Məhkəmə qərarları › İş №3(5-104)-3017/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-3017/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-3017/2026 18.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34480815 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34480815 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nın 327.2ci maddəsi ilə tərtib olunmuş EQ 34480815 nöirəli 08 mart 2026-cı il tarixli protokol və həmin protokol üzə qəbul olunmuş qeyd olunan tarixli qərar əsassız və qanunsuzdur. İnzibati xəta haqqında protokolda və əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, avtomobili digər nəqliyyat vasitələrinin arxasında məcburi halda dayanmış vəziyyətdə olmuşdur. Svetoforun qadağanedici işarəsi olmamış digər nəqliyyat vasitələri kimi onun idarə etdiyi nəqliyyat vasitəsi də məcburiyyətdə dayanmış vəziyyətdədir. Yol üzərində sarı rəngli zolaqlar üzərində dayanmağı məcburiyyət qarşısında olmuşdur. Buna səbəb qarşıdakı nəqliyyət vasitələrin qəflətən dayanması olumşdur. Hesab edir ki, barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə tərtib olunmuş EQ 34480815 nömrəli 08 mart 2026-cı il tarixli protokol və həmin protokol üzə qəbul olunmuş qeyd olunan tarixdə qəbul olunmuş qərar əsassız və qanunsuz olduğundan ləğv olunmalıdr. Odur ki, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34480815 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında qərarına əsasən X5 xx.xx.2026-cı il tarixdə saat 11:40 radələrində Yasamal rayonu, 20 Yanvar dairəsi istiqamətinə Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, yolayrıcı keçmə qaydalarının pozulmasına görə) təqsirli bilinib 100 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2026-cı il tarixdə həqiqətən də “yolayrıcı keçmə qaydalarının pozulması” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. İş materiallarında sübut qismində təqdim olunmuş fotoşəkillərin qiymətləndirilməsi zamanı məhkəmə belə nəticəyə gəlir ki, həmin görüntülər sürücünün inzibati məsuliyyətə cəlb olunması üçün kifayət edən dərəcədə aydın və birmənalı sübut hesab edilə bilməz. Belə ki, fotoşəkillərdə nəqliyyat vasitəsinin 1.25 nişanlanması ilə işarələnmiş yolayrıcına daxil olması anı qeydə alınsa da, onun həmin sahədə dayanmış vəziyyətdə olub-olmaması və ya hərəkətini davam etdiribetdirməməsi dəqiq müəyyən edilmir. Görüntülərdən nəqliyyat vasitəsinin məcburi dayanma şəraitində qalması, yaxud aşağı sürətlə hərəkətdə olması ehtimallarını istisna etmək mümkün deyil. İnzibati xəta haqqında işlər üzrə şəxsin təqsirli hesab olunması üçün onun əməlində hüquq pozuntusunun bütün obyektiv əlamətlərinin mövcudluğu şübhədən kənar şəkildə sübuta yetirilməlidir. Mövcud foto materiallar isə bu tələbi təmin etmir və hadisənin başvermə mexanizmini, xüsusilə də dayanmanın qadağan olunmuş qaydanın pozulması nəticəsində baş verib-vermədiyini aydın şəkildə təsdiqləmir. Şübhələrin aradan qaldırılmaması isə qanunvericiliyin tələblərinə əsasən şəxsin xeyrinə şərh olunmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdim olunmuş sübutlar əsasında sürücünün inzibati xəta törətməsi tam və qəti şəkildə müəyyən olunmadığından, iş üzrə icraata xitam verilməsi hüquqi cəhətdən əsaslıdır. Belə ki, şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraatın ümumi prinsiplərinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədən onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Təqsirliliklə bağlı aradan qaldırıla bilməyən şübhələr şəxsin xeyrinə şərh olunmalıdır. Sübutetmə yükü inzibati tənbeh tətbiq edən orqanın üzərinə düşür. Lakin inzibati orqan tərəfindən yol şəraiti qiymətləndirilməmiş, hadisəni təsdiq edən videogörüntü və ya digər obyektiv sübut təqdim edilməmişdir. Bundan əlavə, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən yol hərəkətinin əsas prinsiplərindən biri yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Sürücü hərəkət zamanı elə davranmalıdır ki, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasın. Əgər qarşıdakı nəqliyyat vasitəsi qəfil dayanırsa təhlükənin qarşısını almaq üçün o da dayanmalıdı, bu halda hərəkətin davam etdirilməməsi təhlükəsizliyin təmin olunmasına yönəlmiş qərar kimi qiymətləndirilə bilər. Beləliklə, iş materialları ilə şəxsin yolayrıcı keçmə qaydalarını pozması sübuta yetirilməmişdir. İnzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri tam və mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, sübutetmə yükünü daşıyan inzibati orqan həmin yükü yerinə yetirməmiş, aradan qaldırıla bilməyən şübhələr mövcuddur və bu şübhələr inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməlidir. Bu səbəbdən, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(5-104)-3017/2026 saylı məktubu ilə Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 327.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 34480815 saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar