Məhkəmə qərarları › İş №3(5-104)-2736/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2736/2026

12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2736/2026 12.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1971-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İsmayıllı rayonu, Quşencə ə/d, Zoğallıq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 fevral 2026-cı il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 27 noyabr 2025-ci il tarixində, saat 10:00-da idarə etdiyi “BYD Destroyer 05 Plug-İn hibrid minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yaşayan xx.xx.1954-cü il təvəllüdlü X2 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YNH baş inspektoru, polis kapitanı X7 izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Belə ki, sürücü geriyə manevr qaydalarına riayət etməyərək Fəridə Qayıbovanı avtomobili ilə vurmuş və sonuncuya yüngül bədən xəsarəti yetirmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək hadisənin ehtiyatsızlıqdan baş verdiyini, arxaya hərəkət edən zaman Fəridə Qayıbovanı görmədiyini və vurduğunu, zərərçəkmiş şəxsə köməklik təklif etsə də, zərərçəkmiş şəxs vəziyyətinin yaxşı olduğunu bildirərək razı olmadığını, göstərilənləri nəzərə alaraq daha yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” Publik Hüquqi şəxsin Yasamal rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasının 13 yanvar 2026-cı il tarixli, 26 nömrəli rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı üst çənədə sağdan İİİ dişin yoxluğu, sağdan İİ dişin tac hissəsinin yoxluğu müşahidə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə 3 nömrəli şəhər poliklinikasında kliniki müayinələri zamanı həkim nevropatoloq və həkim cərrahın qəbulunda olmuş, qəbul zamanı şikayətləri baş ağrılarından, xüsusilə də gicgah nahiyəsində olan ağrılardan, ürəkbulanmadan, başgicəllənmədən, dayanıqsızlıqdan, üst çənədə ağrının olmasından, üst dodağında yaranın olmasından və yuxarı çənədə iki dişin sınmasından olmuşdur, klinikaya müayinələr zamanı ona “Dəqiqləşdirilməmiş kəllədaxili travma. “Başın səthi travması. Dodağın və ağız boşluğunun səthi travması” diaqnozları qoyulmuşdur. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olan avtomobillə vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 yanvar 2026-cı il tarixli qərardan görünür ki, X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı əsasında toplanmış HK-1/56 saylı materialda və BYD Destroyer 05 markalı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, BYD Destroyer 05 markalı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin DYPŞnə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, materialın saxlanılması üçün Yasamal RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin polis kapitanı X7 tərəfindən tərtib edilmiş 19 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 noyabr 2025-ci il tarixində, saat 10:00-da idarə etdiyi “BYD Destroyer 05 Plug-İn hibrid minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yaşayan xx.xx.1954-cü il təvəllüdlü X2 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. “Baxış aparılması haqqında” 13 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanının qarşısıdır. X3 tərəfindən Yasamal RPİ-də verilmiş xx.xx.2026-cı il tarixli izahatdan görünür ki, o, 27 noyabr 2025-ci il tarixdə təxminən saat 10 radələrində ünvan 4 ünvanda yerləşən Spar marketin qarşısından yolun piyada əks tərəfə keçmək istəyən zaman, geriyə hərəkət edən BYD markalı avtomobil onu arxadan vurdu və o, zərbənin təsirindən üzü üstə asfalta çırpıldı. Hadisə nəticəsində onun üst damağında 2 dişi sındı, 2 dişi zədələndi və alt dodağı partladı. Hadisə zamanı avtomobilin təxminən 50 yaşlarında olan kişi sürücüsü hadisə barədə polisə məlumat verməməyi üçün ona yalvardı və ona dəymiş zərəri qarşılayacağını bildirdi. O da həmin sürücünün sözlərinə inanıb daha hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat vermədi. Bundan sonra həmin sürücü mobil telefon nömrəsini ona təqdim etdi. Hadisədən sonra o, həkim-stomatoloqa müraciət etdi, həkim isə dişlərinin bərpa və müalicəsi üçün təxminən ***-**** manat civarında pul lazım olduğunu bildirdi. Buna görə o, sürücü ilə əlaqə saxlayıb bu barədə məlumat verdi, lakin sürücü ona yardım etmək əvəzinə telefon nömrəsini dəyişib onunla əlaqəni kəsdi. Həmin ərəfələrdə onun nəvəsinin toy şənliyi olduğuna görə bir müddət başı qarışıq oldu, daha sonra da “Yeni il” bayramı ilə əlaqədar olaraq polisə müraciət etmədi. 2026-cı ilin əvvəllərində o, hadisə zamanı almış olduğu xəsarətlə bağlı 3 nömrəli Polikilinikaya müraciət etdi, lakin orada avtoqəza zamanı deyil, yaşadığı evdə yıxılaraq xəsarət aldığını bildirdi. Əlavə olaraq bildirmək istəyir ki, həmin sürücünün ona təqdim etdiyi mobil telefon nömrəsini və anket məlumatlarını təhqiqata təqdim edəcəkdir. Verilən suallara cavab olaraq hadisə zamanı heç bir xəstəliyinin olmadığını, hadisə nəticəsində onun üst damağında 2 dişinin sındığını, 2 dişinin zədələndiyini və alt dodağının partladığını, hazırda da həmin xəsarətlərinin müalicəsiz qaldığını, buna görə də məhkəmə-tibbi ekspertizadan keçmək istədiyini, ümumiyyətlə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etmədiyini, həmin avtomobilin sürücüsü ilə arasında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmadığını, həmin sürücünü ilk dəfə hadisə zamanı gördüyünü bildirmişdir. AZEMİS elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X8 adında övladları vardır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun: 42-ci maddəsinin İ. Bəndinə əsasən Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Xİİİ bəndinə əsasən Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs “BYD Destroyer 05 Plug-İn hibrid minik” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 27 noyabr 2025-ci il tarixində, saat 10:00-da geriyə hərəkətdə manevr qaydalarını pozaraq təhlükəsizliyi təmin etməmiş və ehtiyatsızlıq edərək ünvan 1 ünvanında yaşayan xx.xx.1954-cü il təvəllüdlü X2 yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların isə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar