Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-3011/2026 13.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X5, Tələbkar – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1982-ci ildə Abşeron rayonu, Qobu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Gədəbəy rayonu, Xar-xar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 13 mart 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən aliment borcu ödənilməmişdir. Bununla da borclu Şəxs icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı borclu Şəxs hazırda 2254 manat aliment borcu vardır. Borclu ödənişləri hissə-hissə ödəyir, tələbkar isə buna razılıq vermir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, son 3 aydır ki, işində problemlər olduğu üçün maddi cəhətdən sıxıntıları vardır, ona görə də ödənişləri vaxtında edə bilmir. Tələbkarın özü ilə də danışmışdır ki, iş düzələndə borcunu ödəyəcək. Həmçinin hazırda tələbkara 100 manat ödəniş etmiş, 200 manat da tezliklə ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, hazırda borclu tərəfindən ona 100 manat ödəniş edilmişdir, həmçinin Şəxs söz vermişdir ki, 200 manat da ödəyəcəkdir. Odur ki, hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən aliment borcu ödənilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-872/2024 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 1697/2022 saylı qətnaməsi ilə və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1698/2022 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılması və hər 3 uşağa görə 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi, alimentin artırılması ilə bağlı Şəxs hər 3 uşağa görə 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində pulun məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 29 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-872/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizənin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-872/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X7,xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs X2 xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 200 manat aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində indeksasiya olunması qərara alınmışdır. Şəxs icra şöbəsində verdiyi xx.xx.2026-cı il tarixli izahatından görünür ki, o, barəsində olan icra sənədindən xəbərdar olduğunu, turizm şirkətində tərcüməçi bələdçi işlədiyini, hazırda müharibə ilə əlaqədar İran üzərindən bütün uçuşların dayandığını, ölkəyə turist gəlmədiyini, işinin olmadığını, işsiz olduğunu, icra sənədi üzrə 700 azn ödəniş etdiyini, hazırda işləmədiyini, işə düzələn kimi hissəli şəkildə aliment borcunu ödəyəciyini, adına daşınar və ya daşınmaz əmlakın olmadığını, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanəti olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Həmin qərarda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə icra məmurunun, tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Abdullayev X11 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil və o, icra sənədinin icrasından qərəzli şəkildə yayınmamışdır. Belə ki, həmin maddəyə əsasən inzibati məsuliyyət yalnız məhkəmə və ya digər orqanların qərarlarının, habelə icra sənədlərinin qərəzli şəkildə icra edilməməsi halında yarana bilər. Bu isə o deməkdir ki, şəxsin icra sənədini icra etmək imkanı olduğu halda qəsdən və bilərəkdən həmin öhdəliyin icrasından boyun qaçırması müəyyən edilməlidir. Bu məsələ ilə bağlı hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi tətbiq edilərkən şəxsin icra sənədini qərəzli şəkildə icra etməməsi faktı sübut olunmalıdır, əks halda həmin maddə ilə məsuliyyətə cəlb etmə mümkün hesab edilə bilməz. İş materiallarından və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, Şəxs icra sənədinin icrasından qəsdən və qərəzli şəkildə yayınmamışdır. Belə ki, o, müəyyən dövrlərdə imkanları daxilində aliment ödənişləri etmiş, sonuncu ödənişi isə 13 mart 2026-cı il tarixində həyata keçirmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdən etibarən 600 manat məbləğində aliment ödənişi həyata keçirilmişdir. Bundan əlavə, məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs da borclu tərəfindən müəyyən məbləğdə ödəniş edildiyini təsdiq etmiş və hazırda ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, Şəxs borcundan 100 manat zərərçəkmiş şəxsə ödəmiş və zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar göstərir ki, Şəxs icra sənədinin icrasından qəsdən və ya üzrsüz səbəbdən yayınmamış, əksinə imkanları daxilində borcun ödənilməsi istiqamətində müəyyən addımlar atmışdır. Bu səbəbdən onun hərəkətlərində icra məmurunun qanuni tələblərini qərəzli olaraq yerinə yetirməmə əlamətləri müəyyən edilmədiyindən, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud hesab edilmir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs qərəzli olaraq icra sənədinin icrasından boyun qaçırmaması öz təsdiqini tapdığından, həmçinin tələbkarın ona qarşı şikayət və tələbi olmadığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(5-104)-3011/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-3011/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver