildirmək istəyir ki, həmin vaxt avtomobildə tək olmuş, protokol ona nəzərdə tutulmuş parklanma yerində park edərkən inzibati məsuliyyətə cəlb edilmiş, DYP əməkdaşına bunun əsassız olduğunu bildirsə də nəzərə alınmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilən əsaslara görə inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli qərar qanunsuzdur və ləğv edilməlidir, barəsində İXM-nin 346.5-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ bəndinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir ki, hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində də əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə görə, hakim, inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu. 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı. İXM-nin 109.2-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda. İnzibati xəta hadisəsi və onun əməlində heç bir inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 128.1-ci maddəsinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. İXM-nin 128.2.3-cü maddəsinə əsasən, səlahiyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, səlahiyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri üzrə rayon şəhər) məhkəməsinə verilir. İXM-nin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi naqqında. İXM-nin 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması. İXM-nin 129.5-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən, məhkəməyə verilən iddialarda inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş dövlət rüsumunun ödənilməsindən azaddır. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 izahatında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, avtomobilini park etmək üçün digər avtomobilin çıxmasını gözləmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq cərimə ediləcəyini demişlər, ancaq sürücülük vəsiqəsinə bal yazılacığını bildirməmişlər, onun özünün sonradan xəbəri olmuşdur. Odur ki, Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi yol patrul xidməti inspektoru X4 bildirmişdir ki, şikayət əsassızdır, şəxs həmin ərazidə avtomobilini ikinci cərgədə saxlamış, çəkilişdə özü də etiraf etmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə, saat 18:56-da Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi 500G ünvanında “Nissan X-Trail minik” markalı, 90OL212 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə təqsirli bilinərək AR İXM-nin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş video görüntüyə baxış zamanı xx.xx.2026-cı il tarixdə, saat 18:56-da “Nissan X-Trail minik” markalı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığı, polis əməkdaşının sürücüyə yaxınlaşaraq sənədləri tələb etdiyini və ona Yol Hərəkəti haqqında Qanunun 52-ci maddəsinin tələbini pozduğunu və buna görə də barəsində AR İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün protokol tərtib ediləcəyini bildirdiyi, sürücünün isə cərimənin miqdarını soruşduğu və heç bir narazılıq etmədən oradan uzaqlaşdığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında hakim tərəfindən qərar qəbul edilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 7-ci bəndinə əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər. 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. 52-ci maddəsinin 1-ci bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. 69-cu maddəsinin 6-cı bəndinin 1.1-ci hissəsinə əsasən üfiqi nişanlanma xətləri — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, iş materialları, səlahiyyətli orqan tərəfindən təqdim olunmuş videogörüntü ilə müəyyən edilir ki, X3 idarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə saxlamışdır. Bu hal isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv tərəfini tam şəkildə təşkil edir. Şikayətçinin nəqliyyat vasitəsini qanuni parklanma məqsədilə saxlaması və digər avtomobilin çıxmasını gözləməsi barədə arqumentləri əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən nəqliyyat vasitəsinin dayanması yalnız sərnişinlərin minməsi-düşməsi və ya yüklərin yüklənməsi-boşaldılması ilə bağlı qısa müddətli hərəkətsizlik halları ilə məhdudlaşır. Mövcud halda isə nəqliyyat vasitəsinin ikinci cərgədə saxlanılması qeyd edilən hallar kateqoriyasına aid deyildir və qanunla qadağan olunmuş hərəkət hesab olunur. Eyni zamanda, videogörüntüdən görünür ki, polis əməkdaşı tərəfindən sürücüyə törətdiyi inzibati xəta izah edilmiş, o isə bu halı mübahisələndirməmiş, yalnız cərimənin məbləğini soruşmuşdur. Bu da onun törətdiyi əməli faktiki olaraq qəbul etdiyini təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan AR İXM-nin 134.1.1-ci maddəsinə əsasən şikayət təmin edilmədən və qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 AR İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Yasamal rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-2626/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2626/2026
17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver