Məhkəmə qərarları › İş №3(5-104)-2813/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-2813/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-2813/2026 10.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:45 radələrində Yasamal rayonu ərazisində narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün saxlanılaraq, müayinəyə aparılmış, müayinə zamanı narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin sahə inspektoru X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, protokol raport əsasında tərtib edilmişdir. Raporta əsasən xx.xx.2026-cı il tarixdə axşam saat 21:45 radələrində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, nəticədə bir nəfər Sakin adlı şəxs saxlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin şəxsin yanında olmuşdur, polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğu, lakin üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmişdir. Daha sonra şəxs polis əməkdaşları tərəfindən müayinəyə aparılmış, nəticədə ambulator mərkəzin tibbi arayışına əsasən şəxsin narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək izahatında göstərdi ki, əvvəllər narkotik vasitə qəbul edib, hazırda aludəçəsi deyil. Artıq bir həftədir ki, narkotik vasitə qəbul etmir, imtina edib. Ailəlidir, himayəsində 2 övladı var. Həmçinin bildirmək istəyir ki, həmin tutulan şəxsləri ümumiyyətlə tanımırdı. O, taksi fəaliyyəti ilə məşğul olur, tutulan şəxs ona pul verməli idi. Barəsində yüngül tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsi Ambulator X1 xx.xx.2026-cı il tarixli, 1969 saylı rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümanələrində narkotik vasitələr istifadə etdiyi aşkar edilmişdir. Şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, 1969 saylı tibbi rəy, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə nəzərə alır ki, Şəxs məhkəmədə inzibati xətanı törətməsini etiraf etmiş, ailəli olduğunu və himayəsində iki azyaşlı övladının olduğunu bildirmişdir. Bununla yanaşı, tibbi rəyə əsasən onun narkotik vasitələrdən istifadə etdiyi və narkotik asılılıq sindromunun olduğu müəyyən edilmişdir ki, bu da törədilmiş inzibati xətanın xarakterinin və ictimai zərərli nəticələrinin daha ciddi qiymətləndirilməsini zəruri edir. Məhkəmə hesab edir ki, göstərilən halları nəzərə alaraq qanunla nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiqi zəruridir, lakin təqsirləndirilən şəxsin sağlamlıq vəziyyəti və iş üzrə ağırlaşdırıcı halların olmaması nəzərə alınmaqla inzibati həbsin minimum müddətinin seçilməsi ədalətli və mütənasibdir. Bununla yanaşı, tibbi rəy və analiz nəticələri təqsirləndirilən şəxsin narkotik vasitədən istifadəsini təsdiq etdiyindən, məhkəmə gələcəkdə analoji inzibati xətaların qarşısının alınması və onun sağlamlığının qorunması məqsədilə narkoloji xarakterli məcburi tibbi tədbirlərin tətbiqini zəruri hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs barəsində İXM-in 206-cı maddəsinin sanksiyası həddində minimum inzibati həbs tənbehinin təyin edilməsi, eyni zamanda müvafiq tibbi (narkoloji) nəzarət və müalicə tədbirinin tətbiqi törədilmiş inzibati xətanın xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə və inzibati tənbeh məqsədlərinə uyğun olmaqla qanuni, əsaslı və mütənasibdir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar bir-biri ilə uzlaşır, bir-birini tamamlayır və onların məcmusu Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini tam sübuta yetirir. İş materiallarındakı xx.xx.2026-cı il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 21:45 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2026-cı il tarixdə saat 16:45 radələrində azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. AZEMİS elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs evli olmasını, iki uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan yəni, 09 mart 2026-cı il saat 21:45-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən, saat 21:45 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar