Məhkəmə qərarları › İş №3(5-104)-314/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(5-104)-314/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-104)-314/2026 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə X2 DİN Baş Dövlət Yol Polisi İdarəsi X3 tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33108548 nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN Baş Dövlət Yol Polisi İdarəsi X3 tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33108548 nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 05 yanvar 2026-cı il tarixdə saat 11də idarə etdiyi “Mercedes Benz E240” markalı, **-CM-*** d.q.n. avtomobil ilə 8 noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olarkən həmin yolda “çevik polis alayı” olan hissəyə çatanda avtomobilin arxa hissəsində güclü əsmə (nasazlıq) hiss edib, məcburi qaydada hərəkət zolağından sağa, avtobus zolağına daxil olub, qəza işıqlarını yandırıb avtomobili dayandıraraq düşüb avtomobilə baxış keçirdikdə, arxa sağ təkərin cırıldığını görmüşdür. Ehtiyat təkərin dəyişməsi üçün alətin olmaması səbəbindən avtomobil ilə qəza işıqları yanılı vəziyyətdə, yavaş-yavaş bir qədər irəlidəki təkər təmiri yerinə qədər hərəkət etmişdir. Daha sonra ehtiyyat təkər orada qoyulduqdan sonra hərəkətini davam etdirmişdir. Bir müddət sonra avtomobili ilə nasazlıq səbəbindən təcili və məcburi dayanma etdiyi avtobus zolağında saxladığına görə DİN BDYPİ X3 tərəfindən İXM-nin 327.1-1-ci maddəsi ilə cərimə edilməyi barədə 05 yanvar 2026-cı il tarixli, EQ 33108548 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında çıxarılmış eyni tarixli qərarın qüvvəyə minməsinə dair mobil telefonuna məlumat daxil olmuşdur. Hesab edir ki, bu vəziyyətdə, yəni avtomobildə baş vermiş nasazlıq səbəbindən hərəkəti mümkün olmadığı və təcili məcburi dayanmağına görə ona Qanunsuz elektron cərimə tətbiq edilmişdir. Ona görə də elektron qərarı əldə edib məhkəməyə şikayət vermək qərarına gəlmişdir. “X7” Qanunun 1-ci maddəsinin (əsas anlayışlar) 30-cu bəndində nəqliyyat vasitəsini texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılması kimi anlayış mövcuddur. Hesab edir ki, avtomobildə yaranmış nasazlıq səbəbində qəfil dayanması kamera vasitəsi ilə açıq-aşkar göründüyü halda texniki qurğu vasitəsilə qeydə alınmış cərimə əsassız və Qanunsuzdur. Eyni zamanda fotoşəkildən görünür ki, həmin istiqamətdə avtomobillər sərbəst hərəkət edir və heç bir sıxlıq müşahidə edilmir. Belə olan halda sual yaranır: məntiqlə nəyə görə yol boş olduğu halda o, avtobus zolağına daxil olmalıdır? Təbii ki, yalnız yuxarıda qeyd etdiyi və Qanunla icazə verilən nasazlıq səbəbindən məcburi qaydada avtomobilini ən kənar zolağa verib saxlamalı olmuşdur. Ona görə də, “X7” Qanunun 1-ci maddəsinin (əsas anlayışlar) 30-cu bəndində göstərilən hallardan birinə görə avtomobilini saxladığından İXM-nin 327.1-1 maddəsindəki inzibati xətanı törətməmiş hesab edilməlidir. Bu əsasa görə BDYPİ X3 tərəfindən İXM- nin 327.1- 1-ci maddəsi ilə barəsində 05 yanvar 2026-cı il tarixli, EQ 33108548 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında çıxarılmış eyni tarixli qərar ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi omadığına görə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Eyni Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şərh edilənlərə əsasən, şikayət təmin edilməsi, Daxili İşlər Nazirliyi BDYPİ X3 vasitəsi ilə İXM-nin 327.1-1-ci maddəsi ilə cərimə edilməyi barədə 05 yanvar 2026-cı il tarixli, EQ 33108548 saylı inzibati tənbeh vermə haqqında protokol əsasında çıxarılmış eyni tarixli qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayəti müdafiə edərək bildirmişdir ki, 05 yanvar 2026-cı il tarixdə saat 11-də idarə etdiyi “Mercedes-Benz E240” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 8 Noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olarkən həmin yolda “çevik polis alayı” olan hissəyə çatanda avtomobilin arxa hissəsində güclü əsmə, yəni nasazlıq hiss edib məcburi qaydada hərəkət zolağından sağa, avtobus zolağına daxil olub qəza işıqlarını yandıraraq avtomobilini saxlamış, bu zaman avtomobilə baxış keçirdikdə isə görmüşdür ki, arxa sağ təkər cırılmışdır. Bu şəraitdə, əlbəttə ki, daha çox məsafə getmək mümkün olmayacaqdı. Həmçinin qeyd etmişdir ki, həmin vaxt ətraf da boş olmuşdur, yəni onun avtomobili avtobus zolağında saxlamağı ətrafa maneçilik yaratmamışdır. Onun məqsədi avtobus zolağından qanunsuz istifadə etmək olmasa da, Baş Dövlət Yol Polisi İdarəsi X3 tərəfindən 05 yanvar 2026-cı il tarixli, EQ 33108548 nömrəli protokol əsasında eyni tarixli elektron qərar qəbul edilmiş və 100 manat cərimələnmişdir. Hesab edir ki, elektron qərar əsassız olaraq qəbul olunmuşdur və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsi X3 tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33108548 nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X5 xx.xx.2026-cı il tarixdə, saat 11:02-də 8 Noyabr pr – X9 yaxınlığı, Zığ istiqamətində “Mercedes E240 minik” markalı, 99CM012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolağda hərəkət etməsinə görə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, “Mercedes E240 minik” markalı, 99CM012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda dayanmış, lakin avtomobildə baş verən texniki nasazlıq üçün və ya başqa səbəblə dayanmasının təsdiq edilməsini video görüntüyə baxıldıqdan sonra müəyyən etmək mümkündür. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 327.1-1-ci maddəsində göstərilən heç bir tələbi pozmamış, belə ki, 05 yanvar 2026-cı il tarixdə saat 11-də idarə etdiyi “Mercedes Benz E240” markalı, **-CM-*** d.q.n. avtomobil ilə 8 noyabr prospekti ilə Zığ istiqamətində hərəkətdə olarkən həmin yolda “çevik polis alayı” olan hissəyə çatanda avtomobilin arxa hissəsində güclü əsmə (nasazlıq) hiss etdiyini, məcburi qaydada hərəkət zolağından sağa, avtobus zolağına daxil olub, qəza işıqlarını yandırıb avtomobili dayandıraraq düşüb avtomobilə baxış keçirdikdə, arxa sağ təkərin cırıldığını gördüyünü, ehtiyat təkərin dəyişməsi üçün alətin olmaması səbəbindən avtomobil ilə qəza işıqları yanılı vəziyyətdə, yavaş-yavaş bir qədər irəlidəki təkər təmiri yerinə qədər hərəkət etdiyini, daha sonra ehtiyyat təkər orada qoyulduqdan sonra hərəkətini davam etdirdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin məcəllənin 327- 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Bununla da həmin qərarda İXM-nin 76.1-ci maddəsində sadalanmış konkret hər hansı bir sübuta, həmçinin İXM-nin 77 – 83-cü maddələrində müəyyən edilmiş hər hansı bir sübut növünə istinad edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. xx.xx.2026-cı il tarixdə, saat 11:02-də 8 Noyabr pr – X9 yaxınlığı, Zığ istiqamətində “Mercedes E240 minik” markalı, 99CM012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda avtomobildə baş verən texniki nasazlıq üçün və ya başqa səbəblə dayanması iş materialları ilə müəyyən edilmir, bunu səlahiyyətli orqan sübut etməlidir. Fotoşəkilə baxış keçirilən zaman barəsində protokol tərtib edilmiş şəxsin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda avtomobili hansı səbəblə saxlamasına görə protokol tərtib edilməsi məhkəmə tərəfindən müəyyən edilməsi mümkün deyildir. Çünki protokol əsaslandırılmadığından və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən işin tam hərtərəfli və obyektiv aparılması mümkün olmamışdır. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X3nə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “X7” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən şikayət edilən qərarın ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla, şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalmasına gətirib çıxarar ki, bu da İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinin pozulması ilə nəticələnə bilər. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsi X3 tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33108548 nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması və məhkəmənin qərarında göstərilən halların araşdırılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi X3 tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33108548 nömrəli protokola əsasən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polisi İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar