Məhkəmə qərarları › İş №3(5-104)-3078/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-3078/2026

19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(5-104)-3078/2026 19.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI Hakim Mirsadiq Mirsəttar oğlu Seyidovun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə Qərardan şikayət verən orqan (şəxs) DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli qərarı ilə İXM-nin 346.5-ci maddəsi ilə barəsində inzibati qaydada cərimə qərarı qəbul edilmiş və ona sms göndərilmişdir. İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında’’ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Cərimə olunduğu yer 5 ildir ki, daimi iş yerinin qarşısıdır və bu müddət ərzində həmin o işlək küçədə heç vaxt yol polisi tərəfindən bu maddə ilə cərimə edilməmişdir. Hesab edir ki, avtomobili saxladığı yer maddənin dispozisiyasında göstərildiyi kimi yolun kəsişən hərəkət hissəsinin kənarından 5 m-dən artıq məsafədə park etmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayəti müdafiə edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən ##.##.2026cı il tarixli, EQ ******** nömrəli protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən ##.##.2026cı il tarixli, EQ ******** nömrəli protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 12:18-də ünvan 1 ünvanında “Hyundaı IX-55 minik” markalı, **MT*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillə “Hyundaı IX-55 minik” markalı nəqliyyat vasitəsinin nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasını müəyyən etmək mümkün deyil. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 346.5-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin məcəllənin 327- 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. ##.##.2026-cı il tarixdə, saat 12:18-də ünvan 1 ünvanında “Hyundaı IX-55 minik” markalı, **MT*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması” iş materialları ilə müəyyən edilmir, bunu səlahiyyətli orqan sübut etməlidir. Fotoşəkilə baxış keçirilən zaman barəsində protokol tərtib edilmiş şəxsin “nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanması” əsas gətirilməklə protokol tərtib edilməsi məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyildir. Çünki protokol əsaslandırılmadığından və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən işin tam hərtərəfli və obyektiv aparılması mümkün olmamışdır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən şikayət edilən qərarın ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla, şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalmasına gətirib çıxarar ki, bu da İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi tərəfindən ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli protokola əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar